Ümumdünya Hemofiliya Günü

Ümumdünya Hemofiliya Günü

Hemofiliya qanın laxtalanması prosesinin pozulması ilə əlaqədar olan irsi xəstəlikdir. Bu xəstəlik zamanı oynaqlara, əzələlərə və daxili orqanlara öz-özünə zədə və ya cərrahi müdaxilə nəticəsində qanaxma baş verir. Hətta xırda zədələr səbəbindən hemofiliyalı xəstələrin beyninə və ya digər orqanlarına qan axmasının ölümlə nəticələnməsi ehtimalı yüksəkdir. Hemofiliyanın ağır formasından əziyyət çəkən xəstələr oynaq və əzələlərə tez-tez qan axması nəticəsində əlillik vəziyyətinə düşürlər. Bəzi məlumatlara görə, hazırda dünyada hemofiliya xəstələrinin sayı 400 min nəfərə çatır.
Hemofiliyadan əziyyət çəkən insanların hər gün üzləşdiyi problemlərə dünya ictimaiyyətinin, siyasətçilərin və səhiyyə işçilərinin diqqətini cəlb etmək, bu barədə onların məlumatını artırmaq məqsədi ilə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) və Dünya Hemofiliya Federasiyasının təşəbbüsü ilə aprelin 17-si – Dünya Hemofiliya Federasiyasının yaradıcısı Frenk Şnaybelin doğum günü Ümumdünya Hemofiliya Günü elan edilib.
Bu barədə Ümumdünya Hemofiliya Günü münasibətilə “Azərbaycanda hemofiliya: problemlə necə mübarizə aparmalı” mövzusunda keçirilən mətbuat konfransında məlumat verilib.
Konfransda Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Hemofiliya Mərkəzinin rəhbəri, dosent Elmira Qədimova son illər ölkəmizdə hemofiliyalı xəstələrə göstərilən tibbi xidmətin səviyyəsinin xeyli yüksəldiyini və qoyulan diaqnoza görə hətta Avropa ölkələrindən geri qalmadığını bildirib. Onun verdiyi məlumata görə, 2005-ci ildə ölkəmizdə 980 nəfər hemofiliya xəstəsi qeydiyyata alınmışdı. Hazırda isə qeydiyyatda 1633 nəfər belə xəstə var, onların 80 faizindən çoxu yaşı 15-dən yuxarı olanlardır. Mərkəzin rəhbəri onu da qeyd edib ki, müvafiq dövlət proqramı çərçivəsində hemofiliyalı xəstələrə göstərilən tibbi xidmət sayəsində onların həyat şəraiti yaxşılaşır, əlilliyin və ölüm hallarının sayı azalır. Həmin xəstələr üzərində nəinki cərrahi, hətta endoprotez əməliyyatları aparılır. Artıq 4 xəstə üzərində belə əməliyyat aparılıb.
Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədr müavini Ayaz Hüseynov Mirqasımov adına Respublika Kliniki Xəstəxanasında, Gəncədə A.Səhhət adına xəstəxanada və Şirvanda hemofiliyalı xəstələr üçün fizioterapiya kabinetləri barədə danışıb. O, ötən il Naxçıvanda da həmin mərkəzin yaradılması üçün işlərə başlanıldığını qeyd edib. Bu sahədə olan uğur və yeniliklərdən bəhs edən sədr müavini xəstələrin dərmanları daha yaxın məsafədən əldə etməsi, tibbi-genetik laboratoriyaların yaradılması, kadr hazırlığının yaxşılaşdırılması, eləcə də bu sahədə xidmətin təkmilləşdirilməsi məqsədi ilə digər zəruri tədbirlərin görülməsi üçün aparılan işlər barədə məlumat verib.
Şirvan Regional Hemofiliya Mərkəzinin rəhbəri Təranə Cəlilova rəhbərlik etdiyi tibb müəssisəsinin 2014-cü ildə yaradıldığını deyib, hazırda burada 9 rayondan hemofiliyalı xəstələrə göstərilən tibbi yardım barədə danışıb.
Mətbuat konfransında hemofiliyalı xəstələri, eləcə də jurnalistləri maraqlandıran suallar cavablandırılıb.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova