Bu il Mərkəzi Neftçilər Xəstəxanasında 76 böyrək və 9 qaraciyər transplantasiyası əməliyyatı aparılıb

Bu il Mərkəzi Neftçilər Xəstəxanasında 76 böyrək və 9 qaraciyər transplantasiyası əməliyyatı aparılıb

Dünyada ən ağır cərrahiyyə əməliyyatlarından biri hesab edilən qaraciyərin transplantasiyası üzrə Qafqazda, Orta Asiyada və Qazaxıstanda ilk əməliyyat 2008-ci il dekabrın 12-də Mərkəzi Neftçilər Xəstəxanasının (MNX) Cərrahiyyə və orqan transplantasiyası şöbəsində aparılıb. Bu şöbə yaradılmazdan əvvəl xəstəxananın bir qrup həkimi Türkiyə, Yaponiya və Böyük Britaniyada müvafiq təlim keçərək ölkəmizə qayıdıb.
İndiyədək MNX-da 500-ə yaxın böyrək və qaraciyər transplantasiyası əməliyyatı icra edilib. O cümlədən bu ilin əvvəlindən burada 76 nəfərə böyrək və 9 nəfərə qaraciyər köçürülüb. Əməliyyat olunmuş xəstələrin 22 faizi uşaqlardır. Onlardan ən kiçiyinin 5 yaşı var. Böyrək və qaraciyər transplantasiyası əməliyyatları üçün MNX-na müraciət edənlər arasında Azərbaycan sakinləri ilə yanaşı, bir Qazaxıstan və doqquz Gürcüstan vətəndaşı da var. Bizim mütəxəssislərin transplantasiya sahəsində əldə etdiyi nəticələr dünya standartlarına uyğundur. Cari ildə əməliyyatdan sonra ölüm halları qeydə alınmayıb.
Bu məlumatlar Mərkəzi Neftçilər Xəstəxanasında jurnalistlər üçün keçirilən brifinqdə açıqlanıb.
Tədbirdə çıxış edənlər – Səhiyyə Nazirliyinin Transplantologiya işinin təşkili üzrə Əlaqələndirmə Şurasının üzvü, MNX-nın Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi, MNX-nın nefroloqu Elnur Fərəcov və cərrah-transplantoloqu Eldar Əhmədov qeyd ediblər ki, transplantologiya təbabətin Azərbaycan üçün yeni sahəsi deyil. Hələ 1971-ci ildə akademik Mirməmməd Cavadzadə Cənubi Qafqazda və Yaxın Şərqdə ilk dəfə olaraq uğurla böyrək köçürülməsi əməliyyatı aparıb. Lakin bir sıra səbəblər üzündən 2000-ci illərin əvvəlinə qədər Azərbaycan səhiyyəsində böyrək və qaraciyər transplantasiyasında fasilə yaranıb.
Brifinqdə ölü donorun orqanlarının transplantasiyası mövzusuna da toxunulub. Qeyd edilib ki, hazırda qüvvədə olan “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” Qanun canlı donorlardan, yaxın qohumlardan orqan köçürülməsini nəzərdə tutur. Bu halda yalnız böyrəyi və qaraciyəri transplantasiya etmək olar. Halbuki ölmüş insanların orqanlarının transplantasiyası təcrübəsi bütün dünyada tətbiq edilir. Vurğulanıb ki, hazırda ölkəmizdə orqanların kəskin qıtlığı hiss olunur, müvafiq orqan tapmaq Azərbaycan transplantologiyasında əsas problemlərdən biridir. Bəzi hallarda hətta ən yaxın qohumların böyrəkləri və qaraciyəri pasiyentlər üçün münasib olmur. Donorun fiziki sağlamlığı çox mühüm məsələdir. Transplantologiyada sosial, psixoloji və hüquqi xarakterli nüanslar da az deyil. Bir sıra məsələlərin qanunvericilik yolu ilə tənzimlənməsi üçün adı çəkilən qanuna müvafiq dəyişikliklər edilməsi nəzərdə tutulur.
Tədbirin sonunda jurnalistləri maraqlandıran suallara cavab verilib.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova