Mingəçevirdə sağlamlıq həftələrinin açılış mərasimi keçirilib
İcbari tibbi sığorta üzrə seçilmiş pilot ərazilərin sakinlərinin sağlamlığının qorunması, onların maarifləndirilməsi və profilaktik müayinələrə cəlb edilməsi məqsədi ilə 2017-ci ilin oktyabr-dekabr ayları ərzində bu bölgələrdə “Sabaha sağlam addımla” şüarı altında sağlamlıq həftələri keçiriləcək. Bu günlərdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Mingəçevir şəhərində sağlamlıq həftələrinin açılış mərasimini keçirib.
AZƏRTAC məlumat verir ki, səhiyyə nazirinin müavini Elsəvər Ağayevin, Milli Məclisin Səhiyyə komitəsinin üzvləri Musa Urud və İlham Məmmədovun, Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının I müavini İlham İsmayılovun, Gənclər və İdman Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələrinin iştirak etdikləri tədbirdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev çıxış edərək bildirib ki, oktyabrın 2-dən dekabrın 17-dək Mingəçevir şəhəri və Yevlax rayonunun inzibati ərazilərində yerləşən Ailə Sağlamlıq Mərkəzlərində keçirilməsi nəzərdə tutulan sağlamlıq həftələrində ailə həkimləri tərəfindən əhaliyə sağlam qidalanma və sağlam həyat tərzi haqqında məsləhətlər veriləcək, müxtəlif müayinələr aparılacaq. Sağlamlıq həftələrinin təşkilində məqsəd pilot ərazilərdə sağlam həyat tərzinin təbliği, əhalinin sağlamlığının qorunması, xəstəliklərin erkən aşkarlanması və sakinlərin ailə həkimləri ilə ünsiyyətinin möhkəmləndirilməsidir.
Məlumat verilib ki, sağlamlıq həftələrində pilot ərazilərin sakinlərinə Agentlik tərəfindən şəkərli diabet, skolioz, süd vəzisinin xərçəngi, prostat vəzisinin xəstəlikləri, hipertoniya, xolesterin, tütünün zərərləri, sağlam qidalanma mövzularını əhatə edən çap materialları paylanacaq.
Səhiyyə nazirinin müavini Elsevər Ağayev çıxışında tədbirin keçirilməsinin əhəmiyyətini vurğulayıb. O, eyni zamanda, səhiyyə sistemində aparılan mühüm islahatlardan, Azərbaycanda səhiyyənin inkişafından danışıb.
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Urud bildirib ki, Səhiyyə komitəsi və Səhiyyə Nazirliyi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin icra etdiyi pilot layihəyə dəstək olur.
Açılış mərasimində Mingəçevir şəhərindəki Müşfiq Mirzəyev adına “Dostluq” parkında qurulmuş 4 çadırda sakinlər sağlam həyat tərzi haqqında məlumatlandırılıb, əhali arasında ən çox rast gəlinən xəstəliklərin profilaktikası məqsədi ilə ailə və ixtisas həkimləri tərəfindən konsultasiyalar verilib, profilaktik müayinələr (arterial qan təzyiqinin ölçülməsi, bədən kütlə indeksinin təyini, qanda şəkərin səviyyəsinin müəyyən edilməsi, süd vəzisinin manual müayinəsi, görmə itiliyinin müayinəsi, tənəffüs yollarının müayinəsi – spirometriya və s.) aparılıb.
Qeyd edək ki, tədbirin təşkilində Mingəçevir Şəhər İcra Hakimiyyəti, şəkərli diabet xəstələri ilə bağlı tədbirlərin həyata keçirilməsində isə “Novonordisk” şirkəti tərəfindən texniki dəstək göstərilib.
Daha sonra tədbir iştirakçıları yeni təmir olunmuş Ailə Sağlamlıq Mərkəzinin açılışında iştirak ediblər. İştirakçılara məlumat verilib ki, hazırda köhnə həkim tibb məntəqələrinin yerində Ailə Sağlamlıq Mərkəzləri (ASM) fəaliyyət göstərir. İki pilot bölgə üzrə bu mərkəzlərdə ümumilikdə 79 ailə həkimi çalışır, onların bilik və bacarıqlarının artırılması məqsədilə təlim proqramı hazırlanıb və həyata keçirilir.
Qeyd olunub ki, Agentliyin fəaliyyəti müddətində 2 ASM-in binası (Malbinəsi ASM, Qaramanlı ASM) yenidən inşa olunub, Aran ASM-in binası hazırda tikilir. Dörd ASM binası isə təmir edilib. Rayonlarda yerləşən ASM-lər lazımi tibbi avadanlıqlarla (USM aparatı, elektrokardioqraf, rentgen, fetal doppleroqrafiya, KTQ (kardiotokoqrafiya)) təchiz edilib . Mərkəzi ASM-lərdə isə yuxarıda sadalanan avadanlıqlarla yanaşı, göz müayinəsi üçün refraktometr, göz uniti, foropter, biomikroskop və digər avadanlıqlar da mövcuddur.