28 İyul Ümumdünya Hepatit günüdür

28 İyul Ümumdünya Hepatit günüdür

Dünyada hər il 1,45 milyon insan hepatit səbəbindən vəfat edir

Ümumdünya Səhiyyə Assambleyasının qərarı ilə 2010-cu ildə 28 iyul tarixi Ümumdünya Hepatit günü elan edilib. Həmin gün bütün dünya ölkələrində hepatit viruslarına qarşı mübarizə və profilaktika tədbirlərinin gücləndirilməsini stimullaşdırmağa xidmət edir.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, hepatit (A, B, C, D, E) virusları kəskin xroniki xəstəliklər törədərək insanların sağlamlığında ciddi pozuntulara səbəb ola bilər. A və E viruslu hepatitlər adətən çirkli qidanın və ya suyun qəbul edilməsi nəticəsində yaranır. Hepatit B, C və D virusu qanla və ya bioloji mayelərlə təmas nəticəsində yoluxur. Hepatitə yoluxmuş insanların çox böyük əksəriyyəti bundan xəbərsiz olur, diaqnozu təyin edilmir və müalicə olunmur. Yalnız hepatitin müxtəlif formaları, onların qarşısının alınması və müalicəsi yolları barədə maarifləndirməni genişləndirməklə minlərlə insan həyatını xilas etmək olar.
Bu barədə ÜST-nin yaydığı informasiya bülletenində məlumat verilir. Qeyd edilir ki, hazırda dünyada təxminən 400 milyon nəfər hepatit virusuna yoluxmuş insan var, lakin onlardan yalnız hər 20 nəfərindən biri infeksiya daşıyıcısı olduğunu bilir. çünki orqanizmə düşən virus on illərlə özünü göstərməyə bilər. Statistikaya görə, hepatitə yoluxanların üçdə birində xərçəng və qaraciyər xəstəlikləri inkişaf edir. Bu səbəbdən hər il 1milyon 450 min nəfər həlak olur. Zəngin ölkələrdə yoluxma əsasən narkotik istifadəçiləri arasında baş verir. Sanitariya normalarına əməl etməyən tibb müəssisələrində də hepatit virusuna yoluxma halları olur.
Ümumdünya Hepatit günü ilə əlaqədar olaraq ÜST bütün ölkələri milyonlarla insanın həyatını xilas etmək üçün hepatitin diaqnostikası və müalicəsinin keyfiyyətini yüksəltməyə çağırıb. BMT-yə üzv dövlətlər tərəfindən imzalanmış davamlı inkişaf məqsədlərinə uyğun olaraq, 2030-cu ilədək hepatitə yoluxanların sayının 90 faiz azaldılması əsas hədəf seçilib.
Bu xəstəliyin müayinə və müalicəsi istiqamətlərində Azərbaycanda da mühüm tədbirlər görülür. Bu sahədə fəaliyyət Səhiyyə Nazirliyinin hepatit viruslarına yoluxmuş xəstələrdə diaqnozun qoyulması, onların qeydiyyatının aparılması, dərman preparatları ilə təmin edilməsi və müalicələrinin təşkilinin təkmilləşdirilməsi məqsədilə verilmiş əmrinə əsasən tənzimlənir. Bu tədbirlərdən biri kimi, Səhiyyə Nazirliyində Hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə xüsusi komissiya yaradılıb. Hepatitli xəstələrin diaqnozunun dəqiqləşdirilməsi məqsədilə müayinə planı təsdiq edilib və digər işlər həyata keçirilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu ilin birinci yarımilində Hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə komisiyaya B və C viruslu hepatit xəstələrindən 1388 müraciət (tibbi sənədlər) daxil olub və mütəxəssislər tərəfindən baxılıb.
Ümumilikdə, iyunun 30-dək komissiyada kumulyativ olaraq 5135 (hepatit C – 3961, hepatit B – 1174) müraciətə baxılıb. Nəticədə, 3533 şəxsin müalicəsi haqqında (48 həftə – 1032, 24 həftə – 2501) qərar qəbul edilib. PZR müayinəsinə göndərilmiş xəstələrin ümumi sayı 990 nəfər təşkil edib.
Komissiyanın rəyinə əsasən, 577 nəfərin hepatit B virusunun sağlam daşıyıcısı olduğu müəyyən edilib. 58 nəfərdə hepatit B və hepatit D koinfeksiyası, 77 nəfərdə hepatit B və hepatit C koinfeksiyası aşkarlanıb. Qaraciyər sirrozundan əziyyət çəkənlərin sayı 260 nəfər olub.
Qeyd edək ki, 28 İyul – Ümumdünya Hepatit günü ilə əlaqədar olaraq ölkəmizdə müxtəlif aksiyalar keçirilib. Bu tədbirlərdən biri Respublika Diaqnostika Mərkəzində (RDM) təşkil olunub. İyulun 28-30-da bu tibb müəssisəsində həkim-hepatoloqun pulsuz konsultasiyası keçirilib. Üç gün davam edən müayinələr xaricdə təhsil almış həkim-hepatoloq tərəfindən aparılıb və xəstəliyin vaxtında aşkarlanmasına, profilaktika və müalicə tədbirlərinin aparılmasına yönəldilib.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova