Sinir-əzələ xəstəlikləri üzrə I Bakı Beynəlxalq Konfransı
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında Sinir-əzələ xəstəlikləri üzrə I Bakı Beynəlxalq Konfransı keçirilib.
Tədbirdə çıxış edən ATU-nun rektoru, professor Gəray Gəraybəyli Milli Nevroloqlar Assosiasiyası ilə uzun illərdir əməkdaşlıq etdiklərini bildirib, beynəlxalq konfransı bu əməkdaşlığın göstəricisi adlandırıb. Rektor qeyd edib ki, ATU-da nevrologiyanın, xüsusən də, sinir-əzələ xəstəliklərinin öyrənilməsinə diqqət edilir, onların müalicəsində yeni yanaşmalar nəzərə alınır.
Milli Nevroloqlar Assosiasiyasının prezidenti, professor Rəna Şirəliyeva bildirib ki, belə elmi konfransların keçirilməsi artıq bir ənənəyə çevrilib. Onun sözlərinə görə, beynəlxalq tədbirlər Azərbaycan alimlərinin inkişafı üçün çox faydalıdır: “Belə konfranslar həkimlərin nəzəri və praktik biliklərini artırmasına, qarşılıqlı fikir mübadiləsi aparmağa kömək edir”. Professor R.Şirəliyeva konfrans çərçivəsində təlim kurslarının da keçirilməsinin nəzərdə tutulduğunu bildirib.
Konfrans öz işini elmi məruzələrlə davam etdirib. Almaniya, Gürcüstan, Azərbaycan və Rusiyadan olan mütəxəssislərin iştirak etdiyi beynəlxalq konfransda əzələ-sinir xəstəliklərinin müasir diaqnostikası və müalicəsinə dair xarici mütəxəssislər tərəfindən yeni məlumatlar paylaşılıb. Tədbirdə müxtəlif dərəcəli sinir-əzələ, genetik nevroloji patologiyaların diaqnostik meyarları, neyrofizioloji diaqnostika üsulları haqqında müzakirələr aparılıb.
Konfransda həmçinin elektroneyromioqrafiya diaqnostik metodu üzrə təməl və təkmil səviyyələrdə təlim keçirilib.