Ali və orta tibb işçilərinin sertifikasiyası davam edir

Ali və orta tibb işçilərinin sertifikasiyası davam edir

Azərbaycanda 2011-ci ilin əvvəlindən ali tibb mütəxəssislərinin, 2012-ci ildən isə orta tibb işçilərinin sertifikasiyası aparılır. Tibbi kadrların vahid registrində 42 573 ali, 75 458 orta tibb işçisi qeydiyyatdan keçib. Ali tibb işçilərindən 1 668, orta tibb işçilərindən isə 14 287 nəfəri özəl klinikalarda çalışır. Bu ilin avqustun 1-dək olan məlumata görə, ümumilikdə, ali tibb mütəxəssislərinin 62%-nə (26 339 nəfər, o cümlədən 421 nəfər ali təhsilli əczaçı), orta tibb işçilərinin isə 54%-nə (40 869 nəfər, onlardan 215 nəfəri orta tibb təhsilli əczaçı) sertifikasiya şəhadətnaməsi verilib. Naxçıvan Muxtar Respublikasında çalışan tibb işçiləri də vahid registrdə qeydiyyatdadırlar və onların sertifikasiya prosesi Naxçıvan Səhiyyə Nazirliyi tərəfindən aparılır.
Bu barədə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) Səhiyyə mütəxəssislərinin sertifikasiya şöbəsinin müdiri Fariz Babayev həkimlərin sertifikasiyasına həsr olunan mətbuat konfransında məlumat verib.
Qeyd olunub ki, sertifikasiya prosesi səhiyyə sistemində əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması və savadlı kadr potensialının formalaşdırılması məqsədi ilə həyata keçirilir. Son illərdə səhiyyə islahatlarının aparılması, müasir tibb ocaqlarının istifadəyə verilməsi və onların yüksək texnologiyalı tibbi avadanlıqlarla təchiz edilməsi səhiyyə müəssisələrində işləyən tibb personalının bilik və bacarığının müasir standartlara uyğunlaşdırılmasına xüsusi zərurət yaradır. Səhiyyə mütəxəssislərinin sertifikasiya şöbəsi müasir informasiya texnologiyalarından istifadə edərək, səhiyyə müəssisələrində çalışan və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiyası prosesini həyata keçirən və tənzimləyən, onların peşəkarlıq səviyyəsini və peşə yararlılığını yoxlayan qurumdur.
Şöbə müdiri söyləyib ki, Nazirlər Kabinetinin 2015-ci il dekabrın 1-də təsdiq etdiyi Qaydaya görə, sertifikasiyanın keçirilmə prosedurunda müəyyən dəyişiklik edilib. Həmin Qaydaya əsasən, sertifikasiya imtahanının sualları test və klinik tapşırıq hissələrinə bölünür. İmtahanın 60 sualdan ibarət test hissəsi informasiya texnologiyaları və xüsusi optik cihazlar vasitəsilə oxunur. Klinik hissə isə sertifikasiyaya cəlb edilən səhiyyə mütəxəssislərinin ixtisasına aid, habelə onların praktik bilik səviyyəsini və peşə vərdişlərini müəyyən edən 5 tapşırıqdan ibarətdir. İmtahan suallarının test hissəsi üzrə 40 və daha çox, klinik tapşırıq hissəsi üzrə isə 16 və daha çox bal toplayan mütəxəssislər sertifikasiyadan keçmiş hesab olunurlar. Sertifikasiyadan keçənlərə imtahan bitən gündən 5 iş günü müddətində sertifikasiya şəhadətnaməsi verilir. Həmçinin şəhadətnamənin surəti onların təqdim etdikləri elektron poçt ünvanına göndərilir.
Bildirilib ki, sertifikasiya imtahanları qanunvericiliyə uyğun, aşkarlıq şəraitində, şəffaf üsullarla həyata keçirilir. Səhiyyə Nazirliyinin tabeliyindəki səhiyyə müəssisələrində çalışan tibb mütəxəssisləri kimi, özəl tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan tibb mütəxəssisləri, eləcə də digər nazirliklərin tabeliyində olan səhiyyə müəssisələrində işləyən tibb mütəxəssisləri də sertifikasiyadan keçirlər. Qanunvericiliyə uyğun qaydada sertifikasiyadan keçməyən işçilərin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. Səhiyyə Nazirliyinin elmi tədqiqat institutlarında çalışan və yalnız elmi işlə məşğul olan mütəxəssislər sertifikasiyaya cəlb edilmirlər.
ADHTİ-nun Sənədlərin qəbulu və qeydiyyat bölməsinin müdiri Müşkünaz Şahmuradova bildirib ki, ötən ilin yanvarından 6 452 həkim imtahanlardan uğurla keçərək sertifikat şəhadətnaməsi alıb. Bundan başqa, 3 597 nəfər təkrar imtahandan keçib. Həmin müddətdə 18 406 orta tibb işçisi imtahana buraxılıb. Onlardan 14 557 nəfər prosedurdan uğurla keçib, o cümlədən 1 098 nəfər təkrar imtahandan sonra sertifikat alıb. 2012-ci ildən bəri imtahanlardan keçə bilməyən 905 ali təhsilli həkimdən 252-si, 2 508 orta tibb işçisindən isə 900-ü sonradan verdiyi imtahanlar nəticəsində sertifikata yiyələnib.
Qeyd olunub ki, imtahanlardan keçə bilməyənlər və yaxud müxtəlif səbəblərdən imtahana gəlməyənlər sertifikasiya prosesində iştirak edən mütəxəssislərin təxminən 14%-ni təşkil edir. Vahid registrdə qeydiyyatda olanlarla sertifikat alanların sayında fərqlər isə ondan irəli gəlir ki, ali və orta tibb təhsili almış, lakin hazırda heç bir yerdə işləməyən, yaxud sosial məzuniyyətdə olan tibb işçiləri də registrdə qeydiyyatdadırlar.
Mətbuat konfransında məlumat verilib ki, 2016-cı ildə artıq tibb işçilərinin resertifikasiyasına başlanılıb. Yəni vaxtilə imtahan verərək beşillik müddətə praktik fəaliyyətlə məşğul olma icazəsi almış tibb işçiləri indi təkrar sertifikasiyadan keçərək, növbəti 5 il üçün bu hüququ yenidən qazanırlar.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova