İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi jurnalistlər üçün təlim keçirib
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə ölkənin aparıcı media nümayəndələri üçün “KİV nümayəndələrinin icbari tibbi sığorta sahəsində məlumatlılığının artırılması” mövzusunda təlim keçirilib.
Təlimin əsas məqsədi media təsisatları ilə peşəkar kommunikasiyanı gücləndirməkdən, jurnalistlərin icbari tibbi sığorta sisteminin məqsədi, əhəmiyyəti, əhaliyə verəcəyi faydalar və səhiyyənin maliyyələşməsi haqqında məlumatlılıq səviyyəsini artırmaqdan ibarət olub.
Təlimdə agentliyin departament rəhbərləri Vüqar Qurbanov, Aynurə Əhmədova, şöbə müdirləri Şükür Eyvazov, Yadigar Mahmudzadə, koordinatorlar Səbinə Quliyeva və Nəsimi Nuriyev icbari tibbi sığortanın ölkə üzrə mərhələli tətbiqi və sığorta haqqı, xidmətlər zərfi və müştərək maliyyələşmə məbləği, səhiyyə işçilərinin əməkhaqlarına əlavələrin tətbiqi, tibb müəssisələrinin və tibb işçilərinin kütləvi informasiya vasitələri ilə əməkdaşlığı mövzularında çıxışlar ediblər.
Təlimdə icbari tibbi sığortanın ölkə üzrə mərhələli tətbiqi ardıcıllığı, icbari tibbi sığorta haqqının hesablanması və icbari tibbi sığorta çərçivəsində həyata keçirilmiş ürək əməliyyatı ilə bağlı videoçarxlar nümayiş olunub.
Sual-cavab sessiyasında jurnalistləri maraqlandıran məsələlər agentliyin əməkdaşları tərəfindən cavablandırılıb.
Təlim iştirakçılarına sertifikatlar təqdim olunub.