BMT-nin Baş katibi: “Elm, birlik və həmrəylik COVID-19 üzərində qələbənin açarıdır”

BMT-nin Baş katibi: “Elm, birlik və həmrəylik COVID-19 üzərində qələbənin açarıdır”

COVID-19 pandemiyası ilə bağlı böhranın aradan qaldırılması üçün fövqəladə hallara daha yaxşı hazırlaşmaq, alimlərin fikrinə qulaq asmaq və həmrəylik ruhunda birgə fəaliyyət göstərmək lazımdır.
Bu fikirləri Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dəstəyi ilə Berlində keçirilən səhiyyə üzrə sammitin iştirakçılarına videomüraciətində söyləyib.
Səhiyyənin qlobal problemlərinin və onların həlli yollarının müzakirə olunduğu tədbirdə dünya dövlətlərinin, beynəlxalq təşkilatların və elmi ictimaiyyətin 2500 nümayəndəsi iştirak edib.
Antonio Quterreş videomüraciətində koronavirus pandemiyasının dağıdıcı nəticələrini xatırladıb: 42,5 milyon nəfər koronavirusa yoluxub, təqribən 1 milyon 147 min nəfər bu xəstəlikdən vəfat edib. Pandemiya səbəbindən 500 milyona yaxın iş yeri ixtisar edilib. Dünya iqtisadiyyatının hər ay üzləşdiyi itkilər 375 milyard dollara yaxındır. Qadınlara qarşı zorakılıq halları kəskin şəkildə artıb, psixi xəstəliklər isə “böhran daxilində böhrana” çevrilib.
“COVID-19 bizi 2030-cu ilə qədər olan dövrdə davamlı inkişaf gündəliyində nəzərdə tutulanları həyata keçirmək imkanından uzaqlaşdırır”, - deyən BMT rəhbəri daha sonra əlavə edib ki, “biz bu çağırışa hazır deyildik”.
Quterreş xatırladıb ki, səhiyyənin əlçatanlığı hüququ dünyada milyardlarla insan üçün əslində əlçatmaz olub. Tibbi xidmətlərin yüksək dəyəri səbəbindən insanların çoxu bu xidmətlərdən istifadə edə bilmir. Baş katibin fikrincə, ümumi tibbi sığorta tibbi xidmətin hər kəs üçün əlçatan, keyfiyyətli və ədalətli olmasının yeganə yoludur.
BMT-nin Baş katibi əmindir ki, bu gün elmə güvənmək, birlik və həmrəylik ruhunda fəaliyyət göstərmək həmişəkindən daha zəruridir. Onun fikrincə, məhz bu vasitələr, bir də virusun qarşısını almaq üçün yoxlanılmış vasitələr - maskalar, fiziki məsafə və əllərin gigiyenası pandemiyaya qalib gəlməyə kömək edə bilər.
“Hər bir mərhələdə qlobal həmrəylik lazımdır. İnkişaf etmiş ölkələr resursların çatışmadığı ölkələrdə səhiyyə sistemlərini dəstəkləməlidirlər”, - deyən Quterreş vurğulayıb ki, səmərəli vaksin yaradılmasına diqqəti artırmaq və onun hamı üçün əlçatan olmasını təmin etmək lazımdır.
BMT-nin rəhbəri deyib: “Vaksinlər, diaqnostika və səmərəli müalicə üsulları insanları xilas etmək tədbirləri olmaqla bərabər, pula qənaət etməyə və cəmiyyəti xilas etməyə kömək edəcək”. Onun fikrincə, təkcə bir istiqamətdə fəaliyyət göstərməklə virusa qalib gəlmək mümkün deyil. Baş katib bu problemi kompleks şəkildə həll etməyə çağırıb, müasir tədqiqatları səhiyyə sahəsində baza əhəmiyyətli tədbirlərlə əlaqələndirməyi təklif edib.
Baş katib vurğulayıb ki, yalan məlumatın yayılması öldürücü virusun müttəfiqidir. Onun sözlərinə görə, virus, şayiələr və yalan birləşdikdə yoluxma və ölüm halları artır, sosial gərginlik və zorakılıq geniş yayılır. O deyib: “Əgər biz şayiələrin, sui-qəsd və yalan nəzəriyyələrinin qarşısını almasaq, bütün səylərimiz puç olacaq”. A.Quterreş BMT-nin COVID-19 pandemiyası ilə bağlı yalan informasiyanın yayılmasına qarşı mübarizəyə yönəlmiş “Yoxlanılmışdır!” kampaniyasını xatırladıb və beynəlxalq birliyi COVID-19-a qarşı vahid cəbhə şəklində çıxış etməyə çağırıb.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova