Səhiyyə Nazirliyində 2016-cı ilin hesabatı verildi

Səhiyyə Nazirliyində 2016-cı ilin hesabatı verildi

Dekabrın 30-da Səhiyyə Nazirliyində 2016-cı ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirildi. Tədbirdə il ərzində səhiyyə sahəsində görülmüş işlər və əldə edilən nəticələr barədə məruzələr dinlənildi.
İclası açan səhiyyə naziri Oqtay Şirəliyev çıxış üçün ilk sözü Nazirliyin Tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladova verdi.

Prezident İlham Əliyevin möhkəm iradəsi və düşünülmüş siyasəti sayəsində dövlətimizin böhranlı 2016-cı ildə də inkişafdan qalmadığını qeyd edən G.Poladov ölkə başçısının sosialyönümlü siyasəti nəticəsində son illər Azərbaycanda çoxsaylı tibb müəssisələrinin tikintisi, əsaslı təmiri və müasir avadanlıqla təchizatının davam etdirildiyini, bu il Ağsu, Zərdab, Biləsuvar rayon mərkəzi xəstəxanalarının, Gəncədəki Abbas Səhhət adına 1 nömrəli Şəhər Xəstəxanasının açılışında Prezident İlham Əliyevin şəxsən iştirak etdiyini vurğuladı. O, Respublika Uşaq Stomatoloji Mərkəzinin əsaslı təmirdən sonra istifadəyə verildiyini, hazırda Masallı, Neftçala rayon mərkəzi xəstəxanaları kimi böyük, çoxprofilli tibb müəssisələrində, həmçinin Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda da təmir-tikinti işlərinin başa çatdığını dedi.
Ötən bir ildə psixiatrik tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində ciddi addımlar atıldığını söyləyən şöbə müdiri Maştağa qəsəbəsində yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasında yeni şöbələrin istifadəyə verildiyini, Kürdəmir və Lənkəran rayonlararası ruhi-əsəb xəstəxanalarının tikintisinin, Quba Rayonlararası Psixonevroloji Reabilitasiya Mərkəzinin təmirinin yekunlaşdığını diqqətə çatdırdı.
G.Poladov Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq 2016-cı ildə də əhalinin profilaktik müayinələrə cəlb edildiyini, müayinədən keçənlərin 3,3 faizində ilkin xəstəliklər aşkarlandığını, 1,47 faizinin dispanser nəzarətə götürüldüyünü, 0,8 faizinin isə hospitalizasiya olunduğunu bildirdi.
Şöbə müdiri əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin artırılmasında səhiyyənin ayrı-ayrı sahələri üzrə qəbul olunmuş dövlət proqramlarının xüsusi rolundan danışdı: “2016-cı ildə müvafiq dövlət proqramı çərçivəsində uşaqların 81,5 faizdən çoxu icbari dispanserizasiya müayinələrinə cəlb olunub. Onların 5,2 faizi sağlamlıq vəziyyətinə görə dispanser qeydiyyata götürülüb, 1 faizi isə hospitalizasiya edilib.
“Ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqramı”na uyğun həyata keçirilən tədbirlər sayəsində ana və uşaq sağlamlığını xarakterizə edən göstəricilər müsbət istiqamətdə dəyişib. Belə ki, əgər 2014-cu ildə körpə ölümü göstəricisi 10,2 promille idisə, 2016-cı ildə bu rəqəm beynəlxalq diridoğulma meyarları nəzərə alınmaqla 11,2 promille təşkil edib. Ana ölümü əmsalı isə 2015-ci ildə 24 olduğu halda, bu il 22-yə enib.
2015-ci il yanvarın 1-dən ölkəmizdə diridoğulmanın beynəlxalq meyarlarının tətbiqinə başlanılması ilə əlaqədar 1000 qramdan az çəki ilə doğulmuş 295 yenidoğulmuşdan 135-ni xilas etmək mümkün olub.
Respublika Talassemiya Mərkəzində (RTM) talassemiyalı xəstələrin normal həyat fəaliyyətinin təmin olunması hesabına son 10 ildə bu xəstəlikdən ölüm göstəricisi 5 dəfə azalıb. Hazırda 2800-dən artıq xəstə bu Mərkəzdə daimi müalicə alır. RTM-də irsi qan xəstəliklərinin radikal müalicə üsulu olan sümük iliyi transplantasiyası əməliyyatına başlanandan bu günə qədər 42 uşağa, o cümlədən 30 talassemiyalı, 12 onkohematoloji xəstəyə ilik köçürülüb. Bu xəstələrdən ən kiçiyinin 2, ən böyüyünün 19 yaşı olub.
Nikaha daxil olan cütlüklərin tibbi müayinəsi barədə Prezident İlham Əliyevin təşəbbüsü də talassemiyanın profilaktikası baxımından böyük əhəmiyyət kəsb edir. Ötən ilin iyun ayından indiyədək 230 minə yaxın insanın qan nümunəsi müayinədən keçirilib. Onlardan 9892 nəfərdə talassemiya daşıyıcılığı, 147-də İİV infeksiyası, 828-də isə sifilis xəstəliyi aşkarlanıb. Onlara lazımı tibbi-genetik məsləhətlər və sonrakı müayinələr haqqında məlumat verilib.
Qeydiyyatda olan 1541 hemofiliyalı xəstəyə Dövlət Proqramı çərçivəsində göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsi, faktor preparatları ilə davamlı təminat nəticəsində onların həyat keyfiyyətinin yaxşılaşmasına və bu xəstəlikdən ölüm hallarının azalmasına nail olunub.
Son illər strateji əhəmiyyətli məsələ kimi qan xidmətinin inkişafına xüsusi diqqət yetirilir. Əhalinin donorluğa cəlb edilməsi nəticəsində tədarük olunan qan və onun komponentlərinin miqdarı ilbəil artır. Əgər 2010-cu ildə 19,5 ton qan tədarük edilmişdisə, 2016-cı ildə bu rəqəm 36 tondan artıqdır. Hazırda tibb müəssisələrinin və xəstələrin təhlükəsiz donor qanına və onun komponentlərinə olan ehtiyacı tam ödənilir.
Xroniki böyrək çatışmazlığından əziyyət çəkən insanların problemlərinin həlli üçün şəhər və rayonlarda fəaliyyət göstərən 39 hemodializ mərkəzində (30-u bölgələrdə) 3 mindən artıq xəstə hemodializ seansları, müvafiq dərman vasitələri ilə tam həcmdə pulsuz təmin olunur. 2016-cı ildə Ağsu, Biləsuvar, Qusar, Göygöl rayonlarında yeni hemodializ şöbələri açılıb, bəzi mövcud mərkəzlərdə əlavə aparatlar quraşdırılıb. İndi belə xəstələrə böyrəkköçürmə əməliyyatları da həyata keçirilir. Hazırda ölkəmizdə böyrək transplantasiyası əməliyyatı olunmuş 848 nəfər var və dövlət onların dərman təminatını öz üzərinə götürüb.
Bu gün 218 mindən çox şəkərli diabet xəstəsi bu sahədə qəbul olunmuş proqram çərçivəsində dövlət hesabına dərman və özünənəzarət vasitələri ilə, diabetli uşaqlar isə insulin şpris-qələmləri ilə, bununla yanaşı, tədricən insulin pompası ilə təmin edilirlər. Hazırda 90 uşaq insulin pompası daşıyıcısıdır.
Bədxassəli şişlərlə mübarizə sahəsində də irəliləyiş əldə olunub. Onkoloji yardım göstərən tibb müəssisələrinin maddi-texniki bazası mütəmadi olaraq yaxşılaşdırılır, yeni texnologiyalarla işləmək üçün mütəxəssislər hazırlanır.
Qanın bədxassəli xəstəliklərinin və bu səbəbdən ölüm hallarının yüksək göstəricilərini, bu xəstəliklərə əsasən əmək qabiliyyəti yaşında insanların və uşaqların düçar olmasını, müayinə və müalicə xərclərinin xəstələr üçün ağır maddi yük olduğunu nəzərə alaraq, Nazırlər Kabinetinin 11 noyabr 2016-cı il tarixli qərari ilə “2017-2021-ci illər üçün qanın bədxassəli xəstəlikləri ilə mübarizə üzrə Tədbirlər Proqramı” qəbul edilib. Bu Proqram həmin xəstəliklərin diaqnostika və müalicəsini müasir səviyyəyə çatdırmağa, 2017-ci ildən etibarən xəstələrin dövlət hesabına innovasion preparatlarla təminatına imkan yaradacaq.
“Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair Dövlət Proqramı” çərçivəsində dövlət tibb müəssisələrində 737 xəstənin müayinə və müalicəsi aparılır. Bütün xəstələr yüksək effektli dərman preparatları ilə pulsuz təmin olunurlar.
“Narkomanlığa düçar olmuş şəxslərin müalicəsi, reabilitasiyası üzrə Proqram”ın icrasına dair Səhiyyə Nazirliyi tərəfindən 2014-cü ildə təsdiq edilmiş Tədbirlər planı da uğurla həyata keçirilir.
Bu il, eyni zamanda, “2016-2020-ci illər üçün İİV/QİÇS-lə mübarizə üzrə Tədbirlər Proqramı” Nazirlər Kabineti tərəfindən təsdiqlənib. Bu xəstəliklə mübarizə işi qarşıdan gələn illərdə də davam etdiriləcək.
Vərəmli xəstələrin aktiv müalicəyə cəlb edilməsi, geniş miqyaslı profilaktik tədbirlər, bu xəstələrin birinci və ikinci sıra dərman preparatları ilə tam təminatı nəticəsində son üç ildə dinamik azalma tendensiyasına nail olunub. 2016-cı ildə vərəmdən ölüm halları azalıb.
Son 2 ildə Səhiyyə Nazirliyi nəzdində Viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə xüsusi Komissiya fəaliyyət göstərir. Komissiyaya müraciət edən bütün xəstələr müayinə olunur, onlara müvafiq təyinat verilir. Hazırda 4122 belə xəstə dövlət hesabına uzunmüddətli müalicə kursu alır”.
Gülmirzə Poladov hazırda ölkəmizdə əvvəllər əlacı olmayan bir sıra xəstəliklərin müalicə edildiyini, mürəkkəb əməliyyatların, o cümlədən qaraciyər transplantasiyasının, süni oynaq və açıq ürək əməliyyatlarının uğurla aparıldığını da diqqətə çatdırdı. 2016-cı ildə 18 nəfərə qaraciyər, 63 nəfərə böyrək köçürüldüyünü, 76 xəstəyə endoprotezləşmə əməliyyatı aparıldığını dedi. Dövlət hesabına 956 xəstə üzərində ürək əməliyyatının (865 açıq, 91 qapalı) aparıldığını bildirən natiq onlardan ən kiçik yaşlısının 2 aylıq körpə, ümumilikdə isə, 265 nəfərinin uşaq olduğunu diqqətə çatdırdı. İndiyə kimi Səhiyyə Nazirliyinin maliyyə dəstəyi ilə 38 uşaqda uğurla koxlear implantasiya əməliyyatının aparıldığını vurğuladı.
Şöbə müdiri vətəndaşların səhiyyə ilə bağlı müraciətlərinin təcili araşdırılması məqsədilə istifadəyə verilən Elektron Səhiyyə Mərkəzinə il ərzində 26 minə yaxın insanın müraciət etdiyini, onların əksər problemlərinin yerindəcə həll olunduğunu dedi. O, Səhiyyə Nazirliyinin “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş 1687 məlumatın da araşdırıldığını söylədi. Bildirdi ki, ölkə rəhbərinin tapşırıq və tövsiyələrinə əsasən, bu il səhiyyə nazirinin 12 regionda, 55 rayon və şəhərin sakinləri ilə görüşləri keçirilib, hər bir müraciətlə bağlı müvafiq tədbirlər görülüb.
Son illərdə nazirlik tərəfindən kadr hazırlığı sahəsındə əhəmiyyətli tədbirlər həyata keçirildiyini deyən natiq bu il ərzində 5399 həkimin, 7942 orta tibb işçisinin təkmilləşmə kurslarından keçdiyini, 3331 həkimin və 8608 orta tibb işçisinin sertifikat aldığını söylədi. 2016-cı ildə 351 həkimin mərkəzləşdirilmiş qaydada keçirilən imtahanlarla işə qəbul olunduğunu, onlardan 171 nəfərinin müxtəlif regionlarda işlə təmin edildiyini bildirdi. O, 2015/2016-cı tədris ilində 332 həkim-mütəxəssisin rezidentura təhsilini bitirdiyini, onlardan 271-nin təyinatla iş yerlərinə göndərildiyini dedi.
G.Poladov Səhiyyə Nazirliyinin göstərdiyi elektron xidmətlərin sayının 39-a çatdırıldığını, il ərzində elektron xidmətlərə 100 mindən çox müraciətin qeydə alındığını dedi. Eyni zamanda, bu il Respublika Elmi Tibb Kitabxanasında “Vahid elektron tibb kitabxana sistemi”nin tətbiqinin başa çatdırıldığını vurğuladı.
2016-cı ildə beynəlxalq əlaqələr sahəsində də işlərin davam etdirildiyini deyən şöbə müdiri il ərzində 350 mütəxəssis və müdavimin Almaniya, Türkiyə, Rusiya, Belarus, İspaniya, İsrail, Yaponiya və digər ölkələrdə kurslara göndərildiyini söylədi: “Ümumdünya Səhiyyə Təşkilatının səhiyyənin müxtəlif sahələrinə aid konfranslarına Azərbaycanın 73 nümayəndəsi qatılıb. 2016-cı ildə səhiyyə nazirinin başçılıq etdiyi nümayəndə heyəti Danimarka, Almaniya, İtaliya, Rusiya, Çexiya və İsveçrədə səfərdə olub.
Azərbaycanda səhiyyənin inkişafında, habelə Ümumdünya Səhiyyə Təşkilatına qlobal və regional səviyyədə xidmətlərinə görə professor Oqtay Şirəliyev Təşkilatın mükafatına layiq görülüb”.
Çıxışının sonunda Gülmirzə Poladov dövlət başçısının səhiyyə siyasətini daim dəstəkləyən tibb işçilərinin qarşıya qoyulan vəzifələri bundan sonra da əzmlə yerinə yetirəcəklərini vurğuladı.
İclasda çıxış edən Səhiyyə Nazirliyinin Sanitariya-epidemioloji nəzarət sektorunun müdiri Viktor Qasımov bu gün ölkəmizdə yoluxucu xəstəliklərlə mübarizə və profilaktika sahəsində aparılan tədbirlərin epidemioloji sabitliyi qoruyub saxlamağa imkan verdiyini diqqətə çatdırdı. O, ölkə üzrə peyvənd planının 95-97 faiz yerinə yetirildiyini, nəticədə, xüsusi profilaktika vasitələri ilə idarə olunan xəstəliklərin azaldılması üzrə stabil dinamika əldə olunduğunu vurğuladı: “Avropanın inkişaf etmiş dövlətlərində qəbul edilmiş peyvənd təqviminə uyğun olaraq ölkəmizdə də uşaqların 11 xəstəliyə qarşı müdafiəsi təmin edilir. Onlardan ikisinin – B tipli hemofil infeksiyaya və pnevmokok xəstəliklərinə qarşı vaksinin tətbiqinə son illərdə başlanılıb. Bu il poliomielitin dünya miqyasında ləğvinin yekun mərhələsi kimi, peyvənd təqviminə yeni inaktivləşdirilmiş poliomielit peyvəndinin əlavə olunması, 3-valentli vaksinin 2-valentli ilə əvəz edilməsi önəmli hadisələrdən biridir”.
V.Qasımov artıq Azərbaycanda poliomielit, difteriya, qızılca, məxmərək, göyöskürək, epidemik parotit xəstəliklərinin müşahidə edilmədiyini, bu sahədə əldə olunan uğurların Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosu tərəfindən təsdiqləndiyini, xüsusi sertifikatlar təqdim olunduğunu və Səhiyyə Nazirliyinə rəsmi təbrik məktubları göndərildiyini diqqətə çatdırdı.
Sektor müdiri 2000-ci illərin əvvəllərində uşaqların B hepatiti xəstəliyinə qarşı peyvənd olunmasına başlanıldığını, keçən müddət ərzində ilkin xəstələnmənin 2,2 dəfə azaldığını qeyd etdi. Onun sözlərinə görə, peyvənd tətbiq olunanadək bu xəstəlik qeydə alınanların 38 faizi 14 yaşa qədər uşaqlar idisə, hazırda həmin göstərici cəmi 1 faizdir.
Səhiyyənin daha bir böyük uğurunun malyariya xəstəliyinin ləğvi ilə bağlı olduğunu söyləyən natiq aparılmış genişmiqyaslı tədbirlər nəticəsində artıq 4 ildir ki, bu xəstəliyin yerli yoluxmasının baş vermədiyini, bu nailiyyətin də ÜST-nin Avropa Regional Bürosu tərəfindən qeyd edildiyini dedi.
O, 2016-cı ildə Avropa regionunun əksər ölkələrində, xüsusən həmsərhəd ərazilərdə ağır gedişli, yüksək ölüm faizi ilə nəticələnən A(H1N1) virusu epidemiyasının ölkəmizə keçməsinin kompleks qabaqlayıcı tədbirlər hesabına qarşısının alındığını vurğuladı.
V.Qasımov yoluxucu xəstəliklərin diaqnostikasının vaxtında və keyfiyyətlə həyata keçirilməsi məqsədilə son illər sanitariya-epidemioloji xidmətin laborator bazasının möhkəmləndirildiyini dedi: “Müasir tələblərə cavab verən avadanlıq və cihazlarla təmin olunmuş yeni laboratoriyaların sırasına Bakı şəhərində tikilmiş və yaxın zamanda istifadəyə verilməsi nəzərdə tutulan Respublika Taun Əleyhinə Stansiyasının Mərkəzi Referens Laboratoriyası da daxil ediləcək. Regionun ən möhtəşəm laboratoriyasında yüksək biotəhlükəsizlik şəraitində virusoloji, bakterioloji, seroloji müayinələr, gen səviyyəsində diaqnostika üsulları tətbiq olunacaq”.
Səhiyyə Nazirliyinin mətbuat katibi Liya Bayramova 2016-cı ildə səhiyyə sistemində gedən islahatlar haqqında cəmiyyətin məlumatlandırılması məqsədilə kütləvi informasiya vasitələri, ayrı-ayrı dövlət qurumları ilə əməkdaşlığın genişləndirildiyini dedi. O, il ərzində Səhiyyə Nazirliyinin Mətbuat Xidməti tərəfindən 68 tədbir, o cümlədən 25 dəyirmi masa, 14 maarifləndirici seminar, 7 regional media tur, 16 mətbuat konfransı keçirildiyini diqqətə çatdırdı. Bildirdi ki, 25-ə yaxın aparıcı televiziya və xəbər saytlarının nümayəndələri bu tədbirlər vasitəsilə səhiyyədə olan mövcud inkişafı, maddi-texniki bazanın yenilənməsini, ixtisaslı kadrların əhaliyə xidmətini əyani olaraq müşahidə edib. L.Bayramova Nazirliyin fəaliyyətinin işıqlandırılması və əhalinin maarifləndirilməsi baxımından www.health.gov.az saytının, sosial şəbəkələrdə Səhiyyə Nazirliyinin rəsmi səhifələrinin də önəmini vurğuladı.
