Milli Qidalanma Sorğusunun nəticələri açıqlandı

Hamilə qadınların 40, hamilə olmayan qadınların isə 38 faizində anemiyanın olduğu üzə çıxıb
2013-cü ilin fevral-aprel aylarında BMT-nin Uşaq Fondu (UNİCEF) və Səhiyyə Nazirliyi tərəfindən aparılmış Milli Qidalanma Sorğusunun nəticələri bu günlərdə keçirilən iclasda elan olundu.
3351 qadın və 1455 uşağın iştirak etdiyi sorğunun yekunlarının müzakirə edildiyi tədbiri giriş sözü ilə açan Səhiyyə Nazirliyi Tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov son illər Azərbaycanın iqtisadi-sosial cəhətdən yüksək inkişafa nail olmasından danışdı. Ölkə iqtisadiyyatının güclənməsinin səhiyyə sisteminin inkişafında və sağlamlığın qorunması sahəsində rast gəlinən problemlərin həlli üçün şərait yaratdığını vurğuladı: «Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində iqtisadi və sosial sahədə genişmiqyaslı tədbirlər həyata keçirilir. Uğurlu sosial siyasətin göstəricilərindən biri də səhiyyənin inkişafıdır. Son 10 ildə səhiyyəyə ayrılan büdcə vəsaiti 10 dəfədən çox artıb. Bu müddət ərzində Bakı şəhərində və regionlarda 550-dən çox tibb müəssisəsi tikilib və ya əsaslı təmir edilib. Bütün müəssisələr müasir tibbi avadanlıq və texnika ilə təchiz olunub».
G.Poladov hazırda səhiyyə sahəsində 11 dövlət proqramının həyata keçirildiyini də tədbir iştirakçılarının diqqətinə çatdırdı. Yoluxucu xəstəliklərə qarşı mübarizədə əhəmiyyətli nəticələr əldə edildiyini dedi. Söylədi ki, bu sahə səhiyyənin prioritet istiqaməti kimi daim diqqət mərkəzindədir. O, onkoloji xəstəliklərdən, şəkərli diabet, hemofiliya və talassemiya irsi qan xəstəliklərindən, xroniki böyrək çatışmazlığından və s. əziyyət çəkən xəstələrin dövlət qayğısı ilə əhatə olunduğunu bildirdi. Ana və uşaq ölümünün səviyyəsinin bir neçə dəfə aşağı salındığını qeyd etdi.
Şöbə müdiri uşaqların, hamilə olan, olmayan qadınların qidalanma və sağlamlıq vəziyyətinin qiymətləndirilməsi məqsədi ilə keçirilən sorğunun əhəmiyyətini də diqqətə çatdırdı. Belə sorğuların həm əldə edilən uğurları, həm də nailiyyətləri artırmaq üçün səylərin daha çox yönəldilməsi tələb olunan sahələri müəyyənləşdirmək baxımından zəruriliyini vurğuladı.
UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Andro Şilakadze təmsil etdiyi təşkilatla ölkəmiz arasındakı əməkdaşlığın yüksək səviyyədə olmasından danışdı. Bildirdi ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan sürətlə inkişaf edir və müxtəlif sahələrdə, o cümlədən uşaq hüquqlarının müdafiəsi istiqamətində önəmli tədbirlər həyata keçirilir. O, bu sahədə qazanılan uğurlarda Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın xüsusi xidmətlərinin olduğunu diqqətə çatdırdı.
A.Şilakadze ən yaxın vaxtlarda ölkəmizdə hamilə qadınlar arasında müşahidə edilən anemiya və yeni doğulan körpələrin müstəsna olaraq ana südü ilə qidalandırılmaması problemlərinin də aradan qaldırılacağına ümidvar olduğunu bildirdi.
