İnsana süni qan hüceyrələri köçürülüb
Fransada süni surətdə yaradılmış qan hüceyrələrini insana köçürüblər. Söhbət laboratoriyada yetişdirilmiş qırmızı qan hüceyrələrindən gedir. Alimlərin dediklərinə görə, bu, süni qan yaradılması yolunda atılmış ilk əhəmiyyətli addımdır.
Parisdə yerləşən Pyer və Mari Küri Universitetində Lük Due və həmkarları əvvəlcə könüllülərin iliyindən qan yaradan hüceyrələri ayıra biliblər. Sonra inkişaf faktorlarından ibarət kokteyldən istifadə etməklə bu hüceyrələrdən qırmızı qan hüceyrələri yaradılıb. Onları izləmək üçün işarələdikdən sonra alimlər 10 milyard hüceyrəni (təqribən 2 millilitr qanı) donorun qanına yeridiblər.
Beş gün keçdikdən sonra orqanizmdə bu hüceyrələrin 94-100 faizi, 26 gündən sonra isə artıq 41-63 faizi qalıb. Bu cür yaşama qabiliyyəti adi qırmızı qan hüceyrələri ilə müqayisə oluna bilər. Bundan başqa, süni surətdə yaradılmış hüceyrələr təhlükəsizdir (onlar bədxassəli hüceyrələrə çevrilmir), oksigenlə normal birləşib onu azad edir. Eksperimentin müvəffəqiyyəti bundan ibarətdir ki, yaxın gələcəkdə biz qeyri-məhdud miqdarda qan hazırlanması texnologiyasını əldə edə biləcəyik.
Qeyd edək ki, əvvəllər də alimlər dəfələrlə qan əvəzedicisi yaratmağa cəhd göstəriblər, lakin məhsulun təhlükəsiz olmaması və səmərəsizliyi problemləri ilə qarşılaşıblar.
L.Due bildirir ki, o, yaxın vaxtlarda süni qan hüceyrələrinin tez, çox miqdarda və nisbətən ucuz istehsalına nail olmağa çalışacaq. Alimlərin hesablamalarına görə, bir köçürməyə 400 litr yetişdirilmiş maye tələb olunacaq.