Səhiyyə Nazirliyinin baş endokrinoloqu: Şəkərli diabet xəstələri mütləq COVID-19 peyvəndi vurdurmalıdır

Səhiyyə Nazirliyinin endokrinologiya üzrə baş mütəxəssisi Babək Salek Qənnadi onlayn müsahibə verərək, əhalinin COVID-19 infeksiyasına qarşı peyvənd olunması prosesində şəkərli diabet xəstələrinin də iştirak etməsinin vacibliyini vurğulayıb.
Əvvəlcə şəkərli diabet xəstəliyi haqqında məlumat verən baş endokrinoloq deyib:
- Şəkərli diabet insulinin ifrazı, təsiri və ya hər iki problemin bir arada olması nəticəsində hiperqlikemiya ilə xarakterizə olunan metabolik xəstəlikdir. Hazırda o, tam müalicəsi mümkün olmayan xəstəliklər sırasına aiddir. Müalicəsiz və müvafiq pəhrizsiz xəstənin uzun illər yaşaması mümkün deyil, buna görə hər bir xəstə ömrünü uzatmaq və normal yaşamaq üçün pəhriz saxlamalı və müntəzəm olaraq müalicə almalıdır.
- Şəkər xəstəliyi insanda necə yaranır?
- Genetik meyillilik, piylənmə, insulin ifraz edən beta hüceyrələrin zədələnməsinə səbəb olan xəstəliklər: pankreatit, mədəaltı vəzi xərçəngi və daxili sekresiya vəzilərinin xəstəlikləri; virus infeksiyaları: qızılca, suçiçəyi, qrip, epidemik hepatit və digər xəstəliklər; sinir sisteminin gərginliyi, stres şəkərli diabetin əmələ gəlmə səbəbləridir.
- Diabetin ilkin əlamətləri hansılardır?
- Ağızda quruluq, susuzluq, sidiyə tez-tez getmə (xüsusən gecələr), kəskin çəki itirmə, bəzən səbəbsiz olaraq çəkinin artması, bulanıq görmə, ayaqlarda keylik, ağrılar, dəridə quruluq, qaşınma, yorğunluq, halsızlıq şəkərli diabetin əlamətləri sırasındadır.
- Kimlər 2-ci tip diabetin risk daşıyıcısıdır?
- Artıq çəki, birinci və ya ikinci dərəcəli qohumun şəkərli diabet olması, hipertoniya, insulin rezistentliyi ilə əlaqədar olan klinik vəziyyətlər, məsələn, ağır dərəcəli piylənmə, akantokeratodermiya, habelə steroid və antipsixotik dərmanların qəbulu risk amilləridir. Həmçinin polikistoz yumurtalıqlar sindromu olan qadınlar, orqan transplantasiyası olunan xəstələr, anamnezdə ürək-damar xəstəliyi olanlar risk qrupundadırlar. Digər risk amilləri də var.
- Son bir ildə şəkərli diabetin COVID-19 xəstəliyini ağırlaşdırması ilə bağlı xeyli xəbərlər yayıldı. Bununla bağlı hansı risklər var?
- Vaxtında normal kompensasiya olunmuş diabet xəstələrində COVID-19 xəstəliyi də normal keçirilir. Lakin kompensasiya olunmayan, nəzarətsiz şəkərli diabet xəstələri üçün koronavirus infeksiyası daha ağır və fəsadlarla nəticələnir. Qanda şəkərin kəskin yüksəlməsi diabetik ketoasidoz, diabetik nefropatiya, diabetik retinopatiya kimi fəsadlara gətirib çıxarır. Bu səbəbdəndir ki, COVID-19-un ölüm statistikasında kardiovaskulyar xəstələrdən sonra ikinci yerdə şəkərli diabet xəstələridir.
- Ən çox verilən suallardan biri də budur ki, şəkər xəstələri COVID-19 vaksini vurdura bilərlərmi?
- Nəinki vurdura bilərlər, risk qrupuna aid olduqlarına görə şəkərli diabet xəstələri mütləq qaydada COVID-19 peyvəndi vurdurmalıdırlar.