İmmunoprofilaktika üzrə yeni Tədbirlər Proqramı
Ölkəmizdə yaxın illərdə vaksinasiya yolu ilə müəyyən infeksion xəstəliklərin qarşısının alınması sahəsində görüləcək işlər müəyyənləşdirilib. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə “2016-2020-ci illər üçün uşaqlar arasında yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı” təsdiq edilib.
2014-cü ilin sentyabr ayında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Komitəsində 53 ölkənin, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “2015-2020-ci illərdə vaksinlərə dair Avropa Tədbirlər Planı”na əsasən hazırlanmış, Səhiyyə Nazirliyinin təklifləri nəzərə alınmaqla qəbul olunan sənəd uşaqlar arasında vaksinasiya ilə qarşısı alına bilən yoluxucu xəstəliklərin profilaktikasının yaxşılaşdırılması, körpə və uşaq ölümünün səviyyəsinin aşağı salınması məqsədi daşıyır.
Proqramda qeyd edilir ki, uşaqların sağlamlığının qorunması sahəsində əsas prioritet istiqamətlərdən biri olan immunoprofilaktika üzrə son illər ölkəmizdə planlı immunlaşdırma tədbirləri davam etdirilib, Azərbaycanın poliomielitdən azad ölkə statusunun saxlanılması məqsədi ilə Milli Fəaliyyət Planı, qızılca və məxmərəyin eliminasiyası, anadangəlmə məxmərək sindromunun profilaktikası kimi bir sıra kompleks tədbirlər həyata keçirilib, yoluxucu xəstəliklərə qarşı planlı immunlaşdırma tədbirləri üzərində monitorinq və qiymətləndirmə aparılıb. 2011-2015-ci illər üçün analoji Tədbirlər Proqramı çərçivəsində profilaktik peyvənd təqviminə 2011-ci ildə B tipli hemofil və 2013-cü ildə pnevmokok infeksiyalarına qarşı peyvəndlər daxil edilib. Peyvənd planının hər il 95%-dən artıq yerinə yetirilməsi, ÜST-nin təşəbbüsü ilə immunlaşdırma həftələrinin keçirilməsi və digər immunlaşdırma tədbirləri nəticəsində son illərdə difteriya, məxmərək xəstəlikləri qeydə alınmayıb, qızılca, göyöskürək, tetanus, epidemik parotit xəstəliklərinə isə tək-tək hallarda rast gəlinib. Yoluxucu xəstəliklər üzərində elektron müşahidə sistemi çərçivəsində bu xəstəliklərə dair məlumatların toplanılması, ötürülməsi, işlənməsi və təhlili prosesi daha da təkmilləşdirilib. Vaksinlərin etibarlı saxlanması məqsədilə “soyuq zəncir” sistemi gücləndirilib, peyvənd saxlanılan anbarlar temperatur rejiminin daimi monitorinqi üçün lazımi texniki avadanlıqla təmin edilib, bu avadanlıqla işləmək üçün mütəxəssislər xüsusi hazırlıq keçiblər. Peyvənd materialları yerlərə bu sistemin tələbləri daxilində, mərkəzləşdirilmiş qaydada daşınır.
Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası”nda immunoprofilaktika tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulub.
“2016-2020-ci illər üçün uşaqlar arasında yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı”nda ilk növbədə ölkəmizdə tətbiq ediləcək profilaktik peyvənd təqvimi əks olunub. Buraya aşağıdakı peyvəndlər daxildir:
1. Hepatit B – doğulduqdan 12 saat ərzində;
2. BCJ, OPV – 4-7-ci gün;
3. GDTHibHepB, OPV, Pk – 2 aylıqda;
4. GDTHibHepB, OPV – 3 aylıqda;
5. GDTHibHepB, OPV, Pk – 4 aylıqda;
6. Pk, İPV – 6 aylıqda;
7. QPM, Vitamin A – 12 aylıqda;
8. GDT, OPV, Vitamin A – 18 aylıqda;
9. QPM, ADT, Vitamin A – 6 yaşda.
Proqram üzrə tədbirlərin əlaqələndirilməsi, monitorinqi və qiymətləndirilməsi Səhiyyə Nazirliyinə həvalə olunur. Nazirlik həmçinin aidiyyətli beynəlxalq və qeyri-hökumət təşkilatlarını Proqramın icrasına cəlb edəcək.
Nəzərdə tutulan tədbirlər müvafiq illər üzrə dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində “Səhiyyə” bölməsi üzrə nəzərdə tutulmuş vəsait dairəsində maliyyələşdiriləcək.
“Tədbirlər Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı”nda ölkəmizdə uşaqların peyvəndlə əhatələnməsini 95%-dən az olmayan səviyyədə saxlamaq, profilaktik peyvənd təqvimində poliomielitə qarşı üçvalentli (tOPV) peyvəndi ikivalentli (bOPV) peyvəndlə əvəz etmək, “soyuq zəncir” sisteminin tələb olunan həcmdə təmin edilməsi üçün lazımi avadanlıqlar almaq və s. nəzərdə tutulur.
Vaksinasiya ilə qarşısı alına bilən xəstəliklərlə bağlı ölkəmizdə müşahidə edilən müsbət dinamikanın davamlılığına xidmət edəcək Tədbirlər Proqramının həyata keçirilməsi nəticəsində Azərbaycanda qızılca və məxmərəyin eliminasiyası, poliomielitdən azad ərazi statusunun saxlanılması, hepatit B infeksiyası üzərində nəzarətin gücləndirilməsi, ümumilikdə, profilaktik peyvəndlərlə əhatənin yüksək səviyyədə saxlanılması gözlənilir.