Azərbaycanda İİV infeksiyası məhdud təmərküzləşmiş mərhələdə qalır
Azərbaycan insanın immunçatışmazlığı virusu (İİV) infeksiyasına yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxildir. Burada epidemiya əsasən yüksək riskli qruplara aid olan əhali təbəqəsi, o cümlədən inyeksion narkotik istifadəçiləri arasında yayılıb. Daimi nəzarət və hərtərəfli təminat sayəsində İİV infeksiyasının yayılması məhdud təmərküzləşmiş mərhələdə saxlanılıb.
Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu ilin ilk altı ayı ərzində 306 nəfərin İİV-ə yeni yoluxma halı qeydə alınıb. Onlardan 298-i (97,4 faizi) Azərbaycan vətəndaşları, 8-i (2,6 faizi) isə əcnəbilərdir. Qeydiyyata alınmış 298 yerli sakindən 193-ü (64,8 faiz) kişi, 105-i (35,2 faiz) qadındır. Bu dövr ərzində 74 nəfər İİV-ə yoluxmuş Azərbaycan vətəndaşında xəstəlik QİÇS mərhələsinə keçib, 19 nəfər İİV infeksiyasından vəfat edib.
Birinci yarımil ərzində xəstələrin virusa yoluxma səbəbləri müəyyənləşdirilib. Belə ki, onlardan 33 nəfəri (11,1 faiz) parenteral yolla, 173 nəfəri (58,1 faiz) heteroseksual, 20 nəfəri (6,7 faiz) homoseksual kontakt nəticəsində, 2 nəfəri (0,7 faiz) şaquli yolla xəstəliyə yoluxub. Yetmiş nəfərin (23,5 faiz) bu xəstəliyə yoluxma səbəbi araşdırılır.
Ümumilikdə, Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkar edildiyi 1987-ci ildən 2018-ci ilin iyul ayınadək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV-ə yoluxmuş 5937 nəfər rəsmi qeydiyyata düşüb. Onlardan 4204-ü (70,8 faizi) kişi, 1733-ü (29,2 faiz) qadındır. Xəstəliyin QİÇS mərhələsində olan ölkə vətəndaşlarının sayı 2080, İİV infeksiyasından dünyasını dəyişmiş vətəndaşların sayı isə 904 nəfər olub.
Mərkəz tərəfindən qeydiyyata götürülənlərin 43,9 faizində İİV-ə yoluxma səbəbi kimi inyeksion narkotik istifadəsi, 43,6 faizində heteroseksual, 2,5 faizində isə homoseksual kontakt, 1,7 faizində anadan uşağa keçməsi göstərilir. Qeydiyyatda olanlardan 8,3 faizində yoluxma yolu hələlik müəyyən edilməyib.
Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzində virus daşıyıcılarına profilaktika, müalicə, qulluq və dəstək göstərilməsi istiqamətində tədbirlər görülməsini təmin edir. Təqribən 12 ildir ki, tətbiq edilən antiretrovirus terapiyaya hazırda İİV-lə yaşayan 4568 xəstə cəlb olunub. Onlardan 361 nəfərin müalicəsinə bu ilin ilk 6 ayı ərzində başlanılıb.
Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi çərçivəsində bu ilin 6 ayı ərzində 64 786 şəxs İİV-ə görə müayinəyə cəlb olunub və 69 nəfərdə ilkin İİV testi müsbət nəticə ilə sonlanıb.
Əvvəlki illərdə olduğu kimi, bu ilin birinci yarısında da mərkəzin əməkdaşlarının təşəbbüsü ilə İİV və QİÇS-lə bağlı maarifləndirmə işləri aparılıb. Orta və ali məktəblərdə şagirdlər və tələbələr üçün infeksiyanın profilaktikasına həsr olunmuş məruzə, seminar və təlimlər keçirilib.