Beynəlxalq Diş Əti Sağlamlığı Gününə həsr olunan seminar keçirilib
Hər il may ayında bir sıra ölkələrdə Beynəlxalq Diş Əti Sağlamlığı Günü qeyd olunur. Avropa Parodontoloqlar Federasiyasının təşəbbüsü ilə keçirilməyə başlayan bu gün ictimaiyyətin gingivit və parodontit kimi diş xəstəliklərinə daha çox diqqət ayırması, diş əti sağlamlığının vacibliyi haqqında məlumatın artırılması məqsədi daşıyır. Bu il Avropa Diş Əti Sağlamlığı Günü həmin xəstəliklərlə mübarizə üzrə milli cəmiyyətlərin təşkil etdiyi beşinci məlumatlandırma günü kimi qeyd olunub.
Beynəlxalq günün əlaqələndiricisi Ksavye Struilunun dediyinə görə, diş əti sağlamlığı orqanizmin ümumi sağlamlığının əsas amillərindəndir və onun xəstəliyi ictimai səhiyyənin aktual problemlərindən biri kimi hətta ürək-damar və serebrovaskulyar xəstəliklər də daxil olmaqla, çox ciddi xəstəliklərə səbəb ola bilər: “Diş ətlərinin sağlamlığı bizə neçə-neçə həyatı xilas etməyə, sağlamlıq üçün narahatlıq doğuran bir sıra halları aşkarlamağa və vaxtında qarşısını almağa, bununla yanaşı, tibbə sərf olunan milyardlarla vəsaitə qənaət olunmasına kömək edir".
Bu il “Sağlam həyat sağlam diş əti ilə başlayır” şüarı altında keçirilən Beynəlxalq Diş Əti Sağlamlığı Günü münasibətilə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda (ADHTİ) seminar təşkil edilib. Təkmilləşdirmə kursuna cəlb olunan həkim-stomatoloqların iştirak etdiyi seminarda ADHTİ-nin Stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının professoru, tibb elmləri doktoru Mahir Əliyev, kafedranın dosenti, tibb üzrə fəlsəfə doktoru Rəhim Qarayev və Azərbaycan Parodontologiya Cəmiyyətinin prezidenti, tibb üzrə fəlsəfə doktoru Cavid Əhmədbəyli maarifləndirmə günü haqqında ətraflı məlumat veriblər. Diş əti xəstəliklərinin erkən diaqnostikası və müasir müalicə-profilaktika protokolları mövzularında məruzələr dinlənilib. Müxtəlif mövzularda həkimlərlə interaktiv müzakirələr aparılıb və onları maraqlandıran suallara ətraflı cavab verilib.