Ölkəmiz malyariyanın eliminasiyasının sertifikatlaşdırılması üçün ÜST-yə müraciət edib
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, malyariya parazitar xəstəliklər içərisində çox geniş yayılıb və dünya əhalisinin 41 faizdən çoxu ona yoluxma riski altında yaşayır. Hər il dünyanın 100-dən çox ölkəsində orta hesabla 300-500 milyon nəfər həmin xəstəliyə yoluxur və il ərzində 1,5-2,7 milyon nəfər malyariyanın qurbanına çevrilir.
Azərbaycanda keçən əsrin 90-cı illərinin əvvəllərində sosial-siyasi vəziyyətin pisləşməsi, əhali arasında xaotik miqrasiyanın, 1 milyondan çox qaçqın və məcburi köçkünün olması nəticəsində malyariya xəstəliyi geniş miqyasda yayılaraq, ölkə ərazisinin 80 faizini əhatə edib.
O zaman epidemioloji vəziyyətlə əlaqədar ÜST-nin tövsiyələrinə müvafiq olaraq Milli Proqram hazırlanıb. Onun uğurla həyata keçirilməsi nəticəsində epidemiyanın genişlənməsinin qarşısı alınıb, xəstələnmə səviyyəsi ilbəil azalmağa başlayıb. Aparılan kompleks əks-epidemik tədbirlər sayəsində ölkəmizdə malyariyanın eliminasiyasına nail olunub və 2013-cü ildən etibarən ona yoluxma halları müşahidə edilməyib.
Malyariyaya yoluxma hallarının kəsilməsinə nail olan ölkələr xəstəliyin eliminasiyasının sertifikatlaşdırılması üçün ÜST-yə müraciət edirlər. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən də bu quruma müraciət olunub və müsbət rəy alınıb.
Bu günlərdə sertifikasiya prosesinə hazırlığın təmin edilməsi və gələcəkdə Beynəlxalq Sertifikasiya Komissiyası ilə səmərəli əməkdaşlıq etmək məqsədilə aidiyyətli dövlət qurumlarının mütəxəssislərindən ibarət Sertifikasiya Komitəsinin birinci toplantısı keçirilib.
Qeyd edək ki, malyariyadan azad ölkə kimi sertifikatlaşdırma prosesi dövlət və beynəlxalq səviyyədə ciddi rezonansa səbəb olur. Onun nəticəsi turizmin, biznesin, qarşılıqlı tələbə mübadiləsinin və bir çox digər sahələrin inkişafına öz təsirini göstərir.