Narkomaniya ilə mübarizə günün tələbidir
Respublika Narkoloji Mərkəzi (RNM) Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramın” aidiyyətli bəndləri üzrə üzərinə düşən vəzifələri 2017-ci il ərzində də uğurla yerinə yetirib.
Mərkəzdən verilən məlumata görə, ötən ilin sonuna ölkə üzrə qeydiyyatda 30131 nəfər narkotik istifadəçisi, o cümlədən 21038 nəfər opioid, 9093 nəfər kannabioid istifadəçisi olub. Onlardan 25139 nəfəri dispanser qeydiyyatında olanlar, 4992 nəfəri isə profilaktik qeydiyyata alınanlardır. Bunların arasında qadınların ümumi sayı 595 nəfərdir. 21038 nəfər inyeksion narkotik istifadəçisindən 470 nəfəri qadındır. Mərkəzdə həmçinin 212 nəfər toksikoman qeydiyyatdadır.
Narkotik istifadəçilərinin 2115 nəfəri (1566 nəfər dispanser, 549 nəfər profilaktik qeydiyyatda olanlar) 2017-ci il ərzində qeydiyyata götürülüb. Keçən il qeydiyyatdan çıxarılanların ümumi sayı isə 1432 nəfər (488 nəfər dispanser, 944 nəfər profilaktik) olub.
Məlumatda bildirilir ki, Respublika Narkoloji Mərkəzi başqa qurumlarla əməkdaşlıq çərçivəsində digər vəzifələrini də uğurla icra edib. Belə ki, RNM-in nümayəndələri qanunsuz dövriyyədən müsadirə edilmiş narkotik vasitələrin 13 iyul və 30 noyabr 2017-ci il tarixlərində məhv olunmasında iştirak ediblər. İl ərzində Ədliyyə Nazirliyi tərəfindən Mərkəzə göndərilmiş şəxslər məhkəmə-narkoloji tibbi yoxlamadan keçirilib. 2017-ci il ərzində ekspertizadan keçən 3122 nəfərdən 1668-nə məcburi müalicə təyin olunub. Narkomaniya xəstəliyinə düçar olmuş 32 nəfər mülki işlə bağlı narkoloji tibb müəssisəsində məcburi müalicə edilib, onlardan 15-nin müalicəsi hazırda davam edir.
Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Narkotik vasitələr haqqında (1961), Psixotrop maddələr haqqında (1971), Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında (1988) Konvensiyalarına qoşulub. Bununla əlaqədar, Səhiyyə Nazirliyi tərəfindən BMT-nin Narkotiklərə Nəzarət üzrə Beynəlxalq Komitəsinə narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə əlaqəli mütəmadi olaraq hesabatlar göndərilir.
RNM-in mütəxəssisləri BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsinin Mərkəzi Asiya üzrə Regional Ofisi tərəfindən Astanada (Qazaxıstan), Qlobal Fondun Kiyevdə (Ukrayna), BMT-nin Narkotik Vasitələr üzrə Komissiyasının Vyanada (Avstriya) keçirdikləri tədbirlərdə iştirak ediblər.
Respublika Narkoloji Mərkəzində sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə tibbi müayinələr də aparılır. 2017-ci ildə bu müayinələrdən 29068 nəfər keçib. Onlardan 1626 nəfər narkotik vasitələrin istifadəsinə görə müayinə olunub və 942 nəfərdə onlar aşkarlanıb.
Keçən il RNM-də müalicə alan 3412 pasiyentdən 1222 nəfəri alkoqol, 1955-i opioidlərin qəbulu nəticəsində psixi və davranış pozuntuları, 235 nəfər isə digər diaqnozlarla müalicəyə qəbul edilib. Mərkəzdə həmçinin Metadonla əvəzedici müalicə proqramı həyata keçirilir. Bu proqram üzrə fəaliyyət göstərən iki məntəqədə 224 xəstə müalicə alır ki, onlardan 173 nəfəri RNM-də, 51 nəfəri isə Respublika QİÇS-lə Mübarizə Mərkəzindədir.
Səhiyyə Nazirliyinin müvafiq əmrinə əsasən RNM-də yaradılmış İİV infeksiyası üzrə könüllü məsləhət və müayinə məntəqəsində 2017-ci il ərzində 2857 nəfər müayinədən keçib, onlardan 107 nəfərdə yoluxma aşkarlanaraq, təsdiq üçün QİÇS-lə Mübarizə Mərkəzinə göndərilib. 81 nəfərdə diaqnoz təsdiqlənib.
RNM-dən verilən məlumatda o da bildirilir ki, Mərkəzin mütəxəssisləri narkomaniya ilə mübarizə sahəsində maarifləndirmə üzrə xeyli iş görürlər. Onlar maarifləndirici materiallar, xüsusi prezentasiyalar, əyani tədris vasitələri hazırlayır, narkotiklərdən istifadənin fəsadları və zərərli nəticələri ilə bağlı vaxtaşırı aksiyalar, kampaniyalar, tədbirlər keçirir, kütləvi informasiya vasitələrində çıxışlar edirlər.