Azərbaycan ÜST-nin Dərman Vasitələrinin Monitorinqi proqramının tam hüquqlu üzvü oldu
Ölkəmiz Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Beynəlxalq Dərman Vasitələrinin Monitorinqi proqramına qoşulub və bu ilin yanvar ayında onun 130-cu tamhüquqlu üzvü kimi quruma qəbul edilib. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) ölkəmizdə proqramın Milli Farmakonəzarət Mərkəzi təyin edilib.
Qurum artıq xeyli vaxtdır ki, dünya üzrə bu proqramın icrasına məsul olan Uppsala Dərman Monitorinqi Mərkəzi (UDM) ilə əlaqələr yaradıb və ölkəmizdə onu həyata keçirməyə başlayıb. AEM-in Farmakonəzarət sektoru proqramın icrası üçün tələb olunan normativləri yerinə yetirib. Bu məqsədlə AEM Milli Farmakonəzarət Mərkəzinin fəaliyyətində bütün tələblərin gerçəkləşdirilməsi üçün şərait yaradıb. Ötən dövr ərzində Uppsala Dərman Monitorinqi Mərkəzinin “Vigiflow” proqramı alınıb, Azərbaycanda istifadədə olan dərman vasitələrinin əlavə təsirlərinin həmin proqram vasitəsilə UDM-in “Vigibase” - dünya dərman vasitələrinin əlavə təsirləri bazasına göndərilməsinə başlanılıb. Sektorun əməkdaşları sahə üzrə müvafiq beynəlxalq treninq kurslarında iştirak edərək təcrübə qazanıblar.
Görülən işlərin nəticəsi olaraq ölkəmizin ÜST tərəfindən 130-cu tamhüquqlu üzv kimi Beynəlxalq Dərman Vasitələrinin Monitorinqi Proqramına qəbul edilməsi Azərbaycanın səhiyyə və əczaçılıq sahəsində beynəlxalq əməkdaşlıqda etibarlı tərəfdaş kimi tanınmağının göstəricisidir. AEM Milli Farmakonəzarət Mərkəzi olaraq dərman vasitələrinin təhlükəsizliyi və səmərəliliyi üçün tələb olunan bütün işləri icra edir və beynəlxalq əməkdaşlığı genişləndirir. Bununla yanaşı, beynəlxalq tələbləri nəzərə alaraq, Səhiyyə Nazirliyi farmakoloji nəzarət işlərinin icrası üçün “Dərman vasitələri haqqında” Qanuna dəyişikliklərin edilməsi barədə təklifləri Milli Məclisin Səhiyyə komitəsinə göndərib.