Bu il ilan, əqrəb və qaraqurd sancmasından ölən olmayıb

Bu il ilan, əqrəb və qaraqurd sancmasından ölən olmayıb

“Son beş ayda Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə qida zəhərlənmələri ilə bağlı 60 müraciət daxil olub. Bunlardan 35-ə yaxını yüngül, qalanları orta və ağır qida zəhərlənməsi olub. Kimyəvi zəhərlənmələr arasında isə sirkə turşusundan zəhərlənmələr üstünlük təşkil edib – hər ay bu diaqnozla 10-15 xəstə klinikaya daxil olub. Onların da 80-90%-i ağır və ya kəskin ağır vəziyyətdə olanlardır. Ölüm halları da məhz sirkə turşusu ilə zəhərlənmələrdə qeydə alınıb”. Bu haqda KTM-in Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov mətbuat konfransında məlumat verdi.
Sirkə turşusundan zəhərlənmə hallarının böyük problem olduğunu söyləyən şöbə müdiri bunu nəzərə alaraq, həmin məhlulun faizinin azaldılması ilə bağlı əlaqədar qurumlara dəfələrlə müraciət etdiklərini bildirdi: “Əvvəllər sirkə turşusu 85-90%-lik istehsal edilirdisə, indi bu göstərici bir qədər azaldılıb və 75%-dir. Bununla belə, sirkə turşusundan zəhərlənmə ilə əlaqəli ölüm faizi hələ də çoxdur”.
A.Maqsudov fevral ayında Azərbaycanda baş verən ikinci devalvasiyadan sonra sirkə turşusu içərək özünə qəsd edənlərin sayında artım müşahidə olunduğunu da vurğuladı. O, fevral ayında banklara borcu olan 6 nəfərin sirkə turşusu zəhərlənməsi ilə xəstəxanaya gətirildiyini, onlardan ikisinin həyatını xilas etməyin mümkün olmadığını bildirdi. Mart ayında isə eyni səbəblə 8 nəfərin şöbəyə daxil olduğunu dedi. Aprel ayından etibarən isə belə xarakterli müraciətlərin sayının azaldığını, iki ay ərzində ümumilikdə bu halla bağlı 4 nəfərin xəstəxanaya gətirildiyini diqqətə çatdırdı.
A.Maqsudov bildirdi ki, bu ilin aprel-may aylarında ilan sancması ilə bağlı Toksikologiya şöbəsinə 24 müraciət daxil olub: “Onlardan 14-ü şöbəyə qəbul edilib, qalanına ambulator yardım göstərilib. Xəstələrdən 4 nəfəri ağır vəziyyətdə gətirilsə də, müalicədən sonra yaxşılaşaraq evə yazılıb. İlan sancmasından ölüm qeydə alınmayıb. İlansancma halları daha çox Bakıətrafı kəndlərdə, habelə Şamaxı, Ağsu, Qəbələ, Şəmkir, Tovuz rayonlarında, cənub və aran bölgələrində qeydə alınıb. Bakıda əsasən daş karxanalarında işləyən şəxslər ilan sancmalarına məruz qalır. Onu da qeyd edim ki, Azərbaycanın bütün tibb müəssisələri ilan zəhərinə qarşı zərdabla tam təmin edilib.
Son 2 ayda iki nəfəri əqrəb sancıb, 2 müraciət isə qaraqurd zəhərlənməsi ilə bağlı olub. Əqrəb və qaraqurd sancmasından ölüm hadisəsi baş verməyib”.
Mətbuat konfransında şöbə müdiri zəhərlənmə ilə bağlı ötən ilin statistik göstəricilərini də səsləndirdi: “2015-ci ildə şöbəmizə 2 462 xəstə qəbul olunub. Bu göstərici 2014-cü illə müqayisədə 27 nəfər çoxdur. Xəstələr arasında qəsdlə olmayan məişət zəhərlənmələri 1 432 nəfər, özünəqəsd xarakterli zəhərlənmələr isə 1 030 nəfər təşkil edib. Daxil olan xəstələrin əsas qrupu – 823 nəfər “dərman zəhərlənməsi” diaqnozu ilə qəbul edilənlərdir. “Dəm qazı və digər toksiki qazlarla zəhərlənmələr” diaqnozu ilə daxil olan xəstələrin sayı 502 nəfər, “yandırıcı məhlullardan zəhərlənmə” diaqnozu daxil olanların sayı 350 nəfər təşkil edib. Daxil olan xəstələr arasında ən böyük yaş qrupu 20-29 yaşlılardır – 740 nəfər (30,1 %), 419 nəfər isə (17,0 %) 15 yaşına kimi uşaqlardır”.
Azər Maqsudov sonda qeyd etdi ki, 1982-ci ildən fəaliyyət göstərən Toksikologiya şöbəsinin əsas vəzifələri kəskin zəhərlənmiş və onun nəticəsində vəziyyəti ağırlaşmış xəstələrin müalicəsi və reabilitasiyası, aktiv detoksikasiya üsulları tələb edən, endogen intoksikasiyalı xəstələrin müalicəsi, Bakı şəhəri və bütün ölkə üzrə müalicə-profilaktika müəssisələrinə mütəxəssis məsləhətlərinin verilməsi və operativ kömək göstərilməsindən ibarətdir. Şöbənin kollektivi bu vəzifələrin öhdəsindən bacarıqla gəlir. Toksikoloq-həkimlərin peşəkarlığından, onların dəfələrlə xarici ölkələrdə keçirilən elmi konfranslarda və seminarlarda iştirakından söz açan natiq ötən il Binəqədi rayonunda baş vermiş yanğında zərər çəkənlərə yüksək səviyyədə tibbi yardım göstərdiklərini, buna görə şöbənin kollektivinin Səhiyyə Nazirliyinin Fəxri fərmanı ilə təltif olunduğunu da xatırlatdı.

Ü.FƏRZƏLİYEVA





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova