“Böyük Qayıdış”a sağlamlıq dəstəyi

Füzulidə stomatoloji aksiya təşkil edilib
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi işğaldan azad olunmuş ərazilərdə əhalinin tibbi təminatını gücləndirmək məqsədilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində ardıcıl şəkildə tibbi müayinələr və maarifləndirici aksiyalar həyata keçirir. Bu təşəbbüs çərçivəsində növbəti tədbir Füzuli rayonunda baş tutub.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Füzuli şəhərində Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Tibb Universiteti Tədris Stomatoloji Klinikasının həkim briqadası tərəfindən yerli əhalinin müayinələri aparılıb. Eyni zamanda, yerli əhali ilə yanaşı, “Böyük Qayıdış” proqramı çərçivəsində Qarabağın dirçəlişində fəaliyyət göstərən mütəxəssislər üçün stomatoloji müayinələr və konsultasiyalar təşkil edilib.
Aksiyanın əsas məqsədi sakinlərin ağız boşluğunun vəziyyətinin tam qiymətləndirilməsi, müxtəlif stomatoloji patologiyaların erkən aşkarlanması, profilaktik tədbirlərin aparılması və vətəndaşlara konsultativ tibbi xidmətlərin göstərilməsi olub.
ATU-nun Tədris Stomatoloji Klinikasının direktoru İmran Ağayevin başçılığı ilə klinikanın stomatoloq-terapevt, stomatoloq-ortodont, stomatoloq-ortoped, stomatoloq-cərrah və uşaq stomatoloqundan ibarət həkim briqadası tərəfindən əhalinin ətraflı müayinəsi aparılıb.
Ümumilikdə, aksiya zamanı 100-ə yaxın vətəndaş stomatoloji müayinədən keçib.


Xəbəri paylaş