Prezident İlham Əliyev: “Azərbaycanda dərman istehsalı üçün ciddi proqram hazırlanır“

Prezident İlham Əliyev: “Azərbaycanda dərman istehsalı üçün ciddi proqram hazırlanır“

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.
Toplantını giriş nitqi ilə açan dövlət başçısı bu ilin altı ayı ərzində dünyada təhlükələrin artdığını, hərbi toqquşmaların davam etdiyini, iqtisadi böhranın dərinləşdiyini, bütün ölkələrin bu və ya digər formada bu böhrandan əziyyət çəkdiyini deyib, 2016-cı ildə neftin qiymətinin hələ də çox aşağı səviyyədə olmasına baxmayaraq, ölkəmizin inamla inkişaf etdiyini söyləyib: “Azərbaycanın uğurlu inkişafı təmin edilir, ölkəmizdə təhlükəsizlik yüksək səviyyədə qorunur, ictimai-siyasi sabitlik möhkəmlənir. Ölkə qarşısında duran bütün əsas vəzifələr uğurla icra edilir. Bunun təməlində düşünülmüş siyasət, apardığımız islahatlar və ölkəmizin gələcəyi ilə bağlı olan proqramlarımız dayanır. Əminəm ki, biz bu ili də müvəffəqiyyətlə başa vuracağıq”.
Prezident İlham Əliyev 2016-cı ildə baş verən hadisələrdən – Ermənistanın növbəti təxribatı nəticəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində əmələ gələn gərginlikdən və onun həlli üçün atılan addımlardan, Azərbaycanın fəal xarici siyasətindən, hərbi və iqtisadi potensialımızın gücləndirilməsindən, sosial məsələlərin həlli istiqamətində görülən işlərdən danışıb.
Müşavirədə müdafiə sənayesi naziri Yavər Camalov, kənd təsərrüfatı naziri Heydər Əsədov, “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə çıxış edərək, müvafiq sahələrdə 2016-cı ilin birinci yarısında əldə olunan uğurlar barədə məlumat veriblər.
Azərbaycan Prezidenti İlham Əliyev iclasda yekun nitqi söyləyərək, görüləcək işlərdən də danışıb. Bildirib ki, sənaye potensialı və kənd təsərrüfatı gələcək inkişaf üçün əsas rol oynayacaq: “Sənaye istehsalı ilə bağlı həm iri layihələr icra edilir və eyni zamanda, orta və kiçik sahibkarlığın inkişafı sənaye potensialımızı daha da gücləndirəcəkdir”. Dövlət başçısı idxaldan asılılığın maksimum dərəcədə aradan götürülməsini, ixrac potensialının artırılmasını bir vəzifə kimi qarşıya qoyub.
Ölkə rəhbəri öz çıxışında əczaçılıq məsələləri üzərində xüsusi dayanıb: “Azərbaycanda bir sahə var ki, o, demək olar, heç inkişaf etməyib. Həm özəl sektor maraq göstərməyib, həm də dövlət bu sahəni bir qədər diqqətdən kənarda saxlayıb. Bu da dərman preparatlarının istehsalıdır. Biz, demək olar ki, 100 faiz idxaldan asılıyıq. Düzdür, son vaxtlar bu sahədə görülmüş tədbirlər nəticəsində dövlət tənzimləyici rolunu oynayır. İqtisadiyyat Nazirliyi Səhiyyə Nazirliyi ilə birlikdə artıq bir ildən çoxdur ki, bu məsələ ilə məşğuldur. Nəticədə, dərman preparatlarının qiymətində çox ciddi azalma müşahidə olunur. Eyni zamanda, artıq keyfiyyətə də çox ciddi nəzarət edilir. Baxmayaraq ki, manatın məzənnəsi aşağı düşüb və biz idxaldan tam asılıyıq, görülmüş tədbirlər, dövlətin müsbət mənada müdaxiləsi nəticəsində burada qiymətlərdə sabitləşmə var. Bir çox dərman preparatlarının qiymətləri aşağı düşüb.
Ancaq indi vaxt gəlib çatıb ki, Azərbaycanda dərman preparatlarının istehsalına başlansın. Müvafiq göstərişlər verilibdir, bir neçə xarici şirkətlə danışıqlar aparılır, böyük maraq var. Çünki Azərbaycan bazarı kifayət qədər böyük bazardır. Azərbaycan əhalisinin sayı 10 milyona yaxınlaşır və dinamika da müsbətdir. Ona görə xarici firmalar böyük maraq göstərirlər. Biz bundan istifadə etməliyik. Dərman preparatlarının istehsalı üçün indi ciddi bir proqram hazırlanır və bir klastr yaradılmalıdır. Beləliklə, həm bu sahədə də sənaye potensialı inkişaf edəcək, idxaldan asılılıq azalacaq və həm də vətəndaşlarımızı daha keyfiyyətli dərmanlarla təmin edə bilərik. Hesab edirəm ki, ilin sonuna qədər bütün danışıqlar prosesi, bütün təşkilati məsələlər öz həllini tapmalıdır. Bu il artıq biz dərman fabriklərinin tikintisinə başlamalıyıq“.
Azərbaycan Prezidenti həmçinin Gəncə, Sumqayıt və Mingəçevir şəhərlərinin sənaye potensialı, ölkəmizdə SOCAR Polimer kompleksinin, azot gübrələri zavodunun tikintisi, xalçaçılıq sənayesinin, kənd təsərrüfatının, turizmin inkişafı, ərzaq təhlükəsizliyi və s. məsələlərdən, bu sahələrin inkişaf perspektivlərindən danışıb, korrupsiya ilə mübarizə, aztəminatlı ailələr üçün ucuz mənzillərin inşası, infrastruktur layihələri, yol tikintisi, içməli su layihələrinin icrası kimi məsələlərə toxunub.
„Biz böhran şəraitində inkişaf edirik. Əsas məsələ ondan ibarətdir ki, bizim hər bir sahədə çox aydın proqramlarımız var. ...Əminəm ki, verdiyim bütün tapşırıqlar yerinə yetiriləcək, biz bu ili də uğurla başa vuracağıq“, - deyə Prezident İlham Əliyev çıxışına yekun vurub.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova