Dünya Xərçəng Əleyhinə Mübarizə Günü

Dünya Xərçəng Əleyhinə Mübarizə Günü

2005-ci ildən başlayaraq hər il fevralın 4-ü Beynəlxalq Xərçəng Əleyhinə İttifaq tərəfindən Dünya Xərçəng Əleyhinə Mübarizə Günü kimi qeyd edilir. Həmin günün təsis edilməsinin başlıca məqsədi diqqəti bu qlobal problemə yönəltmək, eləcə də xərçəng xəstəliyinin təhlükəlilik dərəcəsi və onun yeni müalicə üsullarını dünya ictimaiyyətinə çatdırmaqdır.
Xərçəng orqanizmin hər hansı hissəsində anomal hüceyrələrin sürətlə inkişaf edərək əhatəsini genişləndirməsi ilə özünü büruzə verən yüzdən çox xəstəliyin ümumi adıdır. Bu patoloji proseslərin yaranma səbəblərini dəqiq müəyyən etmək mümkün olmasa da, erkən müdaxilə nəticəsində həmin xəstəliklərin təxminən üçdə bir hissəsinin inkişafının qarşısını almaq olur. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, kansoregen olduğu müəyyənləşmiş maddələrdən uzaq durmaqla xərçəngə yoluxma hallarını 40 faizə qədər azaltmaq mümkündür. Xərçəngin əksər növlərində xəstəliyin ilkin mərhələlərdə aşkarlanması və düzgün aparılan müalicə nəticəsində sağalma ehtimalı çox yüksəkdir. Elə buna görə də 2019-2021-ci illərdə Dünya Xərçəng Əleyhinə Mübarizə Günü "Mən varam və olacağam" şüarı altında keçirilir.
Həmin gün son illər Azərbaycanda da bir çox tədbirlərlə, aksiyalarla qeyd olunur. Bu il də Bakıda Xərçənglə Mübarizə Günü münasibətilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin (MOM) təşkilatçılığı ilə III Azərbaycan onkologiya və nüvə təbabəti simpoziumu keçirilib.
Azərbaycan onkoloqları ilə yanaşı, Avstriya, İsveçrə və Türkiyənin ən nüfuzlu tibbi mərkəzlərinin aparıcı mütəxəssislərinin də iştirak etdiyi beynəlxalq səhiyyə forumunu giriş sözü ilə açan MOM-nin baş direktoru, akademik Cəmil Əliyev xərçəng xəstəlikləri üzrə Azərbaycanın aparıcı tibb müəssisəsi olan bu Mərkəzdə son illərdə görülən işlərdən danışıb. Müasir dünyada onkoloji xəstəliklərin dinamikasının artmasını təəssüflə qeyd edən akademik müvafiq beynəlxalq strukturların bu sahədə mübarizəni gücləndirməsinin və birgə səylərin koordinasiyasının zəruriliyini xüsusi vurğulayıb.
Tədbirdə çıxış edən MOM baş direktorunun birinci müavini, professor Əziz Əliyev son illər Azərbaycanda bütün sahələrdə, o cümlədən tibb sahəsində mühüm uğurlar əldə edildiyini diqqətə çatdırıb. Natiq Milli Onkologiya Mərkəzinin onkoloji xəstələrin müalicəsi üçün yeni texnologiyaların istehsalçısı olan aparıcı şirkətlərlə əməkdaşlıq etməsindən və rəsmi referens-mərkəz statusunu almasından danışıb.
Simpoziumda müasir ümumi onkologiyanın və nüvə təbabətinin problemləri müzakirə olunub, xərçəngin profilaktikası və müalicəsində tətbiq edilən ən son metodlara dair məruzələr dinlənilib. Sessiyalarda MOM baş direktorunun birinci müavini, professor Əziz Əliyev, Beynəlxalq Atom Enerjisi Agentliyinin baş inspektoru, professor Françesko Giammarile, MOM Nüvə təbabəti şöbəsinin müdiri Fuad Novruzov, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının məsul işçisi, BMT Beynəlxalq Mükafatlar Şurasının İsveçrə ofisinin rəhbəri Mehmet Şükrü Güzel, Bern Universitetinin Nüvə təbabəti bölməsinin rəhbəri professor Aksel Rominger, Ankara Universitetinin Nüvə təbabəti bölməsinin professoru Özləm Küçük və başqaları müxtəlif mövzularda məruzələrlə çıxış ediblər.
Tədbirdə akademik Cəmil Əliyevə rəhbərlik etdiyi Mərkəzin Azərbaycanda göstərdiyi çoxillik səmərəli fəaliyyətinə və onkologiya sahəsində bütün dünyada qəbul olunmuş yüksək elmi-praktik nailiyyətlərinə görə Birləşmiş Millətlər Təşkilatının “Elm və sülh elçisi” fəxri mükafatı təqdim edilib. Mükafatı akademik C.Əliyevə verən BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının məsul işçisi, BMT Beynəlxalq Mükafatlar Şurasının Cenevrə ofisinin rəhbəri Mehmet Şükrü Güzel Milli Onkologiya Mərkəzinə və onun rəhbərinə yeni nailiyyətlər arzulayıb.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova