Antenatal qulluq ciddi nəzarətdə saxlanılır

Antenatal qulluq ciddi nəzarətdə saxlanılır

İl ərzində qadın məsləhətxanasına müraciət edənlərin 41-42 faizi risk qrupuna aid olan hamilələrdir. Onların arasında qan azlığı (anemiya) olanlar üstünlük təşkil edir. Riskli hamilələrdə ürək-damar sistemi qüsurları, böyrək patologiyaları, şəkərli diabet, varikoz genəlmələr və digər xəstəliklər də müşahidə olunur. Qeysəriyyə əməliyyatı ilə övlad dünyaya gətirən analar növbəti hamiləlik zamanı risk qrupuna daxil edilir və planlı şəkildə təkrar qeysəriyyə əməliyyatına getməlidirlər. Həmin analara daha ciddi ambulator və stasionar xidmət göstərilir. Dünyaya sağlam körpə gətirmək üçün hamiləliyin ilk 5-11-ci həftələri ərzində qadın məsləhətxanasına müraciət etmək və tam müayinələrdən keçmək lazımdır. Bu yolla patoloji halların qarşısını almaq və ya onları vaxtında aşkarlamaq mümkündür. Anaların müayinələrdən yayınması, müalicələrdən imtina etməsi və məsləhətxanaya üz tutmaması onların və körpələrinin sağlamlığında problemlər yarada bilər.
Bu barədə Bakının Binəqədi rayonundakı 9 nömrəli Qadın Məsləhətxanasının baş həkimi Tərifə İsgəndərova həmin səhiyyə müəssisəsində keçirilmiş, ölkəmizdə antenatal qulluğun təşkili məsələlərinə həsr olunmuş tədbirdə jurnalistlərə məlumat verib.
Baş həkim söyləyib ki, müasir dövr ana və uşaqlara xidmətin səviyyəsinin daha da artırılmasını tələb edir. Həm paytaxt Bakıda, həm də regionlarda gələcək nəslin sağlamlığı naminə antenatal qulluq, hamilə qadınların və dünyaya gələcək körpələrin vaxtında müayinə və müalicəsi ciddi şəkildə təşkil olunur və nəzarətdə saxlanılır. Bu məqsədlə qadın məsləhətxanalarında zəruri şərait yaradılıb. Hamilələrin vaxtında aşkar edilməsini və qadın məsləhətxanalarına cəlb olunmasını olduqca önəmli məsələ adlandıran T.İsgəndərova bildirib ki, qadın məsləhətxanalarında hamilələr Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş Antenatal xidmət üzrə protokol əsasında müayinə və müalicə edilirlər. Burada hamiləliyin hər dövrünə ciddi şəkildə nəzarət olunur, hər hansı genital və ya ekstragenital patoloji hal baş verərsə, qadın dərhal mütəxəssislər tərəfindən nəzarətə götürülür və lazım gəldikdə hospitalizasiya həyata keçirilir.
Bildirilib ki, Binəqədi rayonundakı 9 nömrəli Qadın Məsləhətxanası rayonun 127,4 min qadın əhalisinə və 10 min nəfər qaçqın və məcburi köçkün qadına tibbi xidmət göstərir. Bu ilin 7 ayı ərzində 1 765 hamilə nəzarətə götürülüb, onlardan risk qrupuna daxil olan 547 qadına daha ciddi ambulator və stasionar nəzarət olunur. 233 hamilə qadın stasionar müalicəyə göndərilib.
Qadın məsləhətxanasının rəhbəri əlavə edib ki, hamilə qadınlar çox vaxt mama-ginekoloqa müraciət etdikləri üçün qadın məsləhətxanasına gəlməyi vacib bilmirlər. Bunun yanlış olduğunu söyləyən natiq qeyd edib ki, hamilə qadın 39-cu həftəyə kimi mütləq məsləhətxana həkimlərinin nəzarətində olmalıdır. Fizioloji halda o, hamiləlik dövründə yeddi dəfə qadın məsləhətxanasına üz tutmalıdır, lakin hansısa risk faktoru varsa, daha çox müraciət etməsi məsləhətdir. Hamilələrdən bəziləri qadın məsləhətxanasında qeydiyyata formal yanaşır, yalnız hamiləliyin son aylarında analıq məzuniyyəti ilə əlaqədar lazımi sənədləri almaq üçün müraciət edirlər. Burada da əsas yanaşma ikili xidmət – iki həkim məsələsi ilə əlaqədardır. Hamilə qadın ilk aylardan qadın məsləhətxanasına deyil, başqa həkimə müraciət edirsə, onun verdiyi məsləhətləri üstün tutursa, bunun nəticəsində bəzən müəyyən problemlər meydana çıxa bilər.
T.İsgəndərova bildirib ki, əhalinin maarifləndirilməsi, hamilələrin qadın məsləhətxanalarına cəlb edilməsi, onların hamiləlik mövzusunda məlumatlandırılması məqsədi ilə bu səhiyyə ocaqlarında analıq məktəbləri təşkil olunur. Bu təlimlərdə hamiləliyin hər üç trimestrinə aid müxtəlif mövzularda (hamilə qadınların qidalanması, şəxsi gigiyenası, ana südü ilə qidalandırmaya hazırlıq, doğuşa hazırlıq, zahılıq dövründə qulluq və s.) mühazirələr oxunur.
Toplantıda həmçinin məlumat verilib ki, Səhiyyə Nazirliyinin 22 saylı əmrinə əsasən, antenatal xidmətin səviyyəsinin yüksəldilməsi məqsədi ilə Bakı şəhərinin həkim mama-ginekoloqları bölgələrə ezam edilirlər. Bu isə Bakı şəhəri və regionların həkim mama-ginekoloqları arasında fikir mübadiləsinin aparılmasına, regionlarda antenatal xidmətin hərtərəfli təşkilinə böyük töhfə verir.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova