Azərbaycanda 1 milyondan artıq talassemiya daşıyıcısı var
“Talassemiya dünyanın bir sıra ölkələrində olduğu kimi, Azərbaycanda da aktual problemlərdəndir. Son statistik göstəricilərə görə, ölkəmizdə 1 milyondan çox talassemiya daşıyıcısı var. Məhz həmin daşıyıcıların ailə qurması ilə əlaqədar son illərə qədər talassemiyalı xəstələrin sayı artırdı. Hazırda 3000-dən artıq irsi qan, o cümlədən talassemiyalı xəstələr qeydiyyatdadır”.
Bu barədə Respublika Talassemiya Mərkəzində (RTM) “Talassemiya ilə mübarizədə KİV-lərin rolu” mövzusunda keçirilən konfransda Mərkəzin direktoru Valeh Hüseynov məlumat verib. Bildirib ki, tədbirin təşkilində məqsəd KİV-lərlə birlikdə cəmiyyətin maarifləndirilməsi, bu yolla xəstəliyin yayılmasının qarşısının alınması, talassemiyadan əziyyət çəkən insanların təhlükəsiz və keyfiyyətli qanla təminatı üçün könüllü donor xidmətinin inkişafıdır.
V.Hüseynov son illər bu istiqamətdə qəbul olunan dövlət proqramlarının səmərəli nəticə verdiyini diqqətə çatdırıb: “Son üç ildə qəbul olunan bir sıra dövlət proqramları, həmçinin nikahdan öncə cütlüklərin müayinə edilməsi nəticəsində 2017-ci ildə bu xəstəliklə dünyaya gələnlərin sayında ciddi azalma müşahidə edilib. Qeyd edim ki, belə proqramların icrası qısa müddətdə önəmli nəticə vermir. Digər ölkələrin təcrübəsinə əsaslanaraq demək olar ki, bu problemin həlli istiqamətində davamlı çalışmaq, xüsusilə regionlarda silsilə tədbirlər keçirmək vacibdir. Belə ki, talassemiyanın aradan qaldırılmasında əsas məsələ düzgün müalicə yox, profilaktik tədbirlərin vaxtında aparılmasıdır. Nikaha girən cütlüklərin müayinəsi də talassemiya ilə doğulan uşaqların sayını azaltmaqda mühüm rol oynayır. Problemin həlli istiqamətində ikinci əsas məsələ isə prenatal diaqnostikanın inkişafıdır. Onu da vurğulamaq lazımdır ki, son illər aparılan işlər sayəsində xəstəlikdən əziyyət çəkənlərin çoxunun yaş həddi 20-dən yuxarı qalxıb. Hazırda mərkəzdə yaşı 18-dək olan təxminən üç minə yaxın uşaq qeydiyyatdadır”.
Direktor bildirib ki, bu problem 18 yaşdan yuxarı xəstələrin iş tapmasına da çətinliklər törədir: “Müraciət etdikləri qurumlarda xəstəlikləri barədə öyrənəndə hansısa problemin yaranacağından qorxaraq onları işə qəbul etmirlər. Bu, düzgün yanaşma deyil. İnanırıq ki, maarifləndirmə tədbirləri sayəsində insanlar belə fikirlərdən daşınacaq, xəstəlikdən əziyyət çəkənlərin işlə təmin olunmasına kömək edəcəklər”.
Tədbirdə çıxış edən Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev öncə tədbirin əhəmiyyətini qeyd edib. O, talassemiyadan əziyyət çəkənlərin qayğısına qalmaq məqsədilə Heydər Əliyev Fondu tərəfindən dünyada az rast gəlinən belə bir mərkəzin yaradılmasını Azərbaycan səhiyyəsinin inkişafı, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində əvəzsiz xidmət kimi dəyərləndirib: “Əhalinin sağlamlığının qorunması ölkə başçısının sosial siyasətinin əsas istiqamətlərindəndir. Nikahdan öncə aparılan müayinələri buna bariz nümunə kimi göstərmək olar. Lakin görülən işlərə baxmayaraq, xəstəliyin statistikası hələ də qənaətbəxş deyil. Qohumlar arasında evliliklərin bu xəstəliyin yayılmasında rolunu cəmiyyətə izah etmək, xüsusilə regionlarda maarifləndirici tədbirlər keçirmək zəruridir”.
Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin rəisi Soltan Məmmədov konfransın əsas məqsədinin medianı və cəmiyyəti talassemiya ilə mübarizə proqramının tətbiqi ilə tanış etmək olduğunu bildirib: “Ölkəmizdə daim gücləndirilən ictimai səhiyyə sistemi, bir çox infeksion və qeyri-infeksion xəstəliklərin profilaktikası, müalicəsi həm əhali, həm də mətbuat nümayəndələrinin fəal iştirakını tələb edir. Bu gün bir sıra xəstəliklərin profilaktikası və müalicəsi üzrə dövlət proqramları həyata keçirilir. Dövlət bu xəstəliklərdən əziyyət çəkən insanların pulsuz tibbi xidmət almasını təmin edir. Güclü səhiyyə sistemi, səhiyyə xidmətlərinin insanlar üçün əlçatanlığı, xüsusi qayğıya ehtiyacı olan insanların lazımi tibbi xidmətlə təmin olunması Heydər Əliyev Fondunun əsas missiyasına daxildir. Fondun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva, fondun vitse-prezidenti Leyla Əliyeva əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinə, ehtiyacı olan bütün insanların tibbi xidmətlə təmin olunmasına xüsusi əhəmiyyət verir və bu məsələlərə daim dəstək göstərirlər.
Heydər Əliyev Fondu Respublika Talassemiya Mərkəzinin fəaliyyəti, burada xəstələrə göstərilən qayğı və bu istiqamətdə əhalinin maarifləndirilməsi məsələlərinə də xüsusi diqqət yetirir. 2017-ci ildən etibarən bu sahədə Səhiyyə Nazirliyi ilə birgə müəyyən islahatlar aparılıb. Nəticədə, əvvəllər bir sıra müayinələr üçün xaricə göndərilən xəstələr artıq həmin müayinələrdən bu mərkəzdə təmənnasız keçə bilirlər. Sevindirici haldır ki, artıq özəl sektorda fəaliyyət göstərən tibb müəssisələri də RTM ilə sıx əməkdaşlıq edirlər.
Ötən il ölkəmizə səfər edən Beynəlxalq Talassemiya Federasiyasının (BTF) nümayəndələri də regionda ən böyük və ən müasir avadanlıqlarla təchiz olunmuş Talassemiya Mərkəzinin imkanlarını müsbət qiymətləndiriblər. BTF-in nümayəndə heyətinin bu səfəri çərçivəsində RTM-də göstərilən xidmətlərin təkmilləşdirilməsi məqsədilə Mərkəzlə əməkdaşlıq perspektivləri də müzakirə olunub. Əminəm ki, həyata keçirilən tədbirlər nəticəsində RTM qısa müddətdə regionda yalnız təchizat, imkanlar baxımından deyil, beynəlxalq prinsiplərə əsaslanan təlim bazası kimi də öndə olacaq”.
S.Məmmədov bunlarla yanaşı, hələ görüləcək işlərin də çox olduğunu diqqətə çatdırıb: “Biz yalnız Talassemiya Mərkəzi ilə deyil, talassemiyalı xəstələri təmsil edən ictimai birliklər və valideyn cəmiyyətləri ilə də birgə işləyirik. Xəstəliyin vaxtında aşkarlanması, lazımi müayinələrin aparılması, əhalinin bu istiqamətdə maarifləndirilməsi və s. üçün mətbuata da böyük ehtiyac var. Ümid edirəm ki, hazırda Mərkəzin fəaliyyəti, xəstəliyin aşkarlanması və profilaktikası ilə bağlı dolğun məlumat alan mətbuat nümayəndələri bu istiqamətdə fəaliyyətlərini genişləndirəcək, Talassemiya Mərkəzi ilə sıx əməkdaşlıq edəcəklər”.
Sonra Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrasının assistenti İkram Rüstəmovun “Talassemiyalı uşaqlarda və yeniyetmələrdə psixoloji problemlər” mövzusunda məruzəsi dinlənilib.
Sonda “Ən yaxşı jurnalist layihəsi” mövzusunda müsabiqə elan edilib. Müsabiqə çərçivəsində talassemiya ilə mübarizəyə kompleks yanaşmanı təmin etmək məqsədilə bu il ərzində jurnalistlərin ən kreativ, inkişaf yönümlü, maarifləndirici layihələrinin icrası həyata keçiriləcək.