Anatomiya Muzeyinin ictimaiyyətə təqdimatı keçirilib
Prezident İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi münasibətilə Azərbaycan Tibb Universitetində (ATU) İnsan anatomiyası kafedrası və burada fəaliyyət göstərən Anatomiya Muzeyinin ictimaiyyətə təqdimatı keçirilib. Belə ki, kafedranın yaranma tarixi AXC-nin dövrünə təsadüf edir.
Tədbirdə çıxış edən Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası və Rusiya Tibb Elmləri Akademiyasının akademiki, ATU-nun İnsan anatomiyası kafedrasının müdiri, professor Vaqif Şadlinski rəhbərlik etdiyi kafedra və burada fəaliyyət göstərən İnsan Anatomiyası Muzeyi barədə tədbir iştirakçılarına məlumat verib: “Ölkə başçısı İlham Əliyev 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edib. Bildiyiniz kimi, bizim kafedra öz fəaliyyətinə 1919-cu ilin əvvəllərində yəni Azərbaycan Xalq Cümhuriyyəti dövründə başlayıb. Bakı Dövlət Universitetinin Tibb fakültəsinin əsasında Tibb Universitetinin açılışı da 1919-cu ilə təsadüf edir. Muzey haqqında onu deyə bilərəm ki, bu, bir tədris muzeyidir. Tələbələr meyitlər üzərində işləyə bilmədikdə bu muzeydə saxlanılan eksponatlardan istifadə edirlər. Muzey 2017-ci ildə Mədəniyyət Nazirliyi tərəfindən ictimai əsaslarla qeydə alınıb. ATU-da fəaliyyət göstərən bu muzey unikal hesab edilir. Belə ki, dünyada bu cür fəaliyyət göstərən bütün muzeylərin istər sahə baxımından, istərsə də eksponat sayı baxımından ən böyüyü məhz Azərbaycan Tibb Universitetindədir. Onu da qeyd edim ki, ilk dəfə belə muzey hələ Hippokratın zamanında yaradılıb”.
Təqdimatda çıxış edən Milli QHT Forumunun prezidenti, ATU-nun rektoru yanında İctimai Nəzarət və Məsləhət Şurasının İdarə Heyətinin üzvü Rauf Zeyni deyib ki, ölkə Prezidenti tərəfindən aparılan islahatlara cəmiyyətin öz töhfəsini verməsi, ictimai nəzarətin və şəffaflığın təmin olunması üçün bəzi qurumlarda, İctimai Şuralar yaradılıb. O cümlədən Tibb Universitetində fəaliyyət göstərən Şura İnsan anatomiyası kafedrasının və burada fəaliyyət göstərən muzeyin ictimaiyyətə təqdim olunması təşəbbüsünü irəli sürüb və universitetin rektoru, professor Gəray Gəraybəyli buna dəstək verib. Natiq vurğulayıb ki, təqdimatın məqsədi kafedranın fəaliyyəti, tədris sistemi və muzey haqqında ictimaiyyəti məlumatlandırmaqdır: “Bu, bir ilkdir və bunun müxtəlif dövlət qurumlarında davamının olacağına ümidvarıq”.
Milli Məclisin deputatı, ATU-nun rektoru yanında İctimai Nəzarət və Məsləhət Şurasının sədri, həkim-qastroenteroloq İlham Məmmədov İnsan Anatomiyası Muzeyinin tələbələr üçün əhəmiyyətini vurğulayıb: “Bu cür tədbirlərin keçirilməsi cəmiyyətin inkişafı, şəffaflığın artırılması baxımından çox vacibdir. Muzeyin fəaliyyəti isə tələbələrin tədris prosesində onlara çox böyük köməkdir. Bugünkü Tibb Universitetinin tələbələri Azərbaycanın sağlam gələcəyinin təminatçılarıdır.
Prezident İlham Əliyev tərəfindən bu ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi dövlətçiliyimiz və onun inkişafı ilə bağlı atılan mühüm addım və tariximizə göstərilən qayğının təzahürüdür. Azərbaycan Tibb Universiteti də bu tarixin bir hissəsidir. Burada atılan hər bir addım, aparılan islahatlar, tədris prosesi, eləcə də şəffaflığın qorunması məqsədilə yaradılmış İctimai Nəzarət və Məsləhət Şurası universitetin fəaliyyəti və ölkəmizin gələcəyi üçün çox vacibdir”.
“İki sahil” qəzetinin redaktoru, Şuranın İdarə Heyətinin üzvü Vüqar Rəhimzadə kafedranın və xüsusilə muzeyin yalnız burada təhsil alanlar üçün deyil, bütün cəmiyyət üçün əhəmiyyətini vurğulayıb. Bu qurumun fəaliyyətinin milli tibb elmi üçün misilsiz rolunu qeyd edib.
Sonra tədbir iştirakçıları İnsan Anatomiyası Muzeyinə baxış keçiriblər.
Qeyd edək ki, universitetdə fəaliyyət göstərən muzey 550 kv.m sahəni əhatə edir. Muzeydə saxlanılan təxminən 5000 eksponat tədris prosesində istifadə edilir.