İclasda qonaq qismində iştirak edən Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev bu qurumun fəaliyyəti barədə məlumat verdi, icbari tibbi sığortanın son illər səhiyyə sahəsində aparılan islahatların tərkib hissəsi olduğunu diqqətə çatdırdı: “İcbari tibbi sığortanın məqsədi səhiyyənin maliyyə potensialını gücləndirməkdir. Bu sistem tətbiq edildikdən sonra tibb müəssisələrinə göstərdikləri xidmətlərə uyğun vəsait ayrılacaq ki, bu da öz növbəsində onların daha da inkişafına təkan verəcək. Ölkəmizdə 2017-ci ilin əvvəlindən Mingəçevir və Yevlaxda icbari tibbi sığortanın pilot layihəsinin icrasına başlanılacaq, bu layihəni Səhiyyə Nazirliyi ilə sıx əməkdaşlıq şəraitində uğurla həyata keçirməyi düşünürük. Pilot layihə bitdikdən sonra onun nəticələrinə əsasən, ölkə rəhbərliyinin qərarına uyğun olaraq, tibbi sığortanın mərhələli və ya tam şəkildə ölkə üzrə tətbiqinə başlanılacaq. Biz sınaq layihənin uğurlu olacağına, tezliklə icbari tibbi sığortanın Azərbaycan üzrə tətbiq ediləcəyinə inanırıq”.
Kollegiya iclasında çıxış edən Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru Nazim Qasımov Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş təqvim planına müvafiq surətdə, 2016-cı ildə həkimlərin və əczaçıların təkmilləşdirilməsinin təşkili barədə məlumat verdi. İnstitutun bütün ixtisaslar üzrə həkim və əczaçıların ixtisasartırmasını və peşə hazırlığını həyata keçirdiyini, 31 ixtisas üzrə 183 rezidentin hazırlandığını dedi: “Tədris təqvim planına müvafiq olaraq, bu il də bütün regionları əhatə etməklə səyyar və distant kurslar aparılıb, 225 müdavim iş yerindən ayrılmamaq şərtilə təhsil alıb. Müxtəlif ixtisaslar üzrə 7208 nəfər müdavim ixtisasartırmalara cəlb olunub. Səhiyyə Nazirliyinin dəstəyi ilə il ərzində institutun kafedralarında əcnəbi mütəxəssislər ümumilikdə 60 mühazirə oxuyub, onları 351 həkim-müdavim dinləyib”.
İnstitutda 25 mövzu üzrə fundamental elmi tədqiqatların aparıldığını deyən rektor N.Qasımov Səhiyyə Nazirliyi tərəfindən qarşıya qoyulan tapşırıq və layihələrin yüksək səviyyədə yerinə yetirdiyini diqqətə çatdırdı.
Sonda çıxış edən səhiyyə naziri Oqtay Şirəliyev səhiyyə sahəsində görülən işlərin bu il də müsbət nəticə verdiyini söylədi. Dünyanın əksər ölkələrində iqtisadi böhranın hökm sürdüyü dövrdə Prezident İlham Əliyevin qayğısı sayəsində ölkəmizdə bütün sahələrin, o cümlədən səhiyyənin inkişaf etdiyini bildirdi. İqtisadi problemlərin aradan qaldırılması üçün bir çox dövlətlərdə sosial sahələr üzrə büdcə vəsaitinin azaldıldığını xatırladan O.Şirəliyev vurğuladı ki, bundan fərqli olaraq, Azərbaycanda tibb müəssisələrinin tikintisi, təchizatı davam etdirilib, onların bəziləri ölkə rəhbərinin iştirakı ilə açılaraq, əhalinin istifadəsinə verilib.
Nazir ölkəmizdə əvvəllər əlacı olmayan bir sıra xəstəliklərin bu gün müalicə edildiyini, qaraciyər transplantasiyası, süni oynaq və açıq ürək əməliyyatlarının aparıldığını söylədi. İlik transplantasiyası üzrə 42 əməliyyat həyata keçirilməsinin Azərbaycan üçün böyük göstərici olduğunu, bu əməliyyatın çox az ölkədə icra edildiyini diqqətə çatdırdı.
Oqtay Şirəliyev qeyd etdi ki, insanların səhiyyə xidmətlərindən razılığı ildən-ilə artır: “Artıq bir neçə ildir ki, ölkə başçısının tövsiyəsinə uyğun olaraq, dövlət qurumlarının rəhbərləri regionlara gedir, əhali ilə görüşürük. Əgər əvvəllər bölgələrdə qəbula gələnlərin sayı 80-ə çatırdısa, artıq bu rəqəm dəfələrlə aşağı düşüb”.
