Prezident İlham Əliyev: “2017-ci ildə də büdcəmiz sosialyönümlü olmalıdır”

Prezident İlham Əliyev: “2017-ci ildə də büdcəmiz sosialyönümlü olmalıdır”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.
Toplantını giriş nitqi ilə açan Prezident İlham Əliyev 2016-cı ilin dünya iqtisadiyyatı üçün çox ağır il olduğunu, neftin qiymətinin kəskin şəkildə düşməsinin neftlə zəngin ölkələrin iqtisadiyyatına mənfi təsir göstərdiyini, qlobal miqyasda siyasi və hərbi böhranın, Avropada miqrant böhranının yaşandığını, müxtəlif bölgələrdə qanlı toqquşmalar, müharibələr alovlandığını söyləyib. Dövlət başçısı belə beynəlxalq mənzərə fonunda Azərbaycanın uğurla inkişaf etdiyini deyib: “Bizim üstünlüyümüz ondan ibarətdir ki, həmişə öz yolumuzla gedirik, öz siyasətimizi aparırıq, heç kimin sözü ilə oturub-durmuruq. Ona görə bu gün Azərbaycanda inkişaf və sabitlik var”.
Bu ilin ölkəmizdə mötəbər tədbirlərlə yadda qaldığını qeyd edən Azərbaycan Prezidenti çox böyük əhəmiyyət daşıyan referendumu, onun demokratik, ədalətli, tam şəffaf şəkildə keçirilməsini xüsusi vurğulayıb, ümumxalq səsverməsini “böhranlı ildə növbəti bir test, sınaq” adlandırıb: “Azərbaycan xalqının mütləq əksəriyyəti təklif olunan dəyişikliklərə öz dəstəyini verdi. Bu da əslində bizim siyasətimizə növbəti dəfə xalq tərəfindən verilən böyük dəstəkdir”.
Bu il Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndiyini deyən dövlət başçısı bir çox beynəlxalq təşkilatların ölkəmizə dəstək nümayiş etdirdiyini xatırladıb, bunların arasında İslam Əməkdaşlıq Təşkilatını, Qoşulmama Hərəkatının Zirvə görüşünü və Avropa Parlamentini xüsusi qeyd edib. Bu ilin aprel ayında Azərbaycanın hərbi qələbəsindən sonra vasitəçilərin bir qədər fəallaşdığını söyləyib.
Prezident İlham Əliyev iqtisadi sahədə əldə edilən uğurlardan danışıb, sosial layihələrin icra edildiyini, o cümlədən 33 səhiyyə obyektinin inşa olunduğunu, təmir edildiyini bildirib.
Sonra çıxış edən Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bu əhali qrupu ilə bağlı ölkəmizdə görülən işlərdən danışıb, qeyd edib ki, məcburi köçkünlər üçün salınan yeni yaşayış məntəqələrində bütün texniki və sosial infrastruktur yaradılıb, o cümlədən 58 tibb məntəqəsi tikilib.
Müşavirədə səhiyyə naziri Oqtay Şirəliyev çıxış edərək, ölkəmizdə əhalinin sağlamlığının qorunması sahəsində görülən işlərdən danışıb:
“Bu gün Azərbaycanı bütün dünyada demokratik, qüdrətli, öz sözünü deməyə qadir olan ölkə kimi tanıyırlar. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin düşünülmüş siyasəti, möhkəm iradəsi, ölkəmizdəki ictimai-siyasi sabitlik sayəsində Vətənimiz hər sahədə inkişaf edir. İnsanların sağlamlığının qorunması, gələcək nəslin sağlam böyüməsi dövlətimizin başçısının daim diqqət mərkəzindədir və bu məsələ 2016-cı ildə də dövlət siyasətinin prioritet istiqamətlərindən biri olub.
Maliyyə böhranı dünya dövlətlərini büdcə xərclərini azaltmağa məcbur edir. Əksər ölkələr bunu məhz sosial sahələr hesabına edirlər. Azərbaycanda isə, əksinə, səhiyyənin inkişafina, maddi-texniki bazasının gücləndirilməsinə 2016-cı ildə əlavə olaraq 83 milyon manat ayrılıb. İndi həm paytaxtda, həm də ölkənin müxtəlif bölgələrində 28 tibb müəssisəsində təmir-tikinti işləri gedir.
Ənənəvi olaraq, bu il əsaslı təmir və tikintidən sonra əhalinin istifadəsinə verilən müasir səhiyyə ocaqlarının – Gəncə şəhəri 1 nömrəli Şəhər Xəstəxanasının, Ağsu və Biləsuvar mərkəzi rayon xəstəxanalarının açılışında dövlət başçısı şəxsən iştirak edib. Hazırda daha 8 rayon mərkəzi xəstəxanasının tikintisi davam etdirilir. Onlardan üçünün – Neftçala, Masallı, Zərdab xəstəxanalarının bu ilin sonunadək istifadəyə verilməsi planlaşdırılır.
On il əvvəl, cənab Prezident, Siz qarşıya belə bir məqsəd qoymuşdunuz ki, insanlar tibbi yardımı məhz yaşadığı yerdə ala bilsin, hər bir müayinə və əməliyyat üçün paytaxta gəlmək məcburiyyətindən xilas olsun. Artıq bu, reallıqdır. Qısa vaxt ərzində bir neçə xəstəxananın da tikintisi başa çatdıqdan sonra əminliklə deyə bilərik ki, Azərbaycanın hər bir bölgəsində, hər bir rayonunda əhali müasir xəstəxanalarda, müalicə-diaqnostika mərkəzlərində keyfiyyətli tibbi yardım ala bilir.
Ölkə səhiyyəsinin inkişafında, insanların sağlamlığının qorunmasında dövlət proqramları da mühüm rol oynayır. Ümumiyyətlə, bu proqramlar səhiyyənin ən ağır, həyati əhəmiyyət daşıyan problemlərinin həllinə yönəlib. Nəticə olaraq, bu gün deyə bilərik ki, dövlət tərəfindən bu proqramlara ayrılan vəsait həm minlərlə insanın müalicəsini, həm də səhiyyənin müxtəlif sahələrinin inkişafını təmin edib.
Belə ki, vaxtilə ölkəmizdəki yeganə dövlət dializ mərkəzində cəmi 431 xəstə müalicə alırdı, 800 nəfər xəstə növbə gözləyirdi. Bu gün həmin növbələr ləğv olunub. 27-si bölgələrdə olmaqla, 34 dövlət hemodializ mərkəzində 3112 xəstə dövlət hesabına müalicə alır. Mərkəzlərdən üçü məhz bu il istifadəyə verilib, daha biri də ilin sonunadək açılacaq.
Bütün dünyada geniş yayılmış şəkərli diabet xəstəliyi üzrə ölkəmizdə bir neçə il əvvəl 55 min xəstə dövlət hesabına dərman vasitələri ilə təmin olunurdu. Bu gün bu rəqəm 213 minə çatıb. Xəstəliyin vaxtında aşkarlanması, dövlətin onun müalicəsini tam öz üzərinə götürməsi nəticəsində, diabetin ağır formaları, fəsadları dəfələrlə azalıb. Nəticədə şəkərli diabetdən ölüm göstəricisi 15,8-dən 8,2-yə düşüb. Qeyd etmək lazımdır ki, təkcə şəkərli diabet xəstələri deyil, böyük maliyyə vəsaiti tələb edən hemofiliya, dağınıq skleroz, onkoloji və digər xəstələrin dərman təminatını da dövlət öz üzərinə götürüb.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə tikilib istifadəyə verilən Respublika Talassemiya Mərkəzi bu gün həmin xəstələrin müalicəsini tam həcmdə həyata keçirir, onları lazımi dərman və qan preparatları ilə təmin edir.
Artıq Azərbaycan sümük iliyi transplantasiyası əməliyyatları edən az sayda ölkələr siyahısına daxil olub. Bu mürəkkəb müalicə üsulu böyük investisiyalar, xüsusi şərait, yüksək ixtisaslı mütəxəssislər tələb edir. 35 uşağa sümük iliyi köçürülüb və ilin sonunadək daha 15 nəfərin əməliyyat olunması planlaşdırılır. Əlamətdar haldır ki, ilkin olaraq ilik transplantasiyası xarici mütəxəssislərin köməyi ilə edilirdisə, indi artıq öz mütəxəssislərimiz tərəfindən aparılır.
