Səhiyyə Nazirliyində ilin yekunları müzakirə edildi
Dekabrın 25-də Səhiyyə Nazirliyində 2015-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirildi. Tədbirdə il ərzində səhiyyə sahəsində görülmüş işlər və əldə edilən nəticələr barədə məruzələr dinlənildi.
İclası səhiyyə naziri Oqtay Şirəliyev açdı və çıxış üçün ilk sözü Nazirliyin Tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladova verdi.
G.Poladov dünyadakı maliyyə böhranına baxmayaraq, Prezident İlham Əliyevin möhkəm iradəsi və düşünülmüş siyasəti hesabına dövlətimizin 2015-ci ildə də inkişaf etdiyini vurğuladı. O, ölkə başçısının sosial yönümlü siyasəti nəticəsində son 5 ildə səhiyyəyə ayrılan büdcə vəsaitinin 2 dəfəyə qədər artırıldığını dedi. Son illər Azərbaycanda 600-ə yaxın tibb müəssisəsinin tikildiyini, əsaslı təmir olunduğunu, müasir avadanlıqla təchiz edildiyini bildirdi.
Dövlət proqramlarının uğurlu nəticələri
Şöbə müdiri əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin artırılmasında səhiyyənin ayrı-ayrı sahələri üzrə qəbul olunmuş dövlət proqramlarının xüsusi rolunu diqqətə çatdırdı: “Xroniki böyrək çatışmazlığından əziyyət çəkən insanların problemlərinin həlli üçün şəhər və rayonlarda fəaliyyət göstərən 34 hemodializ mərkəzində 3 minə qədər xəstə hemodializ seansları, müvafiq dərman vasitələri ilə pulsuz təmin olunur. 2015-ci ildə Mingəçevirdə, İsmayıllıda və Kliniki Tibbi Mərkəzdə yeni hemodializ şöbələri açılıb. Bu il, eyni zamanda, xroniki böyrək çatışmazlığı olan 81 xəstəyə böyrək köçürülüb. Hazırda ölkəmizdə böyrək transplantasiyası əməliyyatı olunmuş 700-dən artıq insan var və dövlət onların dərman təminatını öz üzərinə götürüb.
Həyata keçirilən tədbirlər hesabına ana və uşaqların sağlamlığını xarakterizə edən göstəricilər müsbət istiqamətdə dəyişib. Belə ki, əgər 2010-cu ildə körpə ölümü göstəricisi 11,2 promille idisə, 2015-ci ildə beynəlxalq diridoğulma meyarları nəzərə alınmaqla bu rəqəm təxminən 11,0 promille təşkil edib. Ana ölümü əmsalı da ötən illə müqayisədə azalıb.
Hazırda 200 mindən çox şəkərli diabet xəstəsi bu sahədə qəbul olunmuş proqram çərçivəsində dövlət hesabına dərman və özünənəzarət vasitələri ilə tam təmin olunur. İndi diabetli uşaqlara dərman insulin pompası vasitəsilə yeridilir ki, bu da onları gün ərzində bir neçə dəfə iynə vurulması əziyyətindən azad edir.
Son illər qan xidmətinin inkişafına da xüsusi diqqət yetirilir, tədarük olunan qan və onun komponentlərinin miqdarı ilbəil artırılır. Belə ki, 2010-cu ildə 19,5 ton qan tədarük edilmişdisə, 2015-ci ildə bu rəqəm 33 tondan çox olub. Hazırda tibb müəssisələrinin və xəstələrin təhlükəsiz donor qanına və onun komponentlərinə olan ehtiyacı tam ödənilir.
Ölkəmizdə qeydiyyatda olan 1480 hemofiliyalı xəstəyə dövlət proqramı çərçivəsində göstərilən yüksək səviyyəli tibbi xidmət nəticəsində onların həyat keyfiyyəti yaxşılaşıb, bu xəstəlikdən ölüm halları azalıb.
Bədxassəli şişlərlə mübarizə işində də nəzərəçarpan irəliləyiş əldə olunub. Milli Onkologiya Mərkəzində cənubi Qafqazda ilk dəfə ən müasir tibbi diaqnostika üsulu olan pozitron emission tomoqraf quraşdırılıb, bu texnologiyalarla işləməyi bacaran mütəxəssislər hazırlanıb və bu müayinələrin aparılması üçün artıq xaricə üz tutmaq lazım gəlməyəcək.
“Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair Dövlət Proqramı” çərçivəsində 515 xəstənin dövlət tibb müəssisələrində müayinə və müalicəsi aparılır. Bütün xəstələr dərman preparatları ilə pulsuz təmin olunurlar.
“Narkomanlığa düçar olmuş şəxslərin müalicəsi, reabilitasiyası üzrə Proqram”ın icrasına dair Səhiyyə Nazirliyi tərəfindən 2014-cü ildə təsdiq edilmiş Tədbirlər planı uğurla həyata keçirilir.
Eyni zamanda, Səhiyyə Nazirliyi tərəfindən 2016-2020-ci illər üçün İİV/QİÇS-lə mübarizə üzrə yeni Tədbirlər Proqramı hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub.
Vərəmli xəstələrin aktiv müalicəyə cəlb olunması, onların birinci və ikinci sıra dərman preparatları ilə tam təmin edilməsi, genişmiqyaslı profilaktik tədbirlər nəticəsində 2015-ci ildə bu xəstəlikdən ölüm hallarının sayı azalıb”.
Hepatit xəstələri bu ildən dövlət hesabına müalicə olunur
G.Poladov son illər viruslu hepatitlərlə mübarizənin gücləndirildiyini, cari ildə hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə xüsusi komissiya yaradıldığını bildirdi. Komissiyaya müraciət edən bütün xəstələrin müayinə olunduğunu, onlara müvafiq təyinatlar verildiyini dedi. Hazırda 2000-dən artıq belə xəstənin dövlət hesabına uzunmüddətli müalicə kursu aldığını söylədi.
Cərrahiyyənin inkişafı
Şöbə müdiri ölkəmizdə əvvəllər əlacsız sayılan bir sıra xəstəliklərin hazırda müalicə edildiyini, o cümlədən qaraciyər transplantasiyası, süni oynaq və açıq ürək əməliyyatları kimi mürəkkəb cərrahi müdaxilələrin həyata keçirildiyini dedi: “Bu il 14 nəfərə qaraciyər köçürülüb, 78 xəstəyə endoprotezləşmə əməliyyatı olunub. Minlərlə xəstə, o cümlədən 391 uşaq üzərində kardiocərrahiyyə həyata keçirilib. Səhiyyə Nazirliyinə tabe olan müəssisələrdə 2 minə yaxın açıq ürək əməliyyatı aparılıb. Sevindirici haldır ki, bu gün belə əməliyyatlar üçün hətta qonşu ölkələrin vətəndaşları da bizə müraciət edirlər. Belə ki, 2015-ci ildə Azərbaycanda Gürcüstan vətəndaşı olan 7 nəfərə qaraciyər, 5 nəfərə böyrək köçürülüb, bir Qazaxıstan vətəndaşına isə qaraciyər transplantasiya edilib”.
Bu ilin sentyabr ayında Nazirliyin müvafiq əmri ilə koxlear implantasiya əməliyyatlarına ehtiyacı olan uşaqların qeydiyyatının aparılması, seçilməsi, müayinə və müalicəsi üzrə Komissiyanın yaradıldığını deyən şöbə müdiri qısa müddət ərzində bu quruma müraciətlər edildiyini bildirdi. Artıq dövlət hesabına bir neçə uşaq üzərində koxlear implantasiya əməliyyatının uğurla icra olunduğunu söylədi.
Dərmanların qiyməti tənzimlənir
Gülmirzə Poladov dövlət başçısının təşəbbüsü ilə bu il ölkə üzrə 6 milyon 935 min nəfərin, o cümlədən 1 milyon 695 min uşağın müxtəlif tibbi müayinələrə cəlb olunduğunu, bunun xəstəliklərin vaxtında aşkarlanmasına və onların müalicəsinə, o cümlədən qısa zamanda əhalinin sağlamlıq göstəricilərinə müsbət təsir etdiyini vurğuladı.
Natiq Prezident İlham Əliyevin tapşırığına əsasən, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsinə başlandığını dedi. Hazırda satışda olan 3 minə yaxın dərman vasitəsinin qiymətinin endirildiyini vurğulayan şöbə müdiri preparatların 53 faizinin iki, 28 faizinin isə üç dəfədən çox ucuzlaşdığını bildirdi.
Kadr hazırlığı və elektron xidmətlər
G.Poladov ötən ilin sonunda vətəndaşların səhiyyə ilə bağlı müraciətlərinin təcili araşdırılması məqsədilə istifadəyə verilən Elektron Səhiyyə Mərkəzinə il ərzində 31 minə yaxın insanın müraciət etdiyini, onların əksər problemlərinin yerindəcə həll olunduğunu dedi.
Şöbə müdiri ölkə rəhbərinin tapşırıq və tövsiyələrinə əsasən, bu il səhiyyə nazirinin 12 regionda vətəndaşlarla görüşdüyünü, müraciət edən hər bir şəxsi qəbul etdiyini bildirdi.
Səhiyyənin inkişafının əsas istiqamətlərindən birinin təhsil, kadr hazırlığı olduğunu deyən natiq İ.M.Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin özünün ilk və tək filialını Bakıda açdığını, bunun ölkəmizdə yüksək ixtisaslı tibb kadrlarının hazırlığında əhəmiyyətli rol oynayacağını vurğuladı.
G.Poladov 2015-ci ildə ölkəmizdə təşkil olunan, Rusiya Diplomdansonrakı Tibb Akademiyası, Seçenov adına I Moskva Dövlət Tibb Universiteti, Minsk Sümük İliyi Transplantasiyası Mərkəzi və Amerika Ürək Assosiasiyasının mütəxəssislərinin cəlb edildiyi nəzəri-praktiki təlimlərə 255 müdavimin qatıldığını dedi: “Cari ildə beynəlxalq əlaqələr çərçivəsində 65 rezident-həkim təhsillərinin bir hissəsini Almaniya və Türkiyədə davam etdirib. Daha 5200 həkim və 9500 orta tibb işçisi ölkəmizdə təkmilləşmə kurslarından keçib, 3354 həkim və 7399 orta tibb işçisi isə sertifikat alıb. 2015-ci ildə 258 həkim mərkəzləşdirilmiş qaydada işə qəbul olunub.
“Vahid Səhiyyə İnformasiya Sistemi”nin formalaşdırılması istiqamətində də işlər görülüb. Nazirliyin rəsmi internet səhifəsində yaradılmış “Elektron xidmətlər” bölməsində 38 elektron xidmət fəaliyyət göstərir ki, il ərzində onlardan 49 mindən çox istifadə qeydə alınıb.
Bundan əlavə, hesabat ili ərzində tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin (Forma 88) vahid mərkəzləşdirilmiş reyestri, nikah üçün tibbi arayışların məlumat bazası yaradılıb. Bu baza ölkə üzrə 69 tibb müəssisəsi və 4 ASAN xidmət mərkəzində tətbiq olunub.
Kadrların Avtomatlaşdırılmış Uçot Sistemi təkmilləşdirilib, tibb işçilərinin mərkəzləşdirilmiş işə qəbulu və sertifikasiya üzrə informasiya sistemləri yeni qaydalara uyğun hazırlanıb”.
Bu ilin ən mühüm hadisəsinin “Bakı – 2015” I Avropa Oyunları olduğunu deyən şöbə müdiri bu idman bayramında tibb işçilərinin də üzərinə böyük məsuliyyət düşdüyünü, oyunlar müddətində müxtəlif sağlamlıq problemləri ilə 6381 müraciət olduğunu, onların hər birinə lazımi tibbi yardım göstərildiyini bildirdi. Beynəlxalq mütəxəssislərin tədbir dövründə tibb xidmətinin təşkilinə yüksək qiymət verdiklərini diqqətə çatdırdı.
Gülmirzə Poladov sonda qısa məruzədə səhiyyə sahəsində görülmüş işlər barəsində tam məlumat verməyin mümkünsüz olduğunu söylədi. O, dövlət başçısının səhiyyə siyasətini daim dəstəkləyən tibb işçilərinin qarşıya qoyulan vəzifələri bundan sonra da əzmlə yerinə yetirəcəklərini vurğuladı.
Epidemioloji sabitlik qorunur
İclasda çıxış edən Səhiyyə Nazirliyinin Sanitariya-epidemioloji nəzarət sektorunun aparıcı məsləhətçisi Nəzifə Mürsəlova bu gün ölkəmizdə yoluxucu xəstəliklərlə mübarizə və profilaktika sahəsində aparılan tədbirlərin epidemioloji sabitliyi qoruyub saxlamağa imkan verdiyini diqqətə çatdırdı. O, ölkə üzrə peyvənd planının 95-96 faiz yerinə yetirildiyini, nəticədə, xüsusi profilaktika vasitələri ilə idarə olunan xəstəliklərin azaldılması üzrə stabil dinamika əldə olunduğunu vurğuladı. Yoluxucu xəstəliklərlə mübarizə və onların profilaktikasının beynəlxalq təşkilatlarla əməkdaşlıq şəraitində davam etdirildiyini dedi.
Gəncə şəhər Səhiyyə İdarəsinin rəisi Əlikram Məmmədov 2015-ci il ərzində ölkənin ikinci böyük şəhərində səhiyyə sahəsində həyata keçirilən islahatlardan danışdı.
1000 qramdan az çəkili 97 uşaq xilas edilib
Neonatoloji xidmətin təkmilləşdirməsi üzrə Komissiyasının üzvü Səadət Ələsgərova çıxışı zamanı ölkəmizdə diridoğulmanın beynəlxalq meyarlarının qəbul olunduğunu və 2015-ci il yanvarın 1-dən tətbiqinə başlanıldığını dedi: “Əvvəllər hestasiya yaşı 28 həftədən, kütləsi 1000 qramdan az uşaqlar diridoğulmuş hesab edilmirdilər. Hazırda isə hestasiya yaşı 22 həftə, kütləsi 500 qramdan artıq bütün uşaqlar diridoğulmuş sayılır və onlara tam həcmli tibbi yardım göstərilir. Azərbaycanda vaxtından əvvəl və çox az çəkidə doğulmuş uşaqlara Səhiyyə Nazirliyi daim qayğı göstərir və bu sahədə genişmiqyaslı, köklü islahatlar aparılır. Belə ki, 7 perinatal mərkəz yaradılıb, tibbi heyətin peşəkarlıq səviyyəsi yüksəldilib. Regional perinatal mərkəzlər və Bakı şəhərinin bir sıra doğum evləri çox az kütləli yenidoğulmuşların əsas ölüm səbəblərindən sayılan sulfaktant çatışmazlığını aradan qaldırmaq məqsədilə istifadə edilən preparatlarla təmin olunub. Səhiyyə nazirinin müvafiq əmri ilə Neonatoloji xidmətin təkmilləşdirilməsi üzrə xüsusi Komissiya yaradılıb, “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı” qəbul edilib. Görülən bu və digər işlər sayəsində yenidoğulmuşların ölüm göstəricisində əhəmiyyətli dərəcədə yaxşılaşmaya nail olunub. Otuzillik təcrübəmə əsasən əminliklə deyə bilərəm ki, Azərbaycanda indiyədək heç vaxt perinatal və neonatal xidmət bu cür yüksək həddə çatmayıb”.
S.Ələsgərova 2015-ci il ərzində ölkəmizdə kütləsi 500-1000 qram arasında 260 uşaq doğulduğunu, əvvəllər heç bir həyat şansı olmayan bu körpələrdən 97-nin xilas edildiyini dedi. Gələcəkdə daha çox uşağın xilas olacağına, daha çox ailənin sevinc yaşayacağına inandığını vurğuladı.
25 uşağa sümük iliyi köçürülüb
Tədbirdə çıxış edən Respublika Talassemiya Mərkəzinin (RTM) direktoru Ceyhun Məmmədov son 10 ildə bu xəstəlikdən ölüm göstəricisinin 5 dəfə azaldığını diqqətə çatdırdı. Hazırda 2576 xəstənin Mərkəzdə daimi müalicə aldığını dedi.
C.Məmmədov Respublika Talassemiya Mərkəzində irsi qan xəstəliklərinin radikal müalicə üsulu olan sümük iliyinin transplantasiyası əməliyyatına başlanıldığını, 2014-cü ildə 10, 2015-ci ildə isə 15 belə əməliyyatın həyata keçirildiyini vurğuladı. Bununla yanaşı, 2015-ci ilin oktyabr ayında ölkəmizdə ilk dəfə autotransplantasiya əməliyyatının aparıldığını dedi. O, əməliyyatdan sonrakı sağalma göstəricilərinin bu sahədə uzun müddətli praktikası olan ölkələrin nəticələrindən geri qalmadığını bildirdi.
RTM-in direktoru nikaha daxil olanların tibbi müayinəsinin talassemiyanın profilaktikası baxımından çox böyük əhəmiyyət kəsb etdiyini də diqqətə çatdırdı: “İyun ayının 1-dən indiyədək artıq 82 minə yaxın insanın qan nümunəsi yoxlanılıb. Onların arasında 5500 nəfər talassemiya daşıyıcısı, 53 nəfərdə İİV infeksiyası, 320 nəfərdə sifilis xəstəliyi aşkarlanıb. Müayinədən keçənlər arasında hər ikisi talassemiya daşıyıcısı olan 40 cütlük müəyyən edilib və onlara lazımı tibbi-genetik məsləhətlər, sonrakı müayinələr haqqında ətraflı məlumat verilib”.
C.Məmmədov yeni ildə Beynəlxalq Transplantasiya Təşkilatına üzv olmağı, donor bankı yaratmağı, allotransplantasiya əməliyyatı həyata keçirməyi qarşıya məqsəd qoyduqlarını dilə gətirdi.
Astara Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əlövsət Əliyev isə çıxışında rəhbərlik etdiyi müəssisədə əhaliyə yüksək səviyyədə tibbi yardım göstərilməsi üçün görülən işlərdən, qazanılan uğurlardan danışdı. 2015-ci ildə Astarada ilk dəfə bir nəfər gənc qıza anasından böyrək transplantasiya edildiyini, əməliyyatın uğurla keçdiyini dedi.
Səhiyyə Nazirliyinin mətbuat katibi Liya Bayramova 2015-ci ildə səhiyyə sistemində gedən köklü islahatlar haqqında cəmiyyətin məlumatlandırılması məqsədilə kütləvi informasiya vasitələri, ayrı-ayrı dövlət qurumları ilə əməkdaşlığın genişləndirildiyini dedi. Cari ildə 150-dən artıq press-reliz hazırladıqlarını, onların Nazirliyin rəsmi internet saytında yerləşdirildiyini bildirdi: “Mətbuat xidmətinin işi media tərəfindən müsbət qiymətləndirilib. Saytda yerləşdirilən məlumatlar 150-ə qədər kütləvi informasiya vasitəsində işıqlandırılıb. KİV-də Səhiyyə Nazirliyi barədə verilən məlumatların sayı 2015-ci ilin ikinci yarısında 2014-cü ilin ikinci yarısı ilə müqayisədə 85 faiz, pozitiv informasiyalar isə 74 faiz artıb. Səhiyyə ilə bağlı neqativ məlumatların sayında isə 20 faizdən çox azalma müşahidə edilib”.
L.Bayramova Nazirliyin fəaliyyətinin işıqlandırılması və əhalinin maarifləndirilməsi baxımından www.health.gov.az saytının, sosial şəbəkələrdə Səhiyyə Nazirliyinin rəsmi səhifələrinin işinin önəmini də vurğuladı.
Görülən işlər bəhrəsini verir
Sonda çıxış edən nazir Oqtay Şirəliyev səhiyyə sahəsində görülən işlərin bu il də müsbət nəticə verdiyini diqqətə çatdırdı. Bunun o cümlədən neonatal xidmətin inkişafında özünü göstərdiyini vurğuladı: “Uzun illərdir Ümumdünya Səhiyyə Təşkilatı əksər ölkələr kimi, Azərbaycanda da diridoğulma ilə bağlı beynəlxalq meyarların qəbulunu təkidlə tələb edirdi. Düşünürdük ki, yeni meyarlara keçəndə uşaq ölümü əmsalı dəfələrlə artacaq. Amma neonatoloji xidmət sahəsində görülmüş böyük işlər nəticəsində, diridoğulma meyarları dəyişsə də, ölüm əmsalında cəmi 0,8 faiz çoxalma müşahidə olundu”.
O.Şirəliyev ən ağrılı məqam olan ana ölümü sahəsində də son illərdə stabilləşməyə nail olunduğunu vurğuladı: “10 il əvvəl hətta reallığı tam əks etdirməyən illik göstəricilər belə, ən azı 30-40 olurdu. İldə təxminən 170 min uşağın doğulduğu son illərdə isə ana ölümü göstəricisi 13-14 olur. Bu il hər 100 min diri doğulan uşağa 13,8 ana ölümü qeydə alınıb. Əlbəttə ki, bu göstəricilər də bizi qane etmir. Artıq kəmiyyəti keyfiyyət əvəz etməlidir. Bunun üçün Doğuşayardım Komissiyası tərəfindən də çox böyük işlər görülür. Eyni zamanda, bu komissiya ağır hamiləliklərlə bağlı məsələlərə də nəzarət edəcək.
Əhali arasında maarifləndirmə işləri aparılmalıdır. Təkcə komissiya üzvləri deyil, hər bir şəhərdə, rayonda, kəndlərdə yerli tibb işçiləri əhali ilə ünsiyyətdə olmalıdır. Bəzən qadın hamiləliyin 9-cu ayında doğum evinə gəlir və məlum olur ki, o vaxta qədər bir dəfə də həkimə getməyib. İnsanlarla işləmək, onlara belə hallarda hansı problemlərin, fəsadların ortaya çıxa biləcəyini izah etmək lazımdır.
Sertifikasiya Komissiyasına isə bildirmək istəyirəm ki, xüsusən mama-ginekoloqlarla bağlı sualları daim yeniləsinlər. Bu, daha yüksək səviyyəli mütəxəssislərin hazırlanması baxımından önəmlidir. Çünki bir çox hallarda Doğuşayardım Komissiyasının araşdırması nəticəsində məlum olur ki, bəzi hallarda hamilə qadınlar həkimin savadsızlığı ilə üzləşirlər. İndiki dövrdə bu, yolverilməz haldır”.
Səhiyyə naziri regionlarda mövcud olan kadr çatışmazlığı probleminə də toxundu: “Baş həkimlər bu məsələni bizim qarşımızda qaldırırlar. Mən əmr verib insanları rayonlara göndərə bilmərəm. Bu sizin özünüzdən asılıdır. Biz uzun illər Bakıda yaşamış, çalışmış insanları müxtəlif rayonlara baş həkim vəzifəsinə təyin etmişik. Gərək siz də təşəbbüs göstərəsiniz, kadrları rayonlara cəlb etməyə çalışasınız.
Digər tərəfdən isə, sevinclə demək istəyirəm ki, Nazirlər Kabinetinin yeni qərarına əsasən, rezidenturanı bitirən həkimlərin təyinatı Səhiyyə Nazirliyinə həvalə edilib. Bundan sonra ehtiyac olan yerlərə mütəxəssis göndərmək imkanımız da olacaq. Hətta artıq 79 belə həkim kadr çatışmayan rayonlara göndərilib. Bu, əlbəttə ki, çox vacib məsələdir”.
Şikayətlər azalır
O.Şirəliyev ötən illə müqayisədə əhalinin şikayətlərinin 25 faiz azaldığını da diqqətə çatdırdı: “Burada elektron xidmətin də böyük rolu var. Əgər vaxtilə vətəndaşlar ərizə ilə, məktubla Nazirliyə müraciət edib, xeyli gözləməli olurdularsa, indi onların problemləri rahat və qısa müddətdə həll edilir.
Qeyd edim ki, Səhiyyə Nazirliyinə arayışlarla bağlı çox müraciət olunurdu. İnsanlar adi bir sənəd almaq üçün əziyyət çəkirdilər. Biz bu sahədə bəzi dəyişikliklər etməklə əhalinin rahat şəkildə arayış ala bilməsinə imkan yaratdıq. Doğrudur, bəzən əsassız şikayətlər də edirlər. Amma ümumilikdə belə məsələlərə diqqətlə yanaşmaq lazımdır ki, şikayətlər olmasın”.
Nazir tibb müəssisələrinin təmiri, bərpası ilə bağlı görülən işlərdən və problemlərdən də danışdı: “Hazırda dünya iqtisadi böhranına baxmayaraq, dövlət başçısı səhiyyəyə qayğısını, maliyyə dəstəyini əsirgəmir. Məhz bu dəstək sayəsində bu il Respublika Klinik Xəstəxanasında aparılan təmir işləri başa çatdırılıb, Ağsu, Masallı, Biləsuvar, Qazax, Neftçala rayon mərkəzi xəstəxanaları kimi böyük, çoxprofilli tibb müəssisələrində, həmçinin Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda, Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunda təmir-tikinti işləri davam etdirilir.
Ancaq nəzərə almaq lazımdır ki, hər rayonda 20, 30, bəzilərində hətta 70 kənd var. Oradakı səhiyyə müəssisələrinin təmiri ilə bağlı da Səhiyyə Nazirliyinə müraciət olunur. Halbuki kənd həkim məntəqələrinin təmiri üçün rayonlara yerli büdcədən kifayət qədər maliyyə vəsaiti ayrılır. İcra başçılarının əksəriyyəti səhiyyəyə çox böyük diqqətlə yanaşırlar. Baş həkimlər onlara müraciət etsələr, inanıram ki, bu problem öz həllini tapar. Kəndlərdə tibb müəssisələri rayon mərkəzi xəstəxanalarının rəhbərlərinin xüsusi planı ilə, ən vacibdən başlayaraq, tədricən təmir oluna bilər”.
Səhiyyə naziri səhiyyənin bütün sahələrində şəffaflığın təmin olunması üçün çalışdıqlarını da vurğuladı. Əvvəlki illərdən fərqli olaraq, artıq işə qəbulun mərkəzləşmiş qaydada həyata keçirildiyini dedi. 2015-ci ildə 200-dən artıq mütəxəssisin bu qaydalara uyğun şəkildə işlə təmin edildiyini bildirdi.
Oqtay Şirəliyev tibb müəssisələrində dərman çatışmazlığı ilə bağlı problemin də həllini tapdığını diqqətə çatdırdı. Bu ildən tibb müəssisələrinin dərman təminatının mərkəzləşmiş qaydada Səhiyyə Nazirliyi tərəfindən həyata keçirildiyini söylədi: “Düşünürəm ki, bu məsuliyyətli və ağır işin öhdəsindən uğurla gəldik. Ötən il və ondan əvvəlki illərdə hər 3 şikayətdən ikisi dərmanla bağlı idi. Rayon mərkəzi xəstəxanalarının apteklərində bintdən, brilyant yaşılından başqa heç nə olmurdu. Mən özüm də bu cür hallarla qarşılaşırdım. Amma indi həmin apteklər dərmanlarla doludur, insanlar da razıdır. Əlbəttə ki, bu, çox vacib məsələdir.
Digər önəmli hadisə isə dərman preparatlarının qiymətlərinin ölkə rəhbərinin tapşırığına əsasən Tarif Şurası tərəfindən tənzimlənməsidir.
Bununla yanaşı, biz də öz növbəmizdə yeni əmr verdik. Əmrə əsasən, artıq həkimlər reseptə dərmanların ticarət adını yox, kimyəvi tərkibini yazacaq. Ayrı-ayrı ölkələr eyni kimyəvi tərkibli dərmanı müxtəlif adlarla buraxır və hərəsi bir qiymətə satışa çıxarır. Artıq xəstələr maddi imkanından asılı olaraq, hansı preparatı seçməsinə özləri qərar verəcəklər. Eyni zamanda, bununla dərman firmalarının nümayəndələrinin xəstəxanaları gəzməsinə də son qoyulacaq”.
İcbari tibbi sığorta reallığa çevrilir
Oqtay Şirəliyev çıxışı zamanı daha bir əhəmiyyətli məsələyə - tibbi sığorta probleminə də toxundu. Nazir uzun müddətdir yaradılan, ancaq fəaliyyət göstərməyən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə Prezident İlham Əliyevin Fərmanına əsasən rəhbər təyin olunduğunu dedi: “Məlumdur ki, bu, 3-5 gün içində həll olunacaq məsələ deyil. Ancaq gələn ildən bu sahədə işlər başlanacaq. Öncə seçilən pilot rayonlarda icbari tibbi sığorta tətbiq ediləcək. Onu da qeyd edim ki, icbari tibbi sığortanın öz tələbləri var. Bunlardan biri odur ki, yalnız tələblərə uyğun, yüksək səviyyəli, keyfiyyətli tibbi xidmət göstərən tibb müəssisələri ilə işbirliyi yaradılacaq. Siz indidən işinizi elə yüksək səviyyədə qurmalısınız ki, sabah heç bir irad olmasın. Hansı müəssisə işini icbari tibbi sığortanın tələblərinə uyğun qura bilməyəcəksə, sığortadan kənarda qalacaq. Bu o deməkdir ki, həmin müəssisəyə xəstələr müraciət etməyəcək”.
Azərbaycan səhiyyəsinə inam gündən-günə artır
Cəmiyyətdə kütləvi informasiya vasitələrinin rolundan, bu sahənin vacibliyindən danışan səhiyyə naziri bildirdi ki, jurnalistlərlə işləmək, onların informasiya almaq hüququna hörmətlə yanaşmaq lazımdır. Ancaq xəstənin də hüquqları var, etik normalar qorunmalıdır.
Ölkəmizdə 25 uşağa sümük iliyinin transplantasiya olunmasının qürurverici olduğunu vurğulayan Oqtay Şirəliyev səhiyyə sahəsində çox böyük işlər görüldüyünü, addım-addım inkişafa nail olunduğunu dedi. Əvvəllər ancaq xarici ölkələrdə müayinədən keçən, müalicə olunan imkanlı şəxslərin əksəriyyətinin indi Azərbaycanda fəaliyyət göstərən tibb müəssisələrinə üz tutduqlarını diqqətə çatdırdı: “Bu o deməkdir ki, hər keçən gün Azərbaycan səhiyyəsinə inam daha da artır. Mən istərdim ki, yaxın zamanda heç bir vətəndaşımız xarici dövlətlərə tibbi xidmətdən yararlanmaq üçün getməsinlər, öz həkimlərimizin köməyi ilə şəfa tapsınlar”.
Səhiyyə naziri Oqtay Şirəliyev çıxışının sonunda xalqımızı Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə təbrik etdi, hər kəsə xoşbəxtlik, əmin-amanlıq arzuladı.
Ü.FƏRZƏLİYEVA