AMEA-nın 70 illik yubileyi qeyd edildi

AMEA-nın 70 illik yubileyi qeyd edildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaqda iştirak edib və nitq söyləyib.
Dövlət başçısı Azərbaycan alimlərini yubiley münasibətilə təbrik edib, onlara yeni uğurlar arzulayıb. 70 ildə Akademiyanın böyük yol keçdiyini vurğulayan Prezident onun ölkəmizin ümumi inkişafına, intellektual potensialının möhkəmlənməsinə dəyərli töhfələrindən danışıb, qeyd edib ki, alimlər öz elmi araşdırmaları ilə ölkəmizin gələcək inkişaf dinamikasını sürətləndirirlər.
Yeni texnologiyalar əsrində bu sahədə görülmüş işlərdən, Azərbaycan elmi qarşısında duran vəzifələrdən, ölkəmizin gələcək inkişafı və alimlərin bu inkişafda rolundan söz açan ölkə rəhbəri xüsusilə iqtisadiyyat, texnologiya, aqrar elmlər, kosmik, hərbi sənaye və neft-qaz sektoru üzrə tədqiqatlar, humanitar elmlər, Azərbaycan dili və tarixi kimi sahələrdə yeni yanaşma zərurətini vurğulayıb: “Mənim əsas istəyim ondan ibarətdir ki, Azərbaycan elmi inkişaf etsin və ölkəmizin ümumi inkişafına öz töhfəsini versin. Yəni elmi araşdırmalar sadəcə olaraq araşdırma üçün deyil, ölkə iqtisadiyyatının təhlükəsizlik potensialının güclənməsinə yönəlməlidir”.
AMEA-nın prezidenti, akademik Akif Əlizadə Akademiyaya göstərdiyi diqqət və qayğıya görə dövlət başçısına bütün Azərbaycan alimləri adından təşəkkür edib, bildirib ki, ölkə rəhbərinin müəyyən etdiyi hədəflər, qaldırdığı problemlər və qarşıya qoyduğu vəzifələr AMEA-nın gələcək fəaliyyət proqramının əsasını təşkil edəcək.
Yığıncaqda çıxış edən Nobel mükafatı laureatı, professor Corc Ficerald Smut AMEA-nın tarixi, elmi fəaliyyəti və alimləri haqqında kifayət qədər məlumatlı olduğunu deyib, Azərbaycan alimlərinin fizika və biofizika sahəsində araşdırmalarının, ölkəmizin kosmik sənayeyə yiyələnməsinin dünyanın elmi ictimaiyyətinin diqqət mərkəzində olduğunu vurğulayıb.
Səhiyyəni siyasi, iqtisadi və sosial xarakterli məsələ kimi səciyyələndirən C.F.Smut dünyada müxtəlif xəstəliklərə qarşı mübarizədə tibb elminin son nailiyyətlərindən danışıb. Azərbaycanda insan sağlamlığına göstərilən qayğıdan da söhbət açan görkəmli alim ölkəmizdə bəzi xəstəliklərin qarşısının alınması istiqamətində görülən tədbirləri mühüm nailiyyət kimi dəyərləndirib. Diabet, ürək-damar problemləri kimi qeyri-yoluxucu xəstəliklər üzərində xüsusi dayanan qonaq Azərbaycanda bu xəstəliklərin qarşısının alındığını, yoluxucu xəstəliklərin də ciddi şəkildə müşahidə edilmədiyini söyləyib.
Nobel mükafatı laureatı təbabətdə nanotexnologiyanın tətbiqi sahəsində dünya elminin araşdırmaları və son nailiyyətləri barədə də məlumat verib. Onun monitorda göstərdiyi nümunədə rəqəmsal üsullar, insan biliyi və texnologiyanın sintezi sayəsində xüsusi avadanlıqla real və ya virtual xəstə üzərində cərrahiyə əməliyyatının aparılması nümayiş etdirilib: “Bu aparatura cərrahların təlimi, tibb heyətinin təkmilləşdirilməsi üçün istifadə oluna bilər. Aparatda insan orqanizmi daxilində vəziyyət tam dəqiqliklə görünür. Kiçik dəlik açılır, orqanizmə aparat daxil edilir və əməliyyat aparılır. Cihazın daha təkmil variantında isə həmin əməliyyatı robot əlləri həyata keçirir”.
Daha sonra Corc Ficerald Smut fizika və biofizikanın nailiyyətlərinin təbabətə yardımı sayəsində tibbi və bioloji sistemlərdə istifadə olunacaq yeni materiallardan və nanohissəciklərdən danışıb. Həmin materiallar insan sümüklərinə nanohissəciklərin daxil edilməsindən nanohissəciklərdən hazırlanmış dərmanlaradək ən müxtəlif məqsədlər üçün istifadə oluna bilər.
Sonra Rusiyanın Dubna şəhərindəki Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun direktoru, akademik Viktor Matveyev çıxış edərək, bu elm sahəsində ölkələrimiz arasında əməkdaşlıqdan söz açıb.
Toplantıda AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov bölmədə 70 ildə keçilən yoldan söz açıb. O, bölmənin ilk akademik-katibi olmuş korifey cərrah, akademik M.Topçubaşovu, digər görkəmli alimləri xatırladıb, biologiya elmləri üzrə aparılan araşdırmalardan danışıb: “Bölmənin elmi fəaliyyətinin digər bir istiqamətini insanlar arasında böyük tələfata səbəb olan xəstəliklərin etiopatogenezinin, müalicə və profilaktikasının tədqiqi sahəsində elmi işlər təşkil edir. Cərrahiyyə, xüsusən də ürək cərrahiyyəsi, onkologiya, transplantologiya, herontologiya və farmakologiya sahəsində elmi tədqiqatlarda yüksək nəticələr əldə edilmişdir”.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Azərbaycanda humanitar elmlərin inkişaf perspektivləri mövzusunda məruzə edib.
Beynəlxalq Türk Akademiyasının prezidenti, professor Darhan Kıdıralı çıxış edərək, AMEA-nın 70 illiyi münasibətilə kollektivi təbrik edib. Ötən əsrdə Azərbaycan alimlərinin dünya elminə verdiyi töhfələrdən danışan D.Kıdıralı elmin inkişafında müstəsna əhəmiyyətə malik Nobel mükafatının da Azərbaycanla bağlı olduğunu xatırladıb. AMEA-nın bölgənin elm mərkəzinə çevrildiyini vurğulayan D.Kıdıralı Beynəlxalq Türk Akademiyasının qızıl medalını akademik A.Əlizadəyə təqdim edib.
Sonra xarici ölkələrin akademik qurumlarının və nüfuzlu elm adamlarının AMEA-nın 70 illik yubileyi ilə bağlı təbrikləri çatdırılıb.
Sonda “Azərbaycanın elm məbədi” filmi nümayiş etdirilib.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova