Vena xəstəliklərinin müasir operativ müalicə üsulları müzakirə olunub
Vena damarları qanın beyin və ətraflardan, digər orqanlardan ürəyə qayıtmasına xidmət edir. Həmin damarlardakı problemlər vena trombozlarına və ya ağciyər emboliyası adlandırılan ölümcül hadisələrə səbəb olur. Uşaqlıq qanaxmaları ilə yanaşı, vena xəstəlikləri ana ölümlərinin əsas səbəblərindən biri kimi də xarakterizə olunur. Müasir dövrdə ağciyər emboliyasının qarşısını almağın çoxlu operativ üsulları var.
Bu barədə Respublika Müalicə Diaqnostika Mərkəzində (RMDM) keçirilən “Mərkəzi və dərin vena xəstəliklərinin multidissiplinar müalicəsində yeni üfüqlər” mövzusunda konfransda danışılıb.
Tədbirdə qeyd edilib ki, son illər xroniki böyrək çatışmazlığı xəstələrində hemodializ üçün, onkoloji xəstələrdə uzunmüddətli kimyaterapiya müalicələri və ya reanimasiya – böyük əməliyyatlarda istifadə edilən mərkəzi venoz kateterizasiya ilə əlaqədar xroniki venadaralma və tutulmaları həyat keyfiyyətini pozan patologiyalardır.
Mərkəzin şöbə müdiri, professor Əhməd Memiş venoz xəstəliklərə giriş və endovaskulyar müalicə, ürək-damar cərrahı Anar Əmrah dərin vena trombozu və pulmonar tromboemboliyada müasir yanaşma, cərrah-uroloq, tibb üzrə fəlsəfə doktoru Rəşad Şolan hemodializ xəstələrində arteriovenoz fistul və problemlərin cərrahi həlli, həkim-radioloq Ağakişi Yəhyayev periferik venoz tromboz, endovaskulyar müalicə və cava filtrləri barədə məruzə ediblər.
Konfrans iştirakçılarına sertifikatlar verilib.
Yeri gəlmişkən, bir neçə gün əvvəl üzərində öd kisəsi əməliyyatı aparılmış 34 yaşlı qadın xəstə sol aşağı ətrafda kəskin ağrıların olması və bütün aşağı ətrafda şişkinlik yaranması ilə əlaqədar Respublika Müalicə Diaqnostika Mərkəzinə müraciət edib.
Aşağı ətraf venalarının doppler müayinəsi zamanı xəstənin keçirdiyi əməliyyatın fəsadı kimi sol aşağı ətraf venalarının və qalça venasının kəskin trombozu (tıxanması) aşkarlanıb.
İnvaziv radioloq Ağakişi Yəhyayev ən düzgün müalicə üsulu seçib. O, venadan daxil olaraq trombun içi ilə aşağı boş venaya qədər uzun kateter və həmin kateterin içərisindən xüsusi ultrasəs dalğalarını buraxan cihaz yerləşdirib. Həmin cihaz trombu ultrasəs dalğaları vasitəsilə xırda-xırda döyəcləyərək hissələrə ayırır və dərmanların onu daha tez əritməsinə imkan yaradır. Bütün bunlarla yanaşı, aşağı ətraflardakı venalardan qopan trombun ağciyərə gedib emboliya törətmək riskinin qarşısını almaq üçün həmin prosedurlardan əvvəl aşağı boş venaya filtr yerləşdirilir.
Seçilən düzgün yanaşma və üç gün ərzində aparılan intensiv müalicə tədbirləri nəticəsində tromb tam ötüşüb, xəstənin şikayətləri aradan qalxıb və o, sağlam şəkildə evə yazılıb.