Əvvəl istə, sonra pislə

«Tibb qəzeti» həyat yoldaşının ona lazım olan dərmanları ala bilmədiyini yazan Mahnisə Ələkbərovanın müraciətini araşdırdı
Bu günlərdə «tibbqazeti.az» saytına Cəbrayıl rayonundan məcburi köçkün, hazırda Sabirabad rayonu ərazisində köçkünlər üçün salınmış «Şəhriyar» qəsəbəsində 203 nömrəli evdə yaşayan, şəhid ailəsi Mahnisə Yaqub qızı Ələkbərovanın imzası ilə məktub daxil oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına və səhiyyə naziri Oqtay Şirəliyevə ünvanlanmış məktubda ailəsinin üzləşdiyi bir sıra sosial problemlərdən söz açan məktub müəllifi, eyni zamanda həyat yoldaşı, onkoloji xəstə kimi qeydiyyatda olan Məhəmməd Cəlil oğlu Xəlilovun ona lazım olan dərmanları ala bilmədiyini qeyd edir…
«Tibb qəzeti» olaraq qısa bir araşdırma aparıb həmin xəstənin hansı tibb müəssisəsində qeydiyyatda olduğunu və dövlət tərəfindən ona verilən dərmanları nəyə görə ala bilmədiyini öyrənməyə çalışdıq. Elektron poçt vasitəsilə yazışmalardan sonra, nəhayət, Mahnisə Ələkbərovanın oğlu Xəyyam Xəlilov ilə telefon əlaqəsi yarada bildik. Müsahibimiz qeyd etdi ki, atası Məhəmməd Xəlilov onkoloji xəstə kimi Sabirabad Mərkəzi Rayon Xəstəxanasında qeydiyyatdadır, lakin oradan indiyədək cəmisi bircə dəfə ağrıkəsici iynə alıb.
«Tibb qəzeti» Sabirabad Mərkəzi Rayon Xəstəxanasının «Aptek» şöbəsinin müdiri Asif Sadıqova müraciət edib, həmin xəstənin nəyə görə öz dərmanlarını ala bilmədiyinin səbəbi ilə maraqlandı. Məsələni araşdırdıqdan sonra bizə cavab verən müsahibimiz bildirdi ki, «Məhəmməd Cəlil oğlu Xəlilov, doğrudan da, onkoloji xəstə kimi Sabirabad MRX-da qeydiyyatdadır. Lakin məsələ burasındadır ki, belə xəstələr öz dərmanlarını almaq üçün xəstəxananın Poliklinika şöbəsinə müraciət eləməli və həkim-onkoloqun məsləhəti ilə müvafiq ağrıkəsiciləri almalıdır. Həmin xəstə isə indiyədək cəmisi bircə dəfə – 2013-cü ildə müraciət edib və lazımi preparatı alıb. Ondan sonra isə heç vaxt müraciət eləməyib. İstədiyi vaxt gəlib dərmanlarını ala bilər». Sabirabad MRX-nın «Aptek» şöbəsinin müdiri onu da qeyd etdi ki, «Sabirabad Mərkəzi Rayon Xəstəxanasında imtiyazlı xəstələrin dava-dərmanla yüksək səviyyədə təmin olunması üçün heç bir problem yoxdur».
A.Sadıqovla danışdıqdan sonra yenidən Xəyyam Xəlilovla əlaqə saxlayıb, atasının dərmanlarını almaq üçün Sabirabad MRX-nın Poliklinika şöbəsinə sonuncu dəfə 2013-cü ildə müraciət etdiklərinin doğru olub-olmadığını soruşduq. Şöbə müdirinin dediklərinin tam həqiqətə uyğun olduğunu bildirən müsahibimiz, doğrudan da, indiyədək bircə dəfə müracət etdiklərini, bundan sonra vaxtlı-vaxtında gedib atasına lazım olan preparatları alacaqlarını bildirdi və anasının məktubuna belə operativ reaksiya verdiyi üçün «Tibb qəzeti»nə minnətdarlığını bildirdi.
Q.NURİYEV
Xəbəri paylaş