Sonra «Groundwork» tədqiqat agentliyinin müşaviri Ceyms Virs Milli Qidalanma Sorğusunun nəticələrini açıqladı. Tədqiqatın tərkib hissəsi kimi, 3926 ev təsərrüfatında müsahibələrin uğurla başa çatdırıldığını dedi. Əvvəlki illərdə keçirilən Demoqrafik Sağlamlıq Sorğusunun (DSS) nəticələri ilə müqayisədə Milli Qidalanma Sorğusunun yekununa əsasən göstəricilərin çoxunda əhəmiyyətli irəliləyişin müşahidə olunduğunu diqqətə çatdırdı: «59-cu aya kimi uşaqlar arasında anemiyanın yayılma göstəricisi 44.4 faizdən (DSS 2011-ci il) 24.2 faizə, qısaboyluluq göstəricisi 25,1 faizdən (DSS 2006-cı il) 18 faizə, boya görə çəkinin az olması göstəricisi 6,6 faizdən (DSS 2011-ci il) 3,1 faizə qədər azalıb. Uşaqların yalnız 10 faizində sink və 8 faizində A vitamini çatışmazlığı olub”.
Natiq sorğu zamanı ev təsərrüfatlarının hamısından yoxlama məqsədi ilə duz nümunələri götürüldüyünü və onların təxminən 94 faizinin yodlaşdırılmış olduğunu bildirdi. Bu göstəricinin əvvəlki illərdə keçirilən sorğuların nəticələri ilə müqayisədə yüksək olmasını, duzun yodlaşdırılması məsələsində şəhər və kənd əraziləri arasında heç bir fərq aşkarlanmamasını əhalinin sağlamlığının qorunması baxımından müsbət hal kimi dəyərləndirdi.
Andro Şilakadze uğurlarla yanaşı narahatlıq doğuran problemlərdən də danışdı: “Milli Qidalanma Sorğusu nəticəsində hamilə qadınların 40, hamilə olmayanların 38 faizində anemiya üzə çıxıb. Hamilə olmayan qadınların 35 və 20 faizində fol turşusu və B12 vitamininin çatışmadığı müəyyən edilib. Hamilə qadınların 62,8 faizində isə dəmir çatışmazlığı aşkarlanıb”.
Onun sözlərinə görə, hamilə qadınlarda anemiya və müstəsna olaraq, ana südü ilə qidalandırmama uşaqlar arasında xəstələnmə və ölüm hallarının yüksəlməsinə səbəb olur: “Eyni zamanda dünya təcrübəsi sübut edib ki, unun dəmirlə zənginləşdirilməsi dəmir çatışmazlığı və anemiya ilə mübarizə aparmağın ən səmərəli və ucuz yoludur. İnanıram ki, yüz minlərlə qadın və uşağın sağlamlığını yaxşılaşdırmaq üçün Azərbaycanda istifadə olunan bütün növ unların tərkibi dəmir və digər həyati vacib mikroelementlərlə zənginləşdiriləcək”.
Andro Şilakadze ana südü ilə qidalandırma və azyaşlıların əlavə qidalandırılması təcrübəsinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasına ehtiyac olduğunu da vurğuladı: «Sorğunun nəticələrinə görə, 6 aya qədər körpələrin yalnız 12 faizi təkcə ana südü ilə qidalandırılıb. Вir yaşına çatmış uşaqların yarıdan azına ana südü verilməsi davam etdirilib».
Natiq sorğunun nəticələri əsasında müxtəlif tövsiyələrin hazırlandığını dedi. Bildirdi ki, əhalinin dəmir mikroelementi ilə qidalanma vəziyyətinin yaxşılaşdırılması, gələcəkdə dəmir çatışmazlığı hallarının qarşısını almaq üçün buğda ununun zənginləşdirilməsi, ÜST və Səhiyyə Nazirliyi tərəfindən hazırlanmış rəhbərlik və təlimatlar əsasında müvafiq səhiyyə işçiləri və valideynlər arasında körpə və azyaşlıların qidalandırılması üzrə təlim kampaniyalarının keçirilməsi və s. tövsiyələr arasındadır.
O, sorğunun nəticələrindən irəli gələn bir sıra tövsiyələrin artıq «Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı»nda əksini tapdığını da vurğuladı. Qadın və uşaqların qidalanma vəziyyətinin yaxşılaşdırılması sahəsində göstərdiyi səylərə görə, Səhiyyə Nazirliyinə minnətdarlığını bildirdi.
Tədbirin sonunda iştirakçılarını maraqlandıran suallar cavablandırıldı.
Ü.FƏRZƏLİYEVA
Xəbəri paylaş