Türkiyənin Hacettepe Universiteti ilə Azərbaycan Tibb Universiteti arasında protokol imzalanıb
Azərbaycan Tibb Universitetində (ATU) bu ali məktəbin rektoru, professor Gəray Gəraybəyli ilə Türkiyənin Hacettepe Universitetinin rektoru Haluk Özenin görüşü olub. İki ali tibb təhsili müəssisəsi arasında əməkdaşlığa dair protokol imzalanıb.
Görüşdə G.Gəraybəyli Azərbaycanın qocaman ali məktəblərindən biri olan Tibb Universitetinin tarixi, fəaliyyəti və tədris sistemi haqqında ətraflı məlumat verib. Rektor son illər tədris səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilən islahatlar və ikipilləli tədris sistemi barədə danışıb, bildirib ki, ölkə rəhbərinin dəstəyi ilə universitetin nəzdində yaradılan tədris klinikaları həm yüksək səviyyəli müalicə aparılması, həm də tələbə və rezidentlərin daha keyfiyyətli təhsil almaları üçün atılan mühüm addımdır.
G.Gəraybəyli həlli vacib olan bir sıra məsələlərə də toxunub: “Tədris proqramının beynəlxalq standartlara uyğunlaşdırılmasına böyük ehtiyac var. Belə ki, tələbələrimiz mübadilə proqramları çərçivəsində Türkiyəyə və digər ölkələrə gedirlər. Lakin bu zaman proqramların uyğun gəlməməsi ciddi narahatlıq yaradır. Gələcəkdə tədris proqramının tam beynəlxalq standartlara uyğunlaşdırılması tələbə mübadiləsinin genişlənməsinə, daha dinamik təhsilə imkan verəcək”.
H.Özen rəhbərlik etdiyi ali təhsil ocağının ötən əsrin 60-cı illərində tam fərqli təhsil sistemi ilə işə başladığını bildirib. Hazırda 14 fakültədən ibarət olan Hacettepe Universitetində 5 peşə məktəbi, klinikaları və 100-dən çox araşdırma mərkəzi fəaliyyət göstərir.
Türkiyə universitetinin rektoru deyib: “Həmin vaxt tətbiq etdiyimiz sistem çoxları tərəfindən qəbul edilməsə də, növbəti 20 il ərzində bütün Türkiyə həmin sistemə keçdi. Bildiklərimiz çox olsa da, mükəmməl deyilik, sizdən də öyrənəcəyimiz çox şey var. Məsələn, tanış olduğumuz Anatomiya muzeyi bizi çox heyrətləndirdi. Belə bir muzeyin yaradılması və saxlanılması böyük zəhmət tələb edir”.
Türkiyəli rektor azərbaycanlı həmkarı ilə tələbə mübadiləsi, tədris proqramının yenilənməsi və digər məsələlərdə əməkdaşlıq barədə müzakirələr aparıb.
Tibb Universitetinin elmi işlər üzrə prorektoru Rauf Bəylərov hər il təhsil ocağında türkiyəli mütəxəssislərin iştirakı ilə mühazirə, təlim və beynəlxalq elmi konfransların təşkil olunduğunu bildirərək, gələcəkdə universitet əməkdaşlarının birgə elmi işlər aparmasının mümkünlüyünü də söyləyib.
ATU-nun beynəlxalq işlər üzrə prorektoru Nadir Zeynalov ali məktəblər arasında əməkdaşlığa dair memorandumun əsas istiqamətləri barədə məlumat verib. Prorektor həmin istiqamətlərə rezidentlərin və tələbələrin mübadiləsi, qarşılıqlı təcrübə, akademik araşdırma aparılması, tədris proqramının öyrənilməsi, mədəni proqramlarda işbirliyi, birgə konfrans və seminarların təşkili və bir sıra digər tədbirlərin daxil olduğunu bildirib.
Türkiyəli qonaqlara döş nişanı və xatirə hədiyyələri təqdim olunub.