Ümumdünya QİÇS-lə mübarizə günü
İİV/QİÇS problemi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin daim diqqət mərkəzindədir. İİV yoluxmalarının aşağı səviyyədə olduğu ölkələr sırasına daxil olan Azərbaycanda bu xəstəlik əsasən yüksək risk qrupuna aid inyeksion narkotik istifadəçiləri arasında yayılıb.
Bu məlumatlar 1 dekabr – Ümumdünya QİÇS-lə mübarizə günü münasibətilə Respublika QİÇS-lə Mübarizə Mərkəzində keçirilmiş tədbirdə səsləndirilib.
Mərkəzin Təşkilati-metodik iş şöbəsinin müdiri Eldəniz Muradov tədbirdə çıxış edərək bildirib ki, əvvəlki illərdə olduğu kimi, 2017-ci ildə də əhali arasında maarifləndirmə işi aparılıb. Ölkədə İİV/QİÇS-lə mübarizəni gücləndirmək, yoluxma hallarını erkən aşkar etmək və profilaktik tədbirləri genişləndirmək, bu sahədə əhalinin məlumat səviyyəsini artırmaq məqsədilə bu ilin avqust ayında “İİV müayinəsi ilə bağlı Milli həftəlik”, noyabr ayında isə “İİV müayinəsi ilə bağlı Avropa həftəliyi” keçirilib. Bundan əlavə, vətəndaşların İİV/QİÇS barədə məlumatlılıq səviyyəsini artırmağa yönəlmiş kitabçalar və bukletlər çap edilib. Qeyd edilib ki, ölkə sakinlərinin İİV müayinəsindən istifadə imkanını təmin etmək məqsədilə Azərbaycanda 50 stasionar könüllü məsləhətxana şəbəkəsi fəaliyyət göstərir. Risk qrupları arasında İİV-in yayılmasının qarşısını almaq üçün QHT və beynəlxalq qurumlarla iş davam edir.
Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, 2017-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda İİV-ə yoluxma ilə bağlı 437 yeni fakt aşkar edilib və qeydiyyata alınıb. Bunlardan 431-i (98,6 faiz) ölkə vətəndaşı, 6-sı (1,4 faiz) əcnəbilərdir. İİV-ə yeni yoluxmuş Azərbaycan vətəndaşlarından 275 nəfəri (63,8 faiz) kişilər, 156 nəfəri (36,2 faiz) qadınlardır, 50 yaşdan yuxarı olanların sayı isə 50 nəfərdir.
Qeyd olunub ki, ölkəmizdə 1987-ci ildə aşkar edilən ilk yoluxma hadisəsindən 2017-ci il dekabrın 1-dək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV-ə yoluxmuş 5549 nəfər qeydiyyata alınıb. Onlardan 3962-si (71,4 faiz) kişilər, 1587-si (28,6 faiz) qadınlardır. Bu müddətdə 1452 Azərbaycan vətəndaşı QİÇS mərhələsinə keçib, 861 nəfər İİV səbəbindən ölüb. İİV-ə yoluxma hallarının 43,8 faizi narkotiklərin inyeksiyası, 44,6 faizi heteroseksual əlaqələr, 2,5 faizi homoseksual əlaqələr yolu ilə, 1,9 faizi anadan övlada keçib, belə hadisələrin 7,3 faizinin səbəbi məlum olmayıb.
Mərkəzin Təşkilati-metodik iş şöbəsinin müdiri onu da qeyd edib ki, 2006-cı il noyabrın 8-dən indiyə qədər Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən 4061 İİV daşıyıcısı, o cümlədən 2017-ci ilin 11 ayı ərzində 523 nəfər antiretrovirus terapiyasına (ART) cəlb edilib. Ölkədə İİV-in anadan uşağa ötürülməsinin qarşısını almaq üçün 263 hamilə ART-yə qoşulub.
Bundan əlavə, Ailə Məcəlləsinə edilən dəyişiklərlə əlaqədar olaraq 2015-ci il iyunun 1-dən etibarən nikah bağlamaq arzusunda olan vətəndaşların icbari qaydada keçdikləri tibbi müayinələrdə 117 142 nəfər İİV-ə görə müayinəyə cəlb edilib, onlardan 103 nəfərin İİV daşıyıcısı olması təsdiqlənib.
İİV epidemiyası Avropada yayılır
1 dekabr – Ümümdünya QİÇS-lə Mübarizə günü dünya ictimaiyyətinin diqqətini bu problemə yönəltmək məqsədilə 1988-ci ildə təsis olunub. Statistikaya görə, hazırda dünyada 35 milyon nəfərdən çox immun çatışmazlığı virusuna yoluxan var.
Builki QİÇS-lə Mübarizə gününün əsas mövzusu Avropa regionunda İİV-ə yoluxanların sayında artım tendensiyasıdır. Noyabr ayında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun dərc etdiyi məlumatda bildirilir ki, həmin tendensiya 2016-cı ildə davam edib – Avropa regionunda bütövlükdə 160 min yeni yoluxma faktı qeydə alınıb, o cümlədən Avropa Birliyi və Avropa İqtisadi Zonası ölkələrində 29 min nəfər İİV-ə yoluxub. Yeni yoluxma hallarının 80%-i Şərqi Avropanın payına düşür. Bildirilir ki, İİV-in yayılmasının əsas səbəbi xəstələrin 51%-nin geçikmiş mərhələlərdə aşkarlanmasıdır. ÜST Avropa Regional Bürosunun direktoru Jujanna Yakab bununla əlaqədar söyləyib ki, xüsusilə, yüksək yoluxma riski daşıyan şəxslərin vaxtında müayinə edilməməsi müalicənin gecikməsinə, onun səmərəsinin azalmasına və İİV-in sürətlə yayılmasına səbəb olur. O təəssüflə vurğulayıb ki, vəziyyət belə davam etsə, 2030-cu ilə qədər İİV epidemiyasının tamamilə aradan qaldırılmasını nəzərdə tutan davamlı inkişaf məqsədinə nail olmaq mümkün olmayacaq.
“Ağ dünyanın qara pəncərəsi”
Bütün dünyada olduğu kimi, ölkəmizdə də Ümumdünya QİÇS-lə Mübarizə günü münasibətilə bir sıra tədbirlər təşkil olunub.
Mingəçevir şəhərinin Heydər Əliyev Mərkəzində gənclər və tibb müəssisələrinin işçiləri üçün İİV-dən qorunma yolları mövzusunda maarifləndirici “dəyirmi masa” keçirilib. Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə əməkdaşlıq Sazişi çərçivəsində baş tutan tədbirdə İSİM-in həkim-metodisti Lətafət Dadaşova təqdimatla çıxış edərək, İİV infeksiyası, onun gənclər arasında yayılma təhlükəsi, virusdan qorunmanın yolları barədə danışıb, Azərbaycanda bununla bağlı mövcud vəziyyət haqqında məlumat verib.
Tədbirin sonunda İSİM-də İİV/QİCS-in profilaktikası mövzusunda hazırlanmış buklet və broşürlər iştirakçılara paylanılıb.
Xətai rayon Mərkəzi Kitabxanasında “QİÇS – ağ dünyanın qara pəncərəsi” adlı tədbirdə çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin nümayəndəsi Müşviq Məmmədov gənc nəslin, ümumən cəmiyyət üzvlərinin xəstəliklə əlaqədar məlumatlandırılmasının vacibliyini qeyd edib.
Respublika QİÇS-lə Mübarizə Mərkəzinin həkimi Günəş Cəfərova hazırda dünyada və ölkəmizdə bu infeksiya ilə bağlı vəziyyət barədə məlumat verib, ondan qorunmağın yollarından danışıb.
Sonra Mərkəzin əməkdaşları tədbir iştirakçıları üçün İİV-ə görə laborator testləri keçiriblər.
Analoji tədbir Qusar rayonundakı peşə liseyində də təşkil olunub.