Postravmatik stres pozuntusu sağalan xəstəlikdir
Postravmatik stres pozuntusu həyatında ciddi faciəvi hadisə yaşamış, belə hadisənin şahidi olmuş şəxslərdə inkişaf edən bir pozuntudur. Vətən müharibəsindən sonra qazilərimizin bir qismində müşahidə olunan həmin pozuntu müxtəlif əlamətlərlə özünü büruzə verir. Belə ki, bir müddət əvvəl şahid olduğu, başına gələn faciələr indi baş vermiş kimi həmin şəxsin gözləri önündən keçir. Onlar bunu məqsədli şəkildə xatırlamırlar. Bu onların özlərindən asılı olmayaraq, bir növ beyninin travmatik məhsulu olaraq gözlərinin qarşısına gəlir. Belə xəstələr yuxu pozuntusundan çox əziyyət çəkirlər. Müraciət edən əksər qazilər 24 saat ərzində maksimum 3-4 saat yata bildiklərini deyirlər. Yuxu pozuntusu özü də ayrıca psixoloji problemlər yaradır. Belə şəxslər özlərinə qapanırlar, çox əsəbi olurlar, əsəb fonunda, affekt vəziyyətdə törətdikləri əməlləri sonradan xatırlamırlar. Onlara bu barədə məlumat verəndə əlavə travma alırlar. Bunun təsiri ilə də onlarda depressiv əlamətlər yaranır - heç kimlə danışmaq istəmirlər, özlərinə qapanırlar, heç bir işə həvəsləri olmur, əmək qabiliyyətləri azalır.
AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, psixiatr Aydan Cabbarova deyib. Mütəxəssisin sözlərinə görə, postravmatik stres pozuntusu sağalan xəstəlikdir: “Burada vaxtında başlayan müalicə önəmlidir. Gecikdirilmiş müalicədən hansı nəticələrin alınacağına heç bir həkim zəmanət verə bilməz. Çünki yanaşı travmalar, həyat şəraiti, şəxsiyyət tipindən asılı olaraq müalicənin gecikməsi nəticəsində tamam başqa problemlər ortaya çıxa bilər. Müalicə vaxtında başlayarsa, ilk növbədə mütləq şəkildə dərman müalicəsi lazımdır. Bir çoxları dərman müalicəsindən çəkinirlər ki, yuxu əmələ gətirir və ya asılılıq yarada bilər. Bunlar mütləq nəticələr deyil. Bu zaman vəziyyətə görə qiymətləndirmə aparır və sağlamlığa yan təsirlərlə zərər vurmamağa çalışırıq. Bəzi yan təsirlər müvəqqəti narahatlıq yarada bilər. Bu zaman biz prioritetimizi seçirik, yəni qazi hansı əlamətdən daha çox əziyyət çəkirsə, onu aradan götürməyə çalışırıq.
Pasiyentlərə izah edirik ki, sağaldıqları zaman dərmanı dayandıranda digər yan təsirlər keçib gedəcək. Dərman müalicəsi minimum 3-6 ay ərzində davam edir. Vəziyyətə görə fərdi olaraq daha tez bitən və daha uzun zaman alan müalicələr var. Dərmanın qəbul edildiyi ilk 10 gün ərzində effekt görünməyə başlayır. Həmin effektin öz yerini alması, dərmanları dayandırandan sonra mənfi əlamətlərin geri qayıtmaması üçün müalicə daha uzunmüddətli olmalıdır. Postravmatik stress pozuntusundan əziyyət çəkənlərə ikinci növbədə psixoterapiya lazımdır. Psixoterapiyanın növləri çoxdur. Qazinin cari vəziyyəti psixoterapevtik tərəfdən dəyərləndirilir və ona uyğun növ seçilir. Psixoterapiya koqnitiv davranış terapiyasında minimum 12 seans nəzərdə tutulur. Həmin seanslar həftədə bir dəfə keçirilir. Qazinin travmasının ağırlığı, yanaşı problemləri öyrənildikdən sonra terapiyanın ortalama müddəti müəyyənləşdirilir”.
Psixiatr bildirib ki, postravmatik stress pozuntusundan əziyyət çəkən bütün qazilərə ambulator müalicə tövsiyə olunmur. Onların bir qisminə stasionar müalicə məsləhət görülür: “Bəzilərinin vəziyyəti kifayət qədər ağır olur, ev şəraitində özünə və ətrafına zərərli, təhlükəli situasiyalar yaradır. Belə hallarda onlara stasionara göndəriş verilir. Stasionara daxil olana qədər müvəqqəti olaraq ambulator müalicəsi də aparılır. Stasionar müalicənin keçirildiyi müəssisələr qazinin müşahidə olunan problemi ilə əlaqədar dəyişə bilər”.
A.Cabbarova həmin pozuntudan əziyyət çəkən qazilərin yaxınlarının onların əsəbi və səslərə həssas olduğunu nəzərə almalarının vacibliyini diqqətə çatdırıb: “Hər bir cüzi səs onlara yaşadığı anları, partlayış təhlükəsini, düşmən hücumunu, döyüş tapşırıqlarında qarşılaşdıqları halları xatırlada bilər. Beyinləri vərdiş etdiyinə görə, onlar həmin təhlükələri gözləməyə başlayırlar. Mümkün qədər onları yüksək, qəfil səslərdən, aqressiv münasibətdən qorumaq lazımdır. Təbii ki, aqressiv münasibətdən hər kəsi qorumaq vacibdir, lakin qazilər həssas qrupdur və buna daha tez reaksiya verirlər. Bir müddət onların sakitliklə, rahatlıqla təmin olunmalarını tövsiyə edirik. Dərmanlar öz effektini göstərməyə başlayanda həmin qazilər əvvəlki həyatlarına yavaş-yavaş geri dönəcəklər”.