İrsi qan xəstəliklərinin qarşısını almaq məqsədilə nikaha daxil olanların tibbi müayinəsi də böyük əhəmiyyət daşıyır. Bu ilin 9 ayı ərzində 113 min nəfər müayinədən keçib, 3587 talassemiya daşıyıcısı aşkarlanıb. Qeyd etmək lazımdır ki, tibb müəssisələri ilə yanaşı, həmin müayinələrin böyük bir qismi insanların rahatlığı üçün “ASAN xidmət” mərkəzlərində həyata keçirilib. Bu müayinələr həm xəstəliklərin vaxtında aşkarlanmasına, həm də insanların düşünülmüş qərar qəbul etməsinə xidmət edir. Əlbəttə ki, ən vacibi irsi qan xəstəliklərinin yayılmasının qabağının alınması, sağlam körpələrin doğulmasıdır.
Yeri gəlmişkən, hazırda Azərbaycanda yeni diridoğulma meyarlarına uyğun olaraq, vaxtından xeyli tez, ekstremal az çəki ilə doğulan körpələrin də xilası istiqamətində ciddi işlər görülür. Doqquz ay ərzində 1000 qramdan az çəkili 102 körpəni xilas etmək mümkün olub.
Ölkənin epidemioloji vəziyyəti təkcə səhiyyənin deyil, həm də ümumi inkişafın göstəricilərindən biridir. Bu il region ölkələrində epidemioloji gərginliyə baxmayaraq, Azərbaycanda epidemioloji sabitlik təmin olunub. Belə ki, qış aylarında, demək olar ki, bütün qonşu ölkələrdə H1N1 virusu epidemiyası nəticəsində yüzlərlə ölüm hadisəsi qeydə alınmışdı. Azərbaycanın həmin ölkələrlə nəqliyyat əlaqələri kəsilməsə də, gömrük və sərhəd xidmətləri ilə birgə görülən xüsusi tədbirlər, ciddi nəzarət sayəsində epidemiyanın ölkəmizə keçməsinin qarşısı alındı.
Digər yoluxucu xəstəliklərlə bağlı da tam sabitlik qeydə alınıb. Əgər bir müddət əvvəl il ərzində Azərbaycanda on minlərlə qızılca, məxmərək, epidemik parotit hadisəsi baş verirdisə, bu gün həmin xəstəliklər ləğv edilib və ya eliminasiya səviyyəsinə çatdırılıb. Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosu ölkəmizin bu nailiyyətini yüksək qiymətləndirib, bu münasibətlə ünvanladığı müraciətdə səhiyyəyə ayırdığı diqqət və qayğıya görə Azərbaycan rəhbərliyinə minnətdarlığını bildirib.
Möhtərəm cənab Prezident!
Siz hər dəfə ictimaiyyətlə, sadə insanlarla görüşəndə onlara öz sağlamlığına qarşı diqqətli olmağı, heç olmasa ildə bir dəfə tibbi müayinələrdən keçməyi məsləhət görürsünüz. Bu tövsiyəniz son illər artıq ənənəyə çevrilib. Elə bu il də ölkənin bütün şəhər və rayonları üzrə 5 milyon 373 min nəfər səhiyyə müəssisələrində tam müayinə olunub. Müxtəlif xəstəliklər aşkarlanan 650 mindən çox insan ambulator, 42 800 nəfər stasionar müalicəyə cəlb edilib. Şübhə yoxdur ki, xəstəliklərin vaxtında aşkarlanması və müalicəsi öz müsbət nəticələrini göstərəcək.
Səhiyyənin inkişafının mühüm şərtlərindən biri də yüksək ixtisaslı kadr hazırlığıdır. Son illər tibb təhsilində rezidentura pilləsinin tətbiqi, həkimlərin sertifikasiyası, mərkəzləşdirilmiş işəqəbul imtahanları, mütəxəssislərin tanınmış xarici klinikalarda hazırlıq keçmək imkanı və digər tədbirlər həkim kadrlarının hazırlığı sisteminə mahiyyətcə yeni yanaşma formalaşdırıb. Nəticədə, vaxtilə ölkəmizdə əlçatmaz olan müasir diaqnostik tədqiqatlar, mürəkkəb kardiocərrahiyyə, invaziv, transplantasiya, süni oynaq əməliyyatları bizim tibb mərkəzlərində, yerli mütəxəssislər tərəfindən həyata keçirilir.
Azərbaycan səhiyyəsi bu gün tibb xidmətini beynəlxalq standartlara uyğun təşkil etmək iqtidarındadır. Bunu xarici mütəxəssislər də qeyd edirlər. Belə ki, ölkəmizdə bu ilin ən mühüm idman hadisəsi – altı yüz minə yaxın tamaşaçısı olan “Formula-1” yarışlarının hazırlıq mərhələsində təşkilatçılar qarşıya çox ciddi tələblər, o cümlədən tibb xidmətinin təşkili ilə bağlı şərtlər qoymuşdular. Bunlar nəinki idmançıların ilkin tibbi yardımının təşkili, ümumiyyətlə, müasir tibb infrastrukturunun olmasını tələb edirdi. Yalnız tibb müəssisələrinin təchizatını, personalın səviyyəsini, tibbi yardımın təşkili vəziyyətini öyrənəndən sonra yarışda tibb xidmətinin təşkilini Azərbaycana həvalə etdilər.
Səhiyyəmizin son illərdə tərəqqisini müxtəlif beynəlxalq qurumlar da təsdiqləyir. Böyük Britaniyanın tanınmış “The Legatum Institute” tədqiqat mərkəzi 142 ölkənin monitorinqi nəticəsində son iki ildə Azərbaycan səhiyyəsini 91-ci pillədən 68-ci pilləyə qaldırıb.
Sevindirici haldır ki, bu il ölkəmizin iki tibb müəssisəsi dünyanın ən nüfuzlu JCI (Joint Commission International) beynəlxalq standartlaşdırma təşkilatı tərəfindən akkreditasiyadan keçib. Bu da həmin müəssisələrin dünyada qəbul edilmiş ən yüksək tibbi keyfiyyət və təhlükəsizlik standartlarına uyğun olması deməkdir. Ölkəmizə xarici qonaqların, turistlərin axınını nəzərə alsaq, JCI sertifikatlı səhiyyə müəssisələrinin olması beynəlxalq sığorta şirkətləri üçün çox vacib amildir.
Möhtərəm cənab Prezident, Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə sentyabrın 26-da keçirilən referendum xalqın dövlətlə birliyini bir daha göstərdi, bütün Azərbaycan xalqının, o cümlədən səhiyyə ictimaiyyətinin iradəsini ifadə etdi. Ümumxalq səsverməsində iştirak edən səhiyyə işçiləri ölkəmizdə sabitliyə, əmin-amanlığa və inkişafa səs verdilər. Sizin diqqət və qayğınızı həmişə öz üzərində hiss edən tibb işçiləri qarşıya qoyulan vəzifələri bundan sonra da əzmlə yerinə yetirəcəklər”.
Sonra təhsil naziri Mikayıl Cabbarov çıxış edərək, hesabat dövründə təhsil sahəsində görülən işlərdən danışıb.
Müşavirənin sonunda Azərbaycan Respublikasının Prezidenti yekun nitqi söyləyib.
Dövlət başçısı bildirib ki, ilin sonuna qədər qalan bütün vəzifələr icra edilməli, xüsusilə investisiya layihələri ilə bağlı işlər getməli, dövlət investisiya proqramı icra edilməlidir. O qeyd edib ki, bu il aparılmış ciddi iqtisadi islahatlar, idarəetmə istiqamətində qəbul edilən önəmli qərarlar artıq öz nəticələrini verməkdədir: “Əminəm ki, gələn il həm idxalın azalması, həm ixracın artırılması istiqamətində çox yaxşı nəticələr olacaq”.
Aparılan islahatların dünyanın aparıcı iqtisadi mərkəzləri tərəfindən də yüksək qiymətləndirildiyini söyləyən ölkə Prezidenti dünyanın bir nömrəli iqtisadi forumu olan Davos Dünya İqtisadi Forumunun Azərbaycan iqtisadiyyatını rəqabət qabiliyyətliliyinə görə keçən il dünyada 40-cı, bu il isə 37-ci yerə layiq gördüyünü, bunun çox böyük, tarixi göstərici olduğunu deyib, bildirib ki, MDB məkanında biz, həmişə olduğu kimi, birinciyik və bu liderliyi saxlayırıq.
Dövlət başçısı qeyd edib ki, gəlirlərin azalmasına baxmayaraq, sosial sahədə tam vəsait təmin edilir, heç bir sosial təşəbbüs və layihə ixtisar olunmur. O vurğulayıb ki, gələn ilin dövlət büdcəsində bütün sosial proqramlar öz əksini tapmalıdır: “2017-ci ildə də büdcəmiz sosialyönümlü olmalıdır. Əlbəttə, investisiyalar üçün də kifayət qədər vəsait nəzərdə tutulmalıdır”. Əvvəlki illərdə dövlət investisiyalarına üstünlük verildiyini deyən ölkə rəhbəri icra edilmiş layihələrin bugünkü inkişafda rolunu qeyd edib, indi isə özəl sektorun investisiyalarının daha böyük həcmdə cəlb edilməsini vəzifə kimi qoyub.
President bildirib ki, süni qiymət artımına yol verilməməsi üçün həm dövlət orqanları tərəfindən, həm də ictimai nəzarət olmalıdır.
Ölkəmizin sənaye potensialının inkişafına böyük diqqət ayrıldığını söyləyən dövlət başçısı Sumqayıt Kimya Sənaye Parkını, Bakıda Balaxanı və Pirallahı sənaye parklarının yaradılmasını xüsusi qeyd edib. Bu sahədə həyata keçirilən konkret layihələrdən danışarkən deyib: “Pirallahıda dərman istehsalı planlaşdırılır. Ümid edirəm ki, yaxın aylarda artıq birinci dərman istehsalı fabrikinin təməli də qoyulacaq. Biz xarici dərmanlardan, demək olar ki, 100 faiz səviyyədə asılıyıq. Bu həm təhlükəsizlik baxımından narahatedici məsələdir, eyni zamanda, dərmanların alınmasına xaricə böyük valyuta gedir. Buna görə qərar qəbul olundu və investorlar da buna qoşuldular, yaxşı şərait yaratdıq. Azərbaycanda birinci mərhələdə 100-dən çox adda dərman preparatı istehsal olunmalıdır”.
Sənayenin və kənd təsərrüfatının inkişafından danışan Prezident İlham Əliyev ölkənin ixrac imkanlarının artması ilə bağlı nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə də ehtiyac duyulduğunu deyib.
Dövlət başçısı həmçinin “ASAN xidmət” mərkəzlərinin sayının artırılacağından, yeni yaradılan ailə biznesinə “ASAN dəstək” sistemindən, turizm sektorunun inkişafından, “ASAN viza” sistemindən danışıb. Qeyd edib ki, gələn il sosial infrastruktur layihələri icra ediləcək, məktəblərin, xəstəxanaların, olimpiya mərkəzlərinin tikintisi davam etdiriləcək: “Bu il dünya iqtisadiyyatı üçün, dünya üçün ağır il olmuşdur. Ancaq əminəm ki, Azərbaycan son üç ay ərzində görüləcək işlər nəticəsində 2016-cı ili də uğurla başa vuracaq. 2017-ci il də uğurlu olacaq. Əminəm ki, qarşıya qoyulan bütün vəzifələri icra etmək üçün bizdə kifayət qədər iradə, güc var. Xalq bizim siyasətimizi dəstəkləyir, referendumun nəticələri bunu bir daha təsdiqləyir. Bizim yolumuz açıqdır. Biz bundan sonra da inkişaf və tərəqqi yolu ilə gedəcəyik”.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova