Davamlı tibbi təhsil həkimlərə daim təkmilləşmək imkanı yaradır
Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının növbəti yığıncağında həkimlərin davamlı tibbi təhsili mövzusu müzakirə olunub.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirildiyinə görə, tədbirdə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) rektoru, professor Nazim Qasımov Nazirliyin 20 iyun 2017-ci il tarixli əmri ilə təsdiq edilmiş “Həkimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsinə dair müvəqqəti Qaydalar”, praktik tibbi fəaliyyətlə məşğul olan həkimlərin həmin qaydalarla tənzimlənən davamlı tibbi təhsil prosesi barədə ətraflı məlumat verib, toplantı iştirakçılarının suallarını cavablandırıb.
Bildirilib ki, əhaliyə göstərilən tibbi yardımın keyfiyyəti, səhiyyə sistemi resurslarından optimal istifadə edilməsi tibb kadrlarının hazırlıq səviyyəsindən birbaşa asılıdır. Bunun üçün isə tibb təhsili prosesinin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması, davamlı tibbi təhsil vacib şərtdir.
Nazirliyin Kadrlar, elm və təhsil şöbəsinin mütəxəssisi Təranə Əhmədova çıxışında bildirib ki, adı çəkilən əmrə əsasən, Səhiyyə Nazirliyinin Kadrlar, elm və təhsil şöbəsinə və Elmi-Tibbi Şurasına səhiyyə, elm və təhsil müəssisələri, peşəkar cəmiyyətlər və digər müəssisə və təşkilatların keçirdiyi elmi və tədris tədbirlərinin davamlı tibbi təhsil üzrə akkreditə olunması barədə bir ay müddətində təkliflər irəli sürmək, Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinə isə davamlı tibbi təhsil sistemi üzrə yeni tədris ilinədək elektron proqram hazırlamaq və istifadəyə vermək tapşırılıb. Onun sözlərinə görə, nəzərdə tutulan davamlı tibb təhsili sistemində həkimlər sertifikasiyadan keçmək üçün müəyyən miqdarda kredit toplamalı olacaqlar. Kredit həkimin təhsil fəallığının ölçü vahididir, o, il ərzində minimum 48 kredit, 5 illik sertifikasiya dövründə isə 240 kredit toplamalıdır.
Yığıncaqda həmçinin ölkəmizdə hazırlanan tibbi elmi və tədris materiallarının istifadəçilər üçün daha əlçatan olması, tibbi məlumat mübadiləsinin genişləndirilməsi, klinik fəaliyyətin standartlaşdırılması və keyfiyyətinin artırılması məqsədi ilə elektron tibbi kataloq bazası yaradılması və digər məsələlər müzakirə edilib.