Çox ağır vəziyyətdə olan 1 100 nəfərin həyatı xilas edilib
Bu ilin ilk 6 ayı ərzində Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına (BŞTTTYS) 334 mindən artıq müraciət daxil olub. Bu isə o deməkdir ki, ötən ilin eyni dövrü ilə müqayisədə müraciətlərin sayı 30 mindən çox artıb.
Bu barədə Səhiyyə Nazirliyi mətbuat xidmətinin BŞTTTYS-nın fəaliyyəti haqqında məlumatında bildirilir. Qeyd edilir ki, bütün müraciətlər üzrə əhaliyə zəruri tibbi yardım göstərilib. 31 800-dən çox vətəndaş xəstəxanalara yerləşdirilib. 1 100 nəfərdən çox xəstə reanimasiya tədbirlərinin görülməsi nəticəsində çox ağır vəziyyətdən çıxarılaraq, həyatı xilas edilib.
Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına daxil olan müraciətlərin səbəblərinə gəlincə, 179 mindən artıq müraciət qəfləti xəstəliklərlə əlaqədar, 460 müraciət (440-a yaxın hospitalizasiya) miokard infarktı ilə bağlı, 1 880 müraciət (1 680 hospitalizasiya) insult diaqnozu ilə, 1 580 müraciət (1 580 hospitalizasiya) doğuşla bağlı, 1 170 müraciət (1000-dən artıq hospitalizasiya) avtoqəza zamanı xəsarətlərlə əlaqədar olub.
Bu ilin 6 ayı ərzində uşaqlar üçün 36 500-dən çox çağırış edilib, onlardan 6 300-dən çoxu hospitalizasiya olunub. Pediatrik reanimasiya briqadaları tərəfindən küvez aparatlarının köməyi ilə uzaq rayonlardan gətirilən, eləcə də paytaxtın doğum evlərində anadan olmuş az çəkili və ya ağır qüsurlarla doğulmuş 500-ə yaxın körpə Respublika Perinatal Mərkəzinə və K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutuna yerləşdirib.
Məlumatda o da vurğulanır ki, təcili yardım xidməti öz işini digər tibb müəssisələri ilə sıx əlaqəli şəkildə təşkil edir. Belə ki, evdə qalan, hospitalizasiya olunmayan ağır xəstələr haqqında ərazi üzrə müvafiq poliklinikalara məlumat verilir. Həmçinin çağırış zamanı zahı və hamilə qadınlar aşkar edilərsə, bu barədə müvafiq qadın məsləhətxanası xəbərdar edilir.
BŞTTTYS daimi yaşayış yeri olmayan şəxslərə tibbi yardım göstərilməsinə xüsusi diqqət ayırır. Birinci yarımillikdə daxil olan çağırışlardan 190-ı məhz belə şəxslərlə bağlı olub.
Qeyd edək ki, Bakı Baş Səhiyyə İdarəsinin göstərişinə əsasən, 2016-cı ilin iyun ayından etibarən daimi yaşayış yeri məlum olmayan şəxslər barədə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çağırış daxil olduqda, onlar əvvəlcə təcili tibbi yardım briqadası tərəfindən müayinə olunur və ilkin tibbi yardım göstərilir. Evsiz şəxslər həmçinin cərrah, travmatoloq və rentgen müayinəsindən, zərurət olduqda, toksikoloji müayinədən keçirilir. Ehtiyac olarsa, dezinfeksiya stansiyasına aparılaraq sanitar təmizləmə tədbirləri görülür. Müayinə nəticəsində hansısa bir xəstəlik (o cümlədən ruhi pozuntu, vərəm xəstəliyi və s.) aşkarlanarsa, ərazi prinsipinə əsasən, profil üzrə müvafiq xəstəxanaya yerləşdirilir. Onların hansı xəstəxanaya yerləşdirilməsi Bakı Baş Səhiyyə İdarəsi tərəfindən əvvəlcədən verilmiş qrafikə əsasən həyata keçirilir.
Mətbuat xidmətinin məlumatında o da bildirilir ki, yay mövsümü başlanandan ilan sancması ilə əlaqədar cəmi 31 müraciət olub, bunlardan 3 nəfəri uşaqdır. 30 halda zərərçəkənlər hospitalizasiya edilib.
Həmçinin qeyd edilir ki, 103 xidmətinə gündəlik daxil olan çağırışların qeydiyyatı, icra edilmək üçün bölmələrə yönəldilməsi və hesabatı proqramının, eləcə də hospitalizasiyanın təşkili və uçotunun təkmilləşdirilməsi istiqamətində işlər aparılır. Şöbələr arasındakı əlaqəli işin keyfiyyətini yüksəltmək, məlumatların mərkəzə ötürülməsində vaxt itkisinin qarşısını almaq məqsədilə bölmələrin vahid internet şəbəkəsi yaradılıb. Əməliyyat və hospital işlərin təşkili və Müalicə metodik işlərin təşkili şöbələrinin böyük həkimləri tərəfindən ünvanlara zənglər olunur, göstərilmiş ilkin tibbi yardımın keyfiyyəti barədə sorğular aparılır.
2017-ci ilin ilk 6 ayı ərzində BŞTTTYS-nın həkim və orta tibb işçilərinin ünvanına 500-dən artıq təşəkkür məktubu və zəngləri daxil olub, həmin şəxslərə stansiyanın rəhbərliyi tərəfindən təşəkkür elan edilib.
Mətbuat xidmətindən verilən daha bir məlumata görə, bu ilin iyun-iyul aylarında Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına günvurma ilə əlaqədar 93 nəfər müraciət edib, 41 nəfər xəstəxanalara yerləşdirilib. Müraciətlərin 17-si uşaqlarla bağlıdır ki, onlardan da 11-i hospitalizasiya olunub.