Səhiyyə Nazirliyi yeni “Video Doktor” mobil tətbiqini istifadəyə verib
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən “Ezgil Medical Technologies” şirkətinin tərəfdaşlığı və BMT-nin İnkişaf Proqramının (UNDP) dəstəyi ilə distant tibbi konsultasiyaların həyata keçirilməsi üçün nəzərdə tutulmuş “Video Doktor” mobil tətbiqi hazırlanıb və istifadəyə verilib.
Milli texnoloji “start-up”ın məhsulu olan bu tətbiq COVID-19 pandemiyası dövründə tibb işçiləri və pasiyentlərin sağlamlığını qorumaq üçün aralarında yaxın təmasların azaldılması, vətəndaşların vaxtında və keyfiyyətli tibbi yardımla təmin olunması üçün hazırlanıb. Eyni zamanda, tətbiq xroniki xəstəlikləri olan və hazırda tibb müəssisələrinə gəlməkdə çətinlik çəkən pasiyentlərə tibbi diqqətdən kənarda qalmamaq imkanını yaradıb.
Yeni “Video Doktor” tətbiqindən istifadə həm həkimlər, həm də pasiyentlər üçün olduqca rahat və asandır. Tətbiqin köməyi ilə hər bir xəstənin tibbi kartının yalnız poliklinikalara deyil, həmçinin stasionar tibb müəssisələrinə də inteqrasiyası mümkün olur. Bu, xəstəliyin gedişatı və müalicə prosesini izləmək üçün imkan yaradır. Üstəlik, burada həkim tərəfindən xəstəyə yazılan bütün reseptlərlə də tanış olmaq mümkündür.
Onu da qeyd edək ki, bu mobil proqramın vasitəsilə xəstə qəbul vaxtını təyin etmək və ya müalicə ilə əlaqəli məsələlərə aydınlıq gətirmək üçün istənilən zaman həkimi ilə əlaqə saxlaya bilər. Bundan başqa, xəstə öz mövcud vəziyyəti, yəni temperaturu, nəbzi, təzyiqi, qanda şəkərin səviyyəsi haqqında məlumatı əldə edib, sonra onu müalicə edən həkiminə göndərə bilər. Öz növbəsində, həkimlər pasiyentləri xəstəxanadan çıxdıqdan sonra belə, onların vəziyyətlərini izləyə bilərlər. Hər hansı bir tətbiq istifadəçisi yerləşdiyi nöqtədən asılı olmayaraq, dünyanın istənilən yerindən özü haqqında məlumatları xaricdə yerləşən istənilən klinikanın həkimləri ilə asanlıqla bölüşə bilər. “Video Doktor” mobil proqramı həmçinin xəstələr üçün analiz cavabları, rentgen nəticələri, peyvəndlər və digər məlumatların hər zaman “əl altında” olmasını təmin edir. Eyni zamanda, həkimlər istənilən zaman bu tətbiqə daxil olaraq, xəstənin məlumat bazasını bir-birlərinə göndərə bilərlər. Tətbiqin daha bir faydalı funksiyasından yararlanmaqla, onlar öz aralarında diaqnoz və müalicə üsullarını onlayn şəkildə müzakirə etmək imkanı qazanırlar.
Evdə müalicə alan COVID-19 pasiyentlərinin müşahidəsi və müvafiq qayğı ilə əhatə olunması üçün Bakı şəhərinin poliklinikalarında uğurlu sınaqlardan keçmiş mobil tətbiqin digər dövlət və özəl tibb müəssisələri tərəfindən də istifadə olunması nəzərdə tutulub. Beləliklə, fərdi həkimlərin “Video Doktor”dan yararlanması pandemiya dövründə təmasların, xüsusilə də, tibb işçiləri və yüksək risk qrupuna aid xroniki xəstəlikləri olan pasiyentlərin yoluxma riskinin azaldılmasında əhəmiyyətli rol oynayır. Eyni zamanda, “Video Doktor” mobil tətbiqi tibbi xidmətlərin daha əlçatan olmasına kömək edir. Bu daha çox ölkənin ucqar kənd və qəsəbələrində yaşayan vətəndaşlar tərəfindən keyfiyyətli səhiyyə xidmətlərinin əldə edilməsinə aiddir.
Qeyd edək ki, artıq istifadəyə verilmiş “Video Doktor” mobil tətbiqi istənilən Android və IOS əməliyyat sistemli cihazlara, müvafiq olaraq Google Play (Play Market) və AppStore-dan asanlıqla yüklənilə bilər.