Pediatriya İnstitutunun 90 illik yubileyi qeyd edildi
K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunun (ETPİ) 90 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi.
Tədbirdə çıxış edən Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov 90 illik yubiley münasibəti ilə tibb ocağının əməkdaşlarını təbrik etdi. Son illər Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində sosial sahədə ciddi uğurlar qazanıldığını, Azərbaycan səhiyyəsinin daha da inkişaf etdiyini diqqətə çatdıran natiq böyük miqdarda dövlət vəsaitinin ayrılması hesabına 600-ə qədər tibb müəssisəsinin tikildiyini, əsaslı təmir edildiyini, ən yeni avadanlıqlarla təchiz olunduğunu və bu gün müasir standartlar səviyyəsində fəaliyyət göstərdiyini dedi. G.Poladov dövlət proqramları üzrə həyata keçirilən tədbirlərdən də danışdı, bu proqramlar çərçivəsində insanların 12 xəstəlik üzrə pulsuz tibbi yardım, ləvazimat və dərmanlarla əhatə olunduğunu söylədi. Səhiyyə sahəsində aparılan islahatların Elmi Tədqiqat Pediatriya İnstitutundan da yan keçmədiyini, əsaslı təmir və təchiz edilən bu tibb ocağında əhaliyə yüksək səviyyədə tibbi xidmət göstərildiyini vurğulayan şöbə müdiri sonda səhiyyə müəssisəsinin kollektivin təbrik etdi, onun hər bir üzvünə, bütünlükdə, ölkə pediatrlarına və neonatoloqlarına bu önəmli tarixi gündə cansağlığı və uğurlar arzuladı.
ETPİ-nun direktoru, professor Nəsib Quliyev Azərbaycanda ilk yaradılmış şəfa ocaqlarından olan bu qocaman tibb müəssisəsinin bir əsrə yaxın vaxt ərzində ana və uşaqların sağlamlığının qorunması kimi mühüm və nəcib işə şərəf və ləyaqətlə xidmət etdiyini dedi. Pediatriya İnstitutunun 90 il ərzində keçdiyi tarixi yol və ayrı-ayrı dövrlərdə inkişafı haqqında ətraflı məruzə edən professor N.Quliyev ölkəmizin dövlət müstəqilliyinin bərpa edilməsindən sonra İnstitutun inkişafında xüsusi mərhələnin başlandığını da vurğuladı: “1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı xalqımızın taleyində dönüş nöqtəsi oldu. Çox qısa zamanda bütün sahələr kimi, ölkə səhiyyəsinin də ağır böhrandan çıxarılması və inkişafı strategiyası müəyyənləşdi. Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələrdən ilk olaraq məhz Azərbaycan uşaqlar arasında geniş yayılmış yoluxucu xəstəliklərin qarşısının alınması və müalicəsi məqsədilə Avropadan kredit əldə etməklə, külli miqdarda vaksin preparatları, spesifik zərdablar, dərman və tibb ləvazimatları aldı. Tezliklə bu öz müsbət nəticələrini verməyə başladı. Bir-birinin ardınca poliomielit, malyariya, qızılca kimi təhlükəli yoluxucu xəstəliklərin uşaqlar arasında epidemiyalarının qarşısı alındı. 1997-ci ildə qəbul olunmuş “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunda ana və uşaqların mühafizəsi məsələlərinə xüsusi diqqət ayrıldı. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qərarı ilə Azərbaycan “Poliomielitdən azad ölkə” statusunu qazandı”.
N.Quliyev əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş səhiyyə strategiyasının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirdi: “Dövlət başçısının xüsusi Fərmanı ilə 2003-cü ilin noyabrında “Azərbaycanda sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” Dövlət Proqramı qəbul edildi. 2004-cü ildə “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında” Qanun qüvvəyə mindi.
