Ünsiyyət arıqladır
Amerika alimləri bu qənaətə gəliblər ki, sosial aktivlik piy yığınlarının aktiv yandırılmasına kömək edir.
İnsan orqanizmində iki cür - ağ və boz-qonur piy toxuması var. Bunlardan nazik sitoplazma qatı ilə örtülü piy damcısına bənzəyən ağ piy toxuması üstünlük təşkil edir. Orqanizmdə məhz onun çoxluğu artıq çəkiyə və piylənməyə səbəb olur.
Uzun müddət alimlər hesab ediblər ki, boz-qonur piy toxuması yalnız yeni doğulmuş körpələrdə olur. Bu toxumanın hüceyrələrində çox olan və ona xarakterik rəng verən mitoxondrilərdə lipidlər fəal surətdə yandırılır və bu zaman istilik ayrılır. Əvvəllər hesab edilirdi ki, bu piyin əsas funksiyası yeni doğulmuş körpənin orqanizminin ətraf mühitə adaptasiyasıdır. Lakin bu yaxınlarda sübut olunub ki, yaşlı insan orqanizmində də boz-qonur piy var, özü də mühitin iqlimi soyuq olduqca insanların piy toxumasının tərkibində bu piyin faiz nisbəti də artır.
Orqanizmdə ağ və boz-qonur piy toxumasının nisbətini ikincinin xeyrinə dəyişmək mümkün olsaydı, bu, piylənmə probleminin həllinə yardım edərdi. Amerika alimləri bu effekti əldə etmək üçün insanlara öz sosial həyatlarını aktivləşdirməyi - fəal surətdə canlı ünsiyyətdə olmağı tövsiyə edirlər. Onlar bir sıra təcrübələrin nəticələrinə əsasən bu fikrə gəliblər.
Siçanlar üzərində aparılan eksperiment zamanı şəraiti, fiziki yükü, qidalanması eyni olan siçanların bir qismini tək-tək, digərlərini isə 15-20 nəfərlik qruplar halında saxlayıblar. Qısa müddətdən sonra onların çəkisində fərq əmələ gəlib. Belə ki, qrup halında yaşayan siçanlarda ağ piy toxuması boz piyə çevrilərək tez yanıb, tək saxlananların isə çəkisi artıb. Siçanların saxlanma şəraitində yeganə fərq sosiallaşma səviyyəsində olduğuna görə, alimlər belə qənaətə gəliblər ki, məhz canlı ünsiyyət piy yığınlarının yandırılmasına kömək edir.
Eksperimentin ikinci mərhələsi bu fikri təsdiq edib. Belə ki, təklikdə kökəlmiş siçanlar sosial mühitə keçirildikdən, yəni o biri siçanların yanına buraxıldıqdan sonra artıq çəkilərinin, demək olar ki, yarısından azad olublar. Üstəlik, hətta yağlı qida da fəal ünsiyyətdə olan gəmiricilərin sürətlə artıq çəki yığmasına səbəb olmayıb.