Distant təhsil pandemiya dövründə həkimlərin davamlı təkmilləşməsinə imkan yaradıb
Səhiyyə Nazirliyinin Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) rektoru, tibb elmləri doktoru Nazim Qasımov onlayn müsahibə zamanı məlumat verib ki, rəhbərlik etdiyi təhsil ocağında onlayn ixtisasartırma və xüsusi təlim kursları öz fəaliyyətini fasiləsiz və tam həcmdə davam etdirir.
Onun sözlərinə görə, müasir dövrdə səhiyyənin yüksək səviyyəli mütəxəssislərə olan ehtiyacı tibb və əczaçılıq işçilərinin peşə bilik və bacarıqlarının daim təkmilləşdirilməsini tələb edir: “Son aylar ərzində dünyada COVID-19 pandemiyası ilə əlaqədar vəziyyət bir daha göstərir ki, distant təhsilin ölkəmizdə daha sürətli inkişafı olduqca vacibdir. Pandemiya dövründə ADHTİ-də onlayn tədris təkmilləşdirilib, genişləndirilib və indi institutun bütün kafedralarını əhatə edir. Dərslərin aparılmasında “Zoom” telekonfrans tətbiqindən istifadə olunur. Onlayn kursların coğrafiyası ölkəmizin bütün bölgələrini əhatə edir. Kursların davam etdirilməsi nəticəsində həkimlərin sertifikasiya prosesi də yarımçıq qalmayıb”.
Nazim Qasımov bildirib ki, Azərbaycanda COVID-19 virusu ilə mübarizədə vaxtında həyata keçirilən çevik və zəruri qabaqlayıcı tədbirlər nəticəsində kütləvi yoluxma hallarının qarşısı əhəmiyyətli dərəcədə alınıb: “Ə.Əliyev adına ADHTİ-nin Mikrobiologiya və epidemiologiya, Yoluxucu xəstəliklər, Anesteziologiya və reanimatologiya, Terapiya, Gigiyena kafedraları bu müddət ərzində yeni koronavirus infeksiyasına qarşı əksepidemik tədbirlər və biotəhlükəsizlik mövzularında təlim-treninqlər təşkil ediblər. Təlimlər fasiləsiz, bayram və istirahət günləri də daxil olmaqla, azsaylı qruplarda keçirilib. Həmin təlimlərdə ölkəmizin bir çox klinikaları, xəstəxana və poliklinikaları, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Mərkəzi Gömrük Hospitalı, Hava Nəqliyyatı Tibbi Sanitar İdarəsində çalışan mütəxəssislər iştirak ediblər”.
ADHTİ-nin rektoru vurğulayıb ki, hazırda səhiyyə sisteminin modernizasiyası və inkişafı şəraitində müasir tibbi texnologiyalardan, yeni diaqnostika, müalicə, profilaktika və reabilitasiya metodlarından istifadə edə bilən, onların kliniki, sosial və iqtisadi effektivliyini təmin edə bilən tibbi kadrlara böyük ehtiyac duyulur. O, tədris proqramlarının yenilənməsi və yeni konsepsiyanın standartlarına uyğunlaşdırılması üzrə aparılan işlər haqqında danışıb. Belə ki, ixtisaslar üzrə təhsil proqram-modulları mütəmadi yenilənir, aktual mövzularda tematik modullar hazırlanır və tədris olunur, müəllimlər tərəfindən yeni tədris materialları hazırlanır, kursların müddətinin qısaldılması, tədrisin gücləndirilməsi, tədris materiallarının müasirləşdirilməsi, simulyasion mərkəzin yaradılması, yeni klinik bazaların əldə edilməsi üçün müvafiq tədbirlər görülür.
Təhsil proqramlarının mənimsənilməsinin müxtəlif yeni texnoloji vasitələrdən geniş istifadə etməklə həyata keçirildiyini qeyd edən Nazim Qasımov bildirib ki, son illər ərzində institutun kafedralarında distant təhsilə xüsusi diqqət yetirilir: “ADHTİ-nin illik təqvim planında çoxsaylı səyyar/distant kurslar planlaşdırılıb. Belə ki, həkim kontingenti daha çox olan 6 ixtisas üzrə, ölkə ərazisi 10 zonaya bölünməklə, səyyar/distant kurslar elə planlaşdırılıb ki, artıq bölgələrdən bu ixtisaslı həkimlərin Bakıya gəlmələrinə ehtiyac qalmayıb. Təkcə 2019/2020-ci tədris ilində müxtəlif ixtisaslar üzrə 7000-ə yaxın bölgə həkimi bu distant kurslardan yararlanıb”.
Müsahibə zamanı distant təhsilin verdiyi geniş imkanlar haqqında da danışılıb. Nazim Qasımov bildirib ki, dinləyici özünə uyğun zaman və məkan çərçivəsində onlayn təlim imkanı qazanır: “Həmin portalda davamlı tibbi tədris materiallarının sayı 808-ə çatdırılıb. Bununla yanaşı, son dövrdə daha çox həkim-mütəxəssisin distant təhsildən yararlanmasına nail olmaq üçün institutda mühazirə dərslərinin videoarxivi də yaradılıb”.
Rektor pandemiya dövründə əyani beynəlxalq əlaqələrin çətinləşdiyi bir vaxtda Ə.Əliyev adına ADHTİ ilə Avstriya Həkimlər Akademiyası arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi, həkimlərin təkmilləşdirilməsi təhsilinin beynəlxalq səviyyəyə çıxarılması haqqında söhbət açıb: “Azərbaycan həkimləri indiki şəraitdə Avstriyanın tanınmış tibb mütəxəssislərinin iştirakı ilə onlayn təlim imkanlarından faydalana bilərlər. Bundan başqa, institutun professor-müəllim heyəti və rezidentlərinin Avstriyanın qabaqcıl klinikalarında uzunmüddətli stajkeçmə proqramlarında iştirakı da mümkün olub”.
ADHTİ-nin rektoru müsahibəsinin yekununda deyib: “Beləliklə, həkimlərimiz distant təhsilin verdiyi bütün imkanlardan yararlanırlar. Davamlı tibbi təhsilin fasiləsizliyinə nail olunub. Hesab edirəm ki, pandemiya və hərbi vəziyyət dövründə təhsil ocağımızın qarşısında qoyulmuş bütün vəzifələr uğurla yerinə yetirilib”.