Yeni dərs ilində Həkimləri Təkmilləşdirmə İnstitutunda bir sıra yeniliklər tətbiq olunacaq

Yeni dərs ilində Həkimləri Təkmilləşdirmə İnstitutunda bir sıra yeniliklər tətbiq olunacaq

Hər yerdə olduğu kimi, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda (ADHTİ) da yeni tədris ili başlayıb. Bu tədris ili üçün Səhiyyə Nazirliyinin təsdiq etdiyi təqvim planında bir sıra yeniliklər var. Plana müasir informasiya və təhsil texnologiyalarına əsaslanan ixtisasartırma kursları daxil edilib. Səhiyyə nazirinin əmrinə uyğun olaraq, səhiyyə mütəxəssislərinin peşə bilik və bacarıqlarının təkmilləşdirilməsi prosesinin beynəlxalq təcrübəyə uyğunlaşdırılması məqsədi ilə cari tədris ilindən davamlı tibbi təhsil sisteminə keçiləcək. Belə ki, həmin əmrlə “Həkimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsinə dair müvəqqəti Qaydalar” təsdiq edilib, səhiyyə idarə və müəssisələrinin rəhbərlərinə öz işlərində onlara əsaslanmaq tapşırılıb.
Bu barədə Ə.Əliyev adına ADHTİ-da davamlı tibb təhsili sisteminin tətbiqi ilə əlaqədar keçirilən “dəyirmi masa”da İnstitutun rektoru, professor Nazim Qasımov danışıb. O qeyd edib ki, tibb elmi çox sürətlə inkişaf edir, daim yeni biliklərlə zənginləşir. ADHTİ-da tətbiq edilməyə başlayan davamlı tibbi təhsilə keçid də ilk növbədə zamanla ayaqlaşmaq, onun inkişafından geridə qalmamaq zərurətindən yaranıb. Yeni tədris ilində keçid dövrü kimi institutun Sinir xəstəlikləri, Anesteziologiya və reanimatologiya, Mikrobiologiya və epidemiologiya, Otorinolarinqologiya və kardiologiya kafedralarında təkmilləşdirmə kurslarının təşkili və proqramlarının hazırlanması, həmçinin sertifikasiyadan keçmək üçün sənədlərin qəbulu pilot layihəsi üzrə aparılacaq.
Professor N.Qasımov nazirliyin əmrinə əsasən həkimin peşəkar fəaliyyəti dövründə davamlı tibbi təhsilin kreditlər vasitəsilə həyata keçirilmə mexanizmi və zəruri miqdarın hesablanma qaydası barədə ətraflı məlumat verib. Qeyd edib ki, tətbiq ediləcək “Həkimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsinə dair müvəqqəti Qaydalar”a əsasən, davamlı tibb təhsili ali tibb təhsilini təsdiq edən sənəd alınan gündən başlayır və həkimin bütün peşəkar fəaliyyəti dövrünü əhatə edir. Davamlı tibbi təhsilin zəruri miqdarının hesablanması kreditlər vasitəsilə həyata keçiriləcək. Həmin kreditlər təkmilləşmə kurslarında və toplanma sistemi metodu ilə yığılacaq. Sertifikasiya dövrü ərzində həkim hər il orta hesabla 48 kredit olmaqla, minimum 240 kredit toplamalıdır. Bu, həkimin sertifikasiya prosesinə buraxılması üçün mütləq şərtdir. Peşəkar fəaliyyətinin 5 ili ərzində həmin kredit normasını toplaya bilməyən həkim sertifikasiyaya buraxılmayacaq və onun praktik fəaliyyəti dayandırılacaq.
Davamlı tibb təhsili kreditlərinin hesablanması təsdiq olunmuş xüsusi cədvələ əsasən aparılacaq. Təkmilləşdirmə kurslarından istifadə olunduqda, həkimin ixtisas üzrə təhsil proqramının bütün modullarını bir (və ya bir neçə) təkmilləşdirmə kursu ilə keçərək 240 krediti toplaması onun sertifikasiya prosesinə buraxılması üçün kifayət edəcək.
Bildirilib ki, təkmilləşdirmə kursları Ə.Əliyev adına ADHTİ tərəfindən müvafiq ixtisaslar üzrə təhsil proqramlarının modulları əsasında həyata keçirilir, əyani və distant (məsafədən) formada təşkil edilir. Təkmilləşdirmə kursunun minimal müddəti 1 həftədən az, maksimal müddəti isə 2 həftədən çox olmamalıdır.
Toplanma sistemi həkimin ölkədə və ya beynəlxalq səviyyədə akkreditə olunmuş davamlı tibbi təhsil üzrə tədris, yaxud elmi tədbirlərdə iştirakı, elmi, pedaqoji, həmçinin müstəqil davamlı tibb təhsili fəaliyyəti vasitəsilə kredit vahidlərinin yığılması yolu ilə həyata keçirilir. Onun elmi jurnal, məcmuə və nəşrlərdə, qeydiyyatdan keçmiş elektron elmi nəşrlərdə dərc olunmuş məqalələri, dərslik, tədris və metodik vəsaitlərin, monoqrafiyaların hazırlanması, rezidentlərin işinin kurasiyası, seminar və treninqlərin aparılması, habelə digər tədris işlərinin həyata keçirilməsi kimi fəaliyyətləri də kreditlərin hesablanmasında nəzərə alınır.
Müstəqil fəaliyyətə isə ixtisas üzrə elmi məqalələrin və tibbi ədəbiyyatın mütaliəsi, audiovizual dinləmələr, yeni diaqnostika və müalicə metodları, tibb texnologiyaları və texnikasını mənimsəmək məqsədi ilə ölkədə və ya xaricdəki tibb müəssisələrində ixtisas təcrübəsi keçilməsi aiddir.
Bildirilib ki, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda həyata keçiriləcək pilot layihəsinin nəticələrinə əsasən, davamlı tibbi təhsil sistemi digər ixtisaslar üzrə də tətbiq olunacaq.
“Dəyirmi masa”da İnstitutun prorektoru, dosent Təyyar Eyvazov distant təhsil sistemi barədə danışıb. Onun dediyinə görə, distant təhsilin məğzi ondan ibarətdir ki, təhsil almaq hansısa zaman və məkandan asılı olmur və dinləyici internet vasitəsilə onlayn təlim imkanı qazanır. Distant təhsilə qoşulmaq üçün qeydiyyatdan keçib baza bilik səviyyəsini təyin etmək üçün test suallarına cavab vermək lazımdır. Müdavimin bilik səviyyəsi təyin ediləndən sonra ona təkmilləşmək istədiyi mövzunu seçmək təklif olunur. Təhsilin müddəti onun yığdığı bala əsasən təyin edilir. Balın miqdarı yüksək olduqca təhsil müddəti o qədər qısa olur. Təhsil müddətində müdavimə onlayn mühazirələr oxunur, tapşırıqlar verilir və axırda test suallarının cavablandırılması aparılır. Cavablar yoxlanandan sonra ona kredit balları verilir və uyğun sertifikat təqdim olunur.
Qeyd olunub ki, ADHTİ-da yeni tədris ilində də tədris prosesində modul sistemindən istifadə ediləcək, iş yerində ixtisaslaşma keçmək istəyən həkimlər üçün də şərait yaradılacaq. Bunun üçün həmin arzuda olan həkimlərin çalışdıqları müəssisələrin rəhbərləri məktubla institut rəhbərliyinə müraciət etməlidirlər.
Tədbirdə vurğulanıb ki, Səhiyyə Nazirliyinin müvafiq şöbələri davamlı tibbi təhsil sisteminin ölkədə tətbiqi üçün artıq fəaliyyətə başlayıb. Səhiyyə müəssisələrinin rəhbərlərinə onların tabeliyində olan həkimlərin davamlı tibbi təhsil almaları üçün şərait yaradılmasını təmin etmələri haqqında göstəriş verilib.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova