Gəncədə ginekoloq və onkoloqların elmi-praktik konfransı
Səhiyyə Nazirliyinin dəstəyi, Respublika Perinatal Mərkəzinin təşkilatçılığı ilə Gəncə şəhərində ölkənin qərb bölgəsinin mama-ginekoloq və onkoloqları üçün elmi-praktik konfrans təşkil edilib.
Gəncə Səhiyyə İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, “Vaginal ekosistemin bərpasına innovativ yanaşma” mövzusunda keçirilən, Azərbaycanda bu sahədə ilk dəfə olaraq akkreditasiya edilmiş konfrans regionlarda mamalıq, ginekologiya və onkologiya sahəsində çalışan həkimlərin bilik və bacarıqlarını artırmaq məqsədi daşıyıb.
Bu bölgədən 100-dən çox həkimin qatıldığı tədbiri giriş sözü ilə açan Respublika Perinatal Mərkəzinin direktoru, Səhiyyə Nazirliyinin mamalıq-ginekologiya üzrə baş mütəxəssisi Sevinc Məmmədova bildirib ki, bu sahədə çalışan həkimlər öz gündəlik fəaliyyətləri zamanı qadınların uşaqlıq yolunda ekosistemin pozulması ilə bağlı olan, xoşagəlməz fəsadlara səbəb olan xəstəliklərlə tez-tez qarşılaşırlar. Buna görə də konfransda müzakirəyə çıxarılan mövzular, qadının uşaqlıq yolunun ekosisteminin bərpası, bu sahədəki problemlərin innovativ yollarla diaqnostikası, müayinə və müalicə üsulları çox aktual məsələlərdir.
Baş mama-ginekoloq qeyd edib ki, konfransda müzakirə olunan bakterial vaginoz dünyada qadın cinsi xəstəlikləri arasında birinci yer tutur: “Demək olar ki, müxtəlif ölkələrdə 20 faizdən 80 faizə qədər qadınlar bu xəstəliklərlə qarşılaşırlar. Vaginal ekosistemin pozulması hamilə qadınlarda vaxtından əvvəl doğuş təhlükəsi, vaxtından qabaq dölyanı mayenin axması, döl qişalarının cırılması, həmçinin bir sıra digər xoşagəlməz fəsadlara səbəb olur”.
Sevinc Məmmədova konfransın akkreditasiya məsələsinə toxunaraq bildirib ki, ölkə başçısı İlham Əliyevin tapşırığına əsasən, hər bir həkim-ginekoloq 5 il bu sahədə praktik olaraq fəaliyyət göstərmək üçün mütləq Səhiyyə Nazirliyi tərəfindən sertifikasiyadan keçirilməli, davamlı tibb təhsili almalıdır. Onun sözlərinə görə, bunun üçün hər bir həkimin təlimlərdə, seminarlarda, konfranslarda iştirak edərək müəyyən bal toplaması şərtdir: "Bu gün keçirilən elmi praktik konfransda iştirak edən həkimlər mühazirələri dinlədikdən, eləcə də mövzuya aid pretest və posttestdən keçdikdən sonda 5 ballıq sertifikatla təltif ediləcəklər. Bu, Azərbaycanda akkreditasiya balı verən ilk rəsmi konfransdır".
Elmi toplantının ikinci hissəsində Milli Onkologiya Mərkəzinin onko-ginekoloqu Turan Nadirovanın “Hormonal balansın farmakoloji korreksiyası, hormondan asılı şişlərin (mastopatiyalar, miomalar, adenomioz, endometriumun hiperplaziyası) əmələ gəlməsinin müalicə və profilaktikası” mövzusunda elmi məruzəsi dinlənilib.
Sonda məruzəçilər tərəfindən suallar cavablandırılıb.
Biliklərin qiymətləndirilməsindən sonra konfransın iştirakçılarına sertifikatlar təqdim olunub.