Yaponiyada qadınlar, İsveçrədə kişilər ən uzun ömür yaşayır
Son 15 ildə dünya üzrə gözlənilən ömür uzunluğunun orta göstəricisi beş il müddətinə artıb. Bu isə o deməkdir ki, 1990-cı illərdə bu sahədə vəziyyətin kəskin pisləşməsindən sonra artıq situasiya düzəlməyə doğru gedir. Qeyd edək ki, həmin dövrdə dünya üzrə gözlənilən ömür uzunluğu göstəricilərinin aşağı düşməsi əsasən Afrikada QİÇS epidemiyası ilə əlaqədar və Şərqi Avropada Sovet İttifaqının dağılmasından sonra baş vermişdi. Lakin ümumi artımla yanaşı, zəngin və yoxsul ölkələr arasında bu göstəricilər arasında böyük fərq hələ də qalır. Belə ki, Yaponiyada qadınların gözlənilən ömür uzunluğu 86,8 il, Syerra-Leonedə isə 50 ildir. Həmçinin ölkələrin öz daxilində də müxtəlif bölgələr arasında müəyyən fərqlər var.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) “Dünya səhiyyəsinin statistikası: davamlı inkişaf məqsədləri ilə bağlı sağlamlıq göstəricilərinin monitorinqi” adlı hesabatında məlumat verilir.
Məruzədə bildirilir ki, 2000-ci ildən 2015-cu ilədək olan dövrdə gözlənilən ömür uzunluğunun beş il müddətinə artması 1960-cı illərdən indiyədək ən yüksək artım tempidir. Dünya üzrə bu göstəricinin ən böyük artımı isə Afrika qitəsində qeydə alınıb. Belə ki, son illər ən nəzərəçarpacaq irəliləyişə nail olan bu regionda görülən tədbirlər, o cümlədən İİV infeksiyasına və malyariyaya qarşı mübarizə sayəsində gözlənilən ömür müddəti 9,4 il artıb və orta hesabla 60 yaş təşkil edir.
Hesabatda bildirilir ki, Rusiyada qadınlar arasında gözlənilən ömür uzunluğu 76,3 il, kişilərdə 64,7 il, Ukraynada müvafiq olaraq 76,1 və 66,3 il, Belarusda 78 və 66 ildir. Azərbaycanda gözlənilən ömür müddəti qadınlarda təqribən 76 il, kişilərdə isə 69,6 il təşkil edir.
Ümumilikdə, dünya üzrə orta ömür uzunluğu 2015-ci ildə anadan olmuş insanlarda 71,4 ildir (qızlar üçün 73,8 il, oğlanlar üçün 69,1 il). Lakin hər bir uşağın gələcəyi onun anadan olduğu yerdən asılıdır. Məruzədə bildirilir ki, yeni doğulan uşaqların gözlənilən orta ömür müddəti yüksək inkişaf etmiş 29 ölkədə 80 il və daha çoxdur. Afrikada Böyük Səhradan cənubda yerləşən 22 ölkədə isə bu göstərici 60 ildən azdır.
Qadınların ən yüksək orta ömür uzunluğu Yaponiyada (86,8 il), kişilər arasında isə İsveçrədə (81,3) qeydə alınıb. Dünyada ən aşağı göstəricilər hər iki cins üçün Syerra-Leonedədir. Burada orta hesabla qadınlar 50,8 il, kişilər 49,3 il ömür sürə bilirlər.
Məruzədə həmçinin sağlam ömür uzunluğu göstəriciləri də göstərilir. Belə ki, 2015-ci ildə doğulmuş uşaqlar üçün səhhəti yaxşı vəziyyətdə yaşanacaq illər dünya üzrə orta hesabla 63,1 il (qızlar 64,6 il, oğlanlar 61,5 il) proqnozlaşdırılır.
ÜST-nin Baş katibi Marqaret Çan qeyd edib ki, dünya profilaktikası və müalicəsi mümkün olan xəstəliklər səbəbindən vaxtsız ölümlərin və qarşısı alına bilən əzab-əziyyətin azaldılması sahəsində böyük nailiyyətlər qazanıb: “Lakin bu uğurlar qeyri-bərabər paylanıb. Heç kəsin unudulmaması üçün edə biləcəyimiz ən yaxşı iş səhiyyə xidməti ilə ümumi əhatəolunmaya nail olmaq üçün müxtəlif ölkələrə yardım etməkdən ibarətdir”.