2005-2006-cı illərdə dövlət başçısının xeyir-duası ilə Səhiyyə Nazirliyində çoxsaylı dövlət proqramları işlənib hazırlandı ki, bunların da xeyli qismi ana və uşaqların sağlamlığının mühafizəsi məsələlərinə həsr olunmuşdu. 2006-cı ildə Səhiyyə Naziliyinin qərarı ilə ana və uşaqların sağlamlığının qorunması işi səhiyyənin prioriteti kimi qəbul olundu. 2006-2010-cu illəri əhatə edən “Ana və uşaqların sağlamlığının qorunması haqqında” Dövlət Proqramının reallaşması nəticəsində yeddi regionda – Bakı, Gəncə, Naxçıvan, Sabirabad, Lənkəran, Quba və Şəkidə perinatal mərkəzlər yaradıldı. Bu dövlət proqramı çərçivəsində yenidoğulanlardan başlayaraq uşaqlara elektron sağlamlıq kartlarının (“bioloji pasportların”) verilməsi hazırda uğurla davam etdirilir.
Ən vacib dövlət proqramlarından biri olan yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair proqram üzrə hazırda uşaqlar, inkişaf etmiş ölkələrdə olduğu kimi, 11 yoluxucu xəstəliyə qarşı (“B” virus hepatiti, vərəm, poliomielit, difteriya, tetanus, göy öskürək, pnevmoniya, B hemofil infeksiyası, qızılca, məxmərək və parotit) dövlət vəsaiti hesabına peyvənd olunurlar. İmmunoprofilaktika ilə bağlı Səhiyyə Nazirliyində həyata keçirilən ardıcıl və səmərəli işin nəticəsidir ki, bu gün ölkəmizdə təbii çiçəyin, poliomielitin, difteriyanın qarşısı tam alınıb. 2005-ci ildən “Qızılca və məxmərəyin eliminasiyası” Avropa proqramına daxil olan ölkəmiz bu sahədə də böyük nailiyyətlər əldə edib, 2015-ci ildə bu xəstəliklərin eliminasiyasına nail olaraq, 53 Avropa ölkəsi arasında birinci onluğa düşüb.
Onu da qeyd edək ki, ölkə Prezidentinin xüsusi Sərəncamı ilə 2009-cu il Azərbaycanda “Uşaq ili” elan edildi. Dövlət tərəfindən uşaqların sağlamlığının qorunması istiqamətində görülən işlərin məntiqi yekunu kimi, 2013-cü ildə dövlət başçısının təşəbbüsü ilə Milli Məclis tərəfindən “Uşaqların icbari dispanserizasiyası haqqında” Qanun qəbul olundu”.
N.Quliyev Heydər Əliyev Fondunun da ölkəmizdə ana və uşaqların sağlamlığının mühafizəsi sahəsində xidmətlərindən danışdı. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun və İSESCO-nun xos məramlı səfiri, ölkənin birinci xanımı Mehriban Əliyevanın bu sahəyə göstərdiyi diqqət və qayğı nəticəsində çox sayda ambulator-poliklinik və stasionar tibb müəssisələrinin təmir və bərpa olunduğunu, müasir tibb avadanlıqları ilə təchiz edildiyini bildirdi: “Regionda analoqu olmayan Talassemiya Mərkəzinin yaradılması məhz bu Fondun adı ilə bağlıdır. Heydər Əliyev Fondunun bu istiqamətdə həyata keçirdiyi işlər ÜST tərəfindən yüksək qiymətləndirilib və Azərbaycan tarixində ilk dəfə Mehriban xanım Əliyeva ana və uşaqların mühafizəsi işində müstəsna xidmətlərinə görə “Qızıl ulduz” mükafatına layiq görülüb”.
2006-cı ildən etibarən Səhiyyə Nazirliyi tərəfindən ardıcıl surətdə həyata keçirilən tədbirlər, dövlət proqramları üzrə görülən işlər nəticəsində uşaqlarda rast gəlinən irsi qan xəstəliklərinin, xroniki böyrək çatışmazlığının, şəkərli diabetin diaqnostikası, müalicə və profilaktikası istiqamətində də çox işlər görüldüyünü, uğurlar əldə edildiyini deyən natiq qeyd etdi ki, uşaqlara tibbi xidmət göstərən ambulator-poliklinik və xüsulilə də stasionar müəssisələrdə profilləşmə aparılmaqla bərabər, uşaq onkologiyası, hematologiyası, onkohematologiyası, kardiologiyası, kardiocərrahiyyəsi, nevrologiyası, neyrocərrahiyyəsi, oftalmologiyası, uronefrologiyası, yenidoğulanların və erkən yaşlı uşaqların cərrahiyyəsi və sair stasionar xidmət sahələri ya yeni yaradılıb, yaxud da yenidən qurularaq müasir səviyyədə bərpa olunub, ən yeni tibbi avadanlıqlarla təchiz edilib”.
İnstitutun direktoru bildirdi ki, bu gün körpə və ana ölümü göstəriciləri BMT-də və ÜST-də qəbul edilən, ana və uşaqların sağlamlığının vəziyyətini, rifahını, cəmiyyətdə onlara göstərilən diqqət və qayğını, həmçinin hər bir dövlətin inkişaf səviyyəsini xarakterizə edən vacib meyarlar hesab olunur və Minilliyin İnkişaf Məqsədləri sırasında yer alır. O, müstəqillik illərində Azərbaycanda bu sahədə də böyük irəliləyişə nail olunduğunu diqqətə çatdırdı: “Əgər 1993-cü ildə ölkəmizdə körpə ölümü hər min nəfər diri doğulan uşağa 29,5 promille idisə, 2016-cı ilin yekunlarına görə bu göstərici üç dəfəyə qədər azalaraq 10,2 promille olub. Onu da qeyd edək ki, ölkəmizdə 2015-ci ildən diridoğulmanın yeni meyarları tətbiq olunur. Ana ölümü 1994-cü ildə hər yüz min nəfər diri doğulana 43,8 olmuşdusa, 2016-cı ildə bu göstərici 13,8 təşkil edib. Bu sahədə böyük uğurlar əldə olunsa da, əsas məqsəd həmin göstəriciləri inkişaf etmiş ölkələrdə olan səviyyəyə qədər azaltmaqdır”.
Sonda N.Quliyev Elmi Tədqiqat Pediatriya İnstitutunda yaradılmış gözəl şəraitə görə kollektiv adından Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, səhiyyə naziri Oqtay Şirəliyevə dərin təşəkkürünü bildirdi, İnstitutunun kollektivinin bundan sonra da uşaqların sağlamlığının qorunması üçün var qüvvəsi ilə çalışacağını vurğuladı.
Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli, Türkiyə Respublikası Pediatrlar Birliyinin baş katibi, professor Ənvər Həsənoğlu, Rusiya Federasiyası Milli Elmi-Praktik Uşaq Sağlamlığı Mərkəzinin direktor müavini, Avropa Pediatrlar Assosiasiyasının prezidenti, akademik Leyla Namazova-Baranova, Milli Məclisin səhiyyə komitəsinin sədr müavini Musa Quliyev də ETPİ-nun 90 illiyi münasibətilə təbriklərini çatdırdılar, əməkdaşlara uğurlar arzuladılar.
Daha sonra Pediatriya İnstitutunun fəaliyyəti haqqında videoçarx nümayiş olundu.
İkigünlük konfrans pediatr və neonatoloqların “Uşaqlarda anadangəlmə ürək qüsurları”, “Uşaq inkişafının erkən qiymətləndirilməsi”, “Yenidoğulanlarda nekrotik enterokolitin klinikası, erkən diaqnostikası və müalicəsinə müasir baxışlar”, “Yenidoğulanlarda parenteral qidalanma”, “Yenidoğulanlarda respirator distres sindrom, erkən diaqnostikası, surfaktant müalicəsi” və s. mövzularda çıxışları ilə öz işini davam etdirib.