Təcili yardım briqadaları çimərliklərdə növbə çəkir
Yayda havaların günbəgün isinməsi, bəzən insanların yüksək temperaturun sağlamlıqlarına vura biləcəyi zərəri nəzərə almadan həyatlarına davam etməsi, hər il olduğu kimi, yenə də günvurma halları ilə nəticələnir. Belə ki, yay mövsümü başlayandan indiyədək Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına (TTTYS) 6-sı uşaq olmaqla, 35 nəfər günvurma ilə bağlı müraciət edib, onlardan 11 nəfəri, o cümlədən 5 uşaq hospitalizasiya olunub. Bu haqda bizə Bakı şəhəri TTTYS-nın baş həkimi Rauf Nağıyev məlumat verdi.
Günvurma hadisələrinə daha çox iyul-avqust aylarında təsadüf olunduğunu deyən baş həkim qeyd etdi ki, günün çox hissəsini çimərlikdə, qızmar günəş şüaları altında keçirmək, fasiləsiz fiziki işlə məşğul olmaq insanları gün və isti vurma təhlükəsi ilə qarşı-qarşıya qoyur: “Nəzərə almaq lazımdır ki, qızmar günəş şüaları ən çox yaşlılara, uşaqlara, xroniki xəstəliklərdən əziyyət çəkənlərə və artıq çəkili insanlara təsir edir. Belə hallar insan orqanizminin həddindən artıq qızması nəticəsində baş verir. Günvurmanın əsas səbəbi başın örtüksüz, bədənin açıq və qorunma olmadan günəş şüalarına məruz qalmasıdır. Bürkülü və küləksiz hava, çimərliklərdə spirtli içkilərin qəbulu, həddən artıq yemək, günəş altında yatmaq da günvurma ilə nəticələnə bilər”.
R.Nağıyev bütün bunları nəzərə alaraq, bədən hərarətinin yüksəlməsinin qarşısını almaq məqsədilə tövsiyələrini verdi. Bildirdi ki, xroniki xəstəliyi olan şəxslər özlərini qorumaq üçün günün isti saatlarında açıq havaya çıxmamalı, zəruri hallarda baş örtüklərindən yararlanmalıdırlar: “Valideynlər azyaşlı uşaqları günəş şüalarından qorumalıdırlar, çünki onlarda hətta 30 dərəcə istidə də günvurma baş verə bilər. Sağlam adamlar da qızmar günəş altında 30-40 dəqiqə qalarsa, günvurma halı ilə üzləşə bilərlər. Çimərlik mövsümünü də nəzərə alaraq tövsiyə edərdim ki, insanlar səhər saat 11-dən axşam 5-ə kimi dənizə getməsinlər”.
Baş həkim fiziki hərəkətlər və idman etmək üçün səhər və axşam saatlarını seçməyi, tərkibində spirt, kofein, çox miqdarda şəkər olan içkilərin bədənin daha çox maye itirməsinə səbəb olduğunu nəzərə alaraq, qəbul edilməməsini məsləhət gördü: “İnsanlar yüngül, bədənə çox kip oturmayan, açıq rəngli, pambıq və kətan parçadan tikilmiş geyimlər, açıq rəngli baş örtükləri ilə yay mövsümünün qızmar günlərində günəşin zərərli təsirlərindən qoruna bilərlər. Həmçinin mövsümə uyğun, dar olmayan, ayağı tərlətməyən ayaqqabılara üstünlük verilməlidir. Gün ərzində heç olmasa bir dəfə duş qəbul etmək, dəri səthini daim təmiz saxlamaq da önəmli amildir”.
Müsahibimiz yay fəslində, havaların kəskin isti keçdiyi günlərdə düzgün qidalanmağın da vacib şərt olduğunu vurğuladı: “İnsanların gün ərzində 2-2,5 litr su qəbul etməsi zəruridir. Ümumiyyətlə, maye qəbulu zamanı qazlı içkilərdənsə, su, süd, ayran, təzə sıxılmış meyvə şirələri, bitki və meyvə çayları içmək, qarpız, üzüm, çiyələk, saftalı kimi meyvələr yemək məqsədəuyğundur. Qarpız maye itkisinin qarşısını almaqla yanaşı, bədəni vitamin və minerallarla da təmin edir. Yay mövsümündə yüngül qidalar qəbul edilməli, orqanizm üçün ağırlıq yaradan heyvan mənşəli ərzaqlardan, yağlardan, ət məhsullarından mümkün qədər az istifadə olunmalıdır. Göyərti və meyvə-tərəvəzə, ağartı məhsullarına üstünlük verilməlidir. Xüsusilə isti havalarda açıq satılan qidalardan uzaq durmaq lazımdır”.
Günvurmanın əsas əlamətlərindən danışan R.Nağıyev bunların zəiflik, ürəkbulanma, qusma, başgicəllənmə, güclü baş ağrıları, qulaqlarda küy, təngnəfəslik, nəbzin tezləşməsi, temperaturun 40 dərəcə və daha yüksək olması, üşütmə və s. olduğunu dedi. Qeyd etdi ki, ağır hallarda qıcolmalar və huşun itirilməsi də baş verə bilər. Bəzi hallarda bu əlamətlər dərhal, bəzən isə açıq günəş altında qaldıqdan bir neçə saat sonra, evə gəldikdə baş verir.
Baş həkim hər hansı bir şəxsi gün vurduqda ilk növbədə təcili tibbi yardıma müraciət etməyin vacib olduğunu vurğuladı: “Тəcili tibbi yardım gələnə qədər isə zərərçəkəni kölgəyə və ya sərin otağa aparmaq, onu sıxan paltarları çıxarmaq, yarıoturaq vəziyyətdə uzatmaq lazımdır. Gün vuran adama soyuq su verib, üzünü, sinəsini soyuq su ilə silmək, alnına, boyunun yan tərəflərinə, qoltuqaltı və qasıq nahiyələrinə, əl və ayaqlara soyuq su ilə kompres qoyulmalıdır. Тəcili tibbi yardım briqadası gəldikdə isə xəstəyə ixtisaslaşmış yardım göstərilir və ehtiyac yaranarsa, xəstəxanaya çatdırılır.
Müsahibimiz bizə açıqlamasında onu da bildirdi ki, bu il çimərlik mövsümü başlanandan təcili yardım briqadaları Bakının 15 çimərliyində vətəndaşlara xidmət göstərir. Bunlar Novxanı, Fatmayı, Pirşağı, Nardaran-1, Nardaran-2, Bilgəh, Zuğulba, Buzovna, Mərdəkandakı Sahil-1, Türkan, Hövsan, Şıx-2, Lökbatan, Qaradağ-1 və Qobustan çimərlikləridir.
Rauf Nağıyev stansiyaya suda boğulma ilə bağlı 23 müraciət daxil olduğunu, onlardan 4 nəfərin xəstəxanaya yerləşdirildiyini, 5 nəfərə yerində yardım edildiyini dedi. 14 nəfərdə isə həkimə qədər ölüm halı qeydə alındığını vurğuladı. Suda boğulanlardan 6 nəfərinin uşaq olduğunu və onlardan 2-sinin dünyasını dəyişdiyini söylədi. Bu halların həm təcili yardım briqadalarının xidmət göstərmədiyi qeyri-qanuni çimərliklərdə, həm də icazəli çimərliklərdə qeydə alındığını dedi.
Ü.FƏRZƏLİYEVA