Əhalinin dispanserizasiyası məsələsinə toxunan səhiyyə naziri bu sahədə də yüksək nəticələrin əldə olunduğunu bildirdi. O, ölkə rəhbərinin əhali ilə görüşlərində hər zaman insanlara tibbi müayinədən keçməklə bağlı çağırış etdiyini xatırlatdı. Bunun istər yaşlı insanların, istər gənclərin, istərsə də uşaqların sağlamlığının qorunması baxımından önəmli olduğunu vurğuladı. O.Şirəliyev kütləvi müayinələri, uşaqların dispanserizasiyadan keçirilməsini bu çağırışa müsbət cavab kimi dəyərləndirdi. Ölkəmizdə həm uşaqların sağlam böyüməsi, həm də böyüklərin sağlamlığının mühafizəsi üçün hər cür şərait yaradıldığını dedi.
Nazir Oqtay Şirəliyev səhiyyənin ən prioritet sahələri üzrə qəbul olunmuş dövlət proqramlarının tətbiqi üçün hər il çox böyük maliyyə vəsaitinin ayrıldığını, onların hər birinin yüzlərlə insanın həyatını xilas etməyə imkan verdiyini diqqətə çatdırdı.
Azərbaycanda epidemioloji sabitliyin qorunmasından danışan O.Şirəliyev bu sahədə gömrük, dövlət sərhəd xidməti və Səhiyyə Nazirliyinin birgə səmərəli fəaliyyəti nəticəsində uğur qazana bildiklərini dedi: “Bir çox ölkələrdə, hətta həmsərhəd dövlətlərdə dəfələrlə epidemioloji alovlanmalar olmasına, Azərbaycana çoxsaylı turistlərin gəlməsinə baxmayaraq, yoluxucu xəstəliklərin qarşısı alınıb”.
Bu gün ən vacib məsələlərdən birinin icbari tibbi sığorta olduğunu vurğulayan səhiyyə naziri qeyd etdi ki, neçə illərdir mətbuatda və cəmiyyətdə onun tez bir zamanda tətbiqi ilə bağlı çağırışlar səslənir: “Ancaq dövlət başçısı uzaqgörənliklə bu işin doğru zamanını gözlədi. Çünki icbari tibbi sığortanın tətbiqi üçün güclü maddi-texniki baza lazım idi. Şərait, lazımi avadanlıqlar və s. olmadığı dövrdə tibbi sığorta tətbiq olunsaydı, uğursuzluqla nəticələnərdi. Ancaq bu gün belə problemlər yoxdur. Və nəhayət, 2017-ci ilin yanvarında Yevlaxda və Mingəcevirdə icbari tibbi sığorta sınaq layihə kimi fəaliyyətə başlayır. Pilot layihənin uğurlu olması çox vacibdir, çünki onun nəticələrindən asılı olaraq bu sistem bütün ölkəyə tətbiq edilə bilər. İcbari tibbi sığorta tibbi xidmətin inkişaf etdirilməsi, keyfiyyətinin artırılması baxımından bizə hava-su kimi vacibdir”.
Oqtay Şirəliyev Azərbaycanda dərman istehsalı ilə bağlı görülən işlərdən də danışdı: “Heç kimə sirr deyil ki, ölkəmizdə satılan dərmanların 99 faizi xaricdən idxal olunur. Ancaq bir müddət öncə ölkə rəhbərinin təşəbbüsü ilə farmakoloji zavodun təməlqoyma mərasimi oldu. Təxminən iki həftə sonra daha bir zavodun təməli qoyulacaq. Ən müasir və yüksək keyfiyyətli dərman preparatları istehsal edən zavodların Azərbaycanda fəaliyyət göstərməsi üçün başqa ölkələrlə də danışıqlar aparılır. Dərman preparatlarının ölkəmizdə istehsal edilməsi bizim üçün çox vacibdir”.
Səhiyyə naziri qeyd etdi ki, xeyirxah peşə sahibləri olan həkimlərin sözü, xəstəyə münasibəti dərmandan, əməliyyatlardan daha vacibdir: “Son vaxtlar bu sahədə də müsbət tendensiya hiss olunur. Təəssüf ki, biz 120 minə qədər tibb işçisinin hamısının vicdanla xalqa xidmət etdiyini deyə bilmərik. Əlbəttə, tək-tək problemlər var. Amma əvvəllər mən ildə 4-5 təşəkkür məktubu alırdımsa, indi təkcə elektron poçta gün ərzində onlarla minnətdarlıq yazıları gəlir. Mətbuatda, televiziya kanallarında da səhiyyə ilə bağlı müsbət rəylər, yazılar artıb. Bu da sevindirici haldır”.
Nazir çıxışının sonunda tibb işçilərinə 2017-ci ildə də öz xeyirxah peşələrinə həvəslə, sevgi ilə, vicdanla, şərəflə yanaşmağı, xalqa sadiq olmağı tövsiyə etdi, onları Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibətilə təbrik etdi. Hər kəsə əmin-amanlıq, bol ruzi-bərəkət, xoşbəxtlik arzuladı.
İclasda 2016-cı il ərzində görülmüş işlərə həsr olunmuş video-çarx nümayiş olundu.
Kollegiya iclasının yekununda səhiyyə naziri Oqtay Şirəliyev səhiyyə və tibb elmi sahəsində fərqlənən tibb işçilərinə “Səhiyyə əlaçısı” döş nişanı və fəxri fərmanlar təqdim etdi.
Əhalinin sağlamlığının qorunması sahəsində qüsursuz və səmərəli fəaliyyətinə görə Səhiyyə Nazirliyi Ümumi şöbəsinin Dəftərxana və kargüzarlıq sektorunun baş mütəxəssisi - böyük inspektoru Nabat Həsənova, Ağdam rayonu Quzanlı Kənd Sahə Xəstəxanasının həkim-stomatoloqu Adilə Qurbanova, Salyan Rayon Mərkəzi Xəstəxanasının Nevrologiya şöbəsinin müdiri Rəşid Rüstəmov, Bakı Şəhər Baş Səhiyyə İdarəsinin Maliyyə-iqtisad sektorunun baş məsləhətçisi Əminə Nağıyeva və Ambulator xidmətin təşkili sektorunun məsləhətçisi Şahnigar Tağıyeva “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Fəxri Fərmanı” ilə təltif edildilər.
Əməkdə xüsusi xidmət və nailiyyətlərinə görə fərqlənən bir qrup tibb işçisinə isə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Səhiyyə əlaçısı” döş nişanı təqdim olundu. Mükafatlandırılanlar Xəzər rayonu 31 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Abbasqulu Bağırov, 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının baş həkiminin müavini Sevinc Hüseynova, S.İmaməliyev adına Respublika Taun Əleyhinə Stansiyasının laboratoriya müdiri Səbinə İbrahimova, Respublika Perinatal Mərkəzinin direktoru Sevinc Məmmədova, Bakı Şəhər Baş Səhiyyə İdarəsinin Stasionar xidmətin təşkili sektorunun məsləhətçisi Lalə Ramazanova, Səhiyyə Nazirliyi Tibbi yardımın təşkili şöbəsinin məsləhətçiləri Aidə Məmmədova və Aynurə Zeynalovadır.
Qeyd edək ki, dekabr ayında həmçinin Səhiyyə Nazirliyi Ümumi şöbəsinin Dəftərxana və kargüzarlıq sektorunun baş mütəxəssisi - arxiv müdiri Təbəssüm Abdullayeva və Nazirliyin Səhiyyə obyektləri şəbəkəsinin inkişafının planlaşdırılması şöbəsinin müdiri Əli Abbasov səhiyyə sistemində qüsursuz və səmərəli əməyə görə Fəxri Fərmanla, Bakı şəhəri 5 nömrəli Uşaq Somatik Sanatoriyasının baş həkimi Natella Alxasova isə əməkdə xüsusi xidmət və nailiyyətləri ilə fərqləndiyinə görə “Səhiyyə əlaçısı” döş nişanı ilə təltif ediliblər.

Ü.FƏRZƏLİYEVA


Xəbəri paylaş




İyul 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova