Prezident İlham Əliyev: “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”

Prezident İlham Əliyev: “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”

Oktyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.
Dövlət başçısı iclası giriş nitqi ilə açıb.
Azərbaycan iqtisadiyyatının bu il də uğurla inkişaf etdiyini söyləyən Prezident İlham Əliyev həm bölgədə, həm Avropada iqtisadi, hərbi, siyasi böhran yaşandığı bir şəraitdə Azərbaycanda düşünülmüş, müstəqil siyasət sayəsində əldə edilən iqtisadi tərəqqini “böyük nailiyyət” adlandırıb. Doqquz ayda ölkə iqtisadiyyatının 3,7 faiz, o cümlədən qeyri-neft iqtisadiyyatının 6 faizdən çox artdığını söyləyən dövlət başçısı sənaye istehsalı və kənd təsərrüfatında artımdan danışıb. İnflyasiyanın çox aşağı səviyyədə – 3,7 faiz olduğunu, əhalinin pul gəlirlərinin isə 5,8 faiz artdığını deyib.
Bu il sosial sahədə icra edilmiş uğurlu layihələrdən, sosial infrastrukturun yaradılması prosesindən söz açan ölkə rəhbəri bunun üçün kifayət qədər böyük vəsait ayrıldığını, bunun hesabına 9 ayda 34 məktəb, 26 uşaq bağçası, 11 tibb müəssisəsi tikildiyini və ya əsaslı təmir edildiyini vurğulayıb: “Bu bizim niyyətimizi, siyasətimizi göstərir. Çünki bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Buna görə sosial sahə gələn il də prioritet sahə kimi diqqət mərkəzində olacaq”.
Prezident həmçinin nəqliyyat sektorunun inkişafı, ordu quruculuğu, Dağlıq Qarabağ münaqişəsi və s. məsələlərə də toxunub.
Sonra çıxış edən iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bildirib ki, 2015-ci ilin 9 ayının yekunları ölkə iqtisadiyyatının inkişaf dinamikasının davam etdiyini göstərir. Bütün sosial proqramların uğurla yerinə yetirildiyini vurğulayan nazir Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində bu müddətdə görülən işlərdən danışıb, bölgələrdə sosial obyektlərin, o cümlədən 11 səhiyyə müəssisəsinin tikildiyini, əsaslı təmir olunduğunu söyləyib.
Ş.Mustafayev bu ilin altı ayının yekunlarına həsr olunmuş iclasda dövlət başçısının dərman vasitələri bazarının tənzimlənməsi barədə verdiyi tapşırığın icrası üzrə görülən işlərdən danışıb, bir sıra qabaqcıl ölkələrin təcrübəsi əsasında təkmilləşdirilmiş metodologiyanın hazırlandığını, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin 25 faizdən çoxunun qiymətinin təsdiq edildiyini deyib: “Vətəndaşlar tərəfindən böyük razılıqla qarşılanan qiymət tənzimlənməsi nəticəsində bu dərmanların qiyməti əvvəlki qiymətlərlə müqayisədə endirilmişdir. Dərmanların üzərində qiymətlərin göstərilməsi, internet resurslarında və KİV-lərdə yerləşdirilməsi qiymət intizamına ictimai nəzarəti təmin etməklə yanaşı, vətəndaşa dərmanları bütün apteklərdən eyni və optimal qiymətə almağa imkan verir və süni qiymət artımının qarşısı alınır. İslahat vətəndaşların xərclərinin azalmasına, dərman vasitələri bazarına dövlət nəzarətinin güclənməsinə və vergidən yayınma hallarının qarşısının alınmasına əlavə imkanlar yaradacaq, dövlət büdcəsinin xərcləri azalacaq, bu sahədə sığorta sisteminin inkişafına töhfə verəcəkdir. Proses dövlət qeydiyyatına alınmış bütün dərman vasitələrinin qiymətləri tənzimlənənədək intensiv davam etdirilir“.
İclasda səhiyyə naziri Oqtay Şirəliyev çıxış edərək, 9 ay ərzində Azərbaycanda səhiyyə sahəsində görülən işlərdən danışıb. Nazir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin düşünülmüş siyasəti, möhkəm iradəsi və uzaqgörənliyi sayəsində, hətta bütün dünya üçün çətin il olan 2015-ci ildə də ölkəmizin inkişaf etdiyini, insanların sağlamlığının yenə də diqqət mərkəzində saxlanıldığını vurğulayıb: “Dünyadakı maliyyə böhranına baxmayaraq, Azərbaycan dövləti səhiyyə sahəsində öz vətəndaşları qarşısında götürdüyü bütün öhdəlikləri yerinə yetirir. Tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi üzrə işlər davam etdirilir. Son 10 ildə Azərbaycanda 586 səhiyyə müəssisəsi tikilib, əsaslı təmir olunub, müasir avadanlıqla təchiz edilib. Təkcə bu ilin 9 ayı ərzində 10-dan çox yeni tikilmiş və əsaslı təmir olunmuş tibb ocağı istifadəyə verilib. O cümlədən onların üçündə – Mingəçevir, Göyçay və Ucar mərkəzi xəstəxanalarının açılışında dövlət başçısı şəxsən iştirak edib və öz xeyir-duasını verib.
Hazırda Ağsu, Masallı, Biləsuvar, Qazax, Neftçala rayon mərkəzi xəstəxanaları kimi böyük, çoxprofilli tibb müəssisələrinin tikintisi davam etdirilir.
Ümumiyyətlə, indi artıq əminliklə deyə bilərik ki, ölkəmizin səhiyyə ocaqlarında yüksək səviyyəli tibbi xidmət üçün hər bir şərait yaradılıb.
Səhiyyə sahəsində dövlət proqramları uğurla yerinə yetirilir. Onların nə dərəcədə vacib olduğunu təkcə bir neçə rəqəmlə göstərmək olar. 200 mindən çox şəkərli diabet xəstəsi illər boyu, daim dövlət hesabına bütün lazımi dərmanları alır. Əgər vaxtilə diabetli uşaqlara adi şpris-qələm verilməsi problem idisə, indi onlara dərman insulin pompası vasitəsilə yeridilir. Bu isə körpələri gün ərzində bir neçə dəfə insulin iynəsi vurmaqdan azad edir.
Vaxtilə insanlara həm tibbi, həm də maddi cəhətdən çox böyük problem yaradan B və C viruslu hepatit də ötən ildən başlayaraq dövlət hesabına müalicə olunur. Hazırda 1529 belə xəstə uzunmüddətli müalicə kursu alır.
Xroniki böyrək çatışmazlığı üzrə dövlət proqramı çərçivəsində ölkəmizdə 34 hemodializ mərkəzində 3 minə yaxın xəstə illər boyu daimi müalicə qəbul edir. Bunun sayəsində onların ömrü uzanır, ölüm göstəricisi azalır və faktiki olaraq məhz buna görə ildən-ilə belə xəstələrin sayı artır. Diqqətəlayiqdir ki, bu mərkəzlərin 26-sı bölgələrdə yerləşir və xəstələrin yarıdan çoxu Bakıya gəlmək məcburiyyətindən azad olaraq müalicəsini yaşadığı yerdə alır.
Qeyd etmək lazımdır ki, bu kateqoriya xəstələrə hazırda dializlə yanaşı, artıq böyrəkköçürmə əməliyyatları da həyata keçirilir. Bu isə əslində ümidsiz xəstələri həyata qaytarmaq deməkdir. Doqquz ay ərzində 62 nəfərə böyrək köçürülüb. İndi Azərbaycanda hər növ orqan köçürülməsi əməliyyatı olunmuş 653 nəfər var və dövlət onların hamısının dərman təminatını öz üzərinə götürüb.
Belə əməliyyatların icrası güclü maddi-texniki baza və yüksək ixtisaslı tibb kadrları sayəsində mümkün olub. Bu gün ölkəmizdə əvvəllər əlacı olmayan bir sıra xəstəliklər müalicə edilir, mürəkkəb əməliyyatlar, o cümlədən qaraciyər transplantasiyası, süni oynaq və açıq ürək əməliyyatları aparılır. İlin əvvəlindən indiyədək 11 nəfərə qaraciyər köçürülüb, 55 xəstəyə endoprotezləşmə əməliyyatı olunub. Minlərlə xəstəyə, o cümlədən 391 uşağa kardiocərrahiyyə əməliyyatı həyata keçirilib. Bu isə hər şeydən əlavə, uşaq ölümünün də azaldılması deməkdir.
Dövlət proqramları çərçivəsində irsi qan xəstəlikləri ilə mübarizədə də böyük nailiyyətlər var. Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə tikilib istifadəyə verilən Respublika Talassemiya Mərkəzi ölüm təhlükəsi ilə qarşılaşan belə xəstələrə, əsasən də uşaqlara həyatlarını davam etdirmək imkanı yaradıb. 2015-ci ildə bu səhiyyə ocağına 15 mindən çox müraciət olub. Hazırda 2500-dən artıq xəstə bu mərkəzdə daimi müalicə alır. Bu gün biz fəxrlə deyə bilərik ki, indi Talassemiya Mərkəzində sümük iliyi transplantasiyası əməliyyatları da həyata keçirilir. Artıq Azərbaycanda 22 uşağa sümük iliyi köçürülüb.
Cənab Prezidentin təşəbbüsü ilə qəbul olunan daha bir Qanun talassemiyanın profilaktikası baxımından böyük əhəmiyyət daşıyır. Belə ki, iyun ayının 1-dən ölkəmizdə nikaha daxil olan hər kəs tibbi müayinədən keçməlidir. Ötən 4 ay ərzində artıq 52 minə yaxın insanın qan nümunəsi müayinə olunub. Onların arasında başqa xəstəliklərlə yanaşı, 3730 nəfər talassemiya daşıyıcısı aşkar edilib. Nikaha daxil olanların müayinəsi həm xəstəliklərlə mübarizə, həm də gələcəkdə doğulacaq körpələrin sağlamlığı baxımından böyük əhəmiyyət daşıyır.
Ana və uşaq sağlamlığı ilə bağlı ötən ildən etibarən beynəlxalq səhiyyə təşkilatlarının tövsiyələrinə uyğun olaraq yeni diridoğulma meyarları qəbul edilib. Bu gün Azərbaycan səhiyyəsinin inkişafı bizə imkan verir ki, vaxtından xeyli tez, hətta 600 qram çəki ilə doğulan körpələrin də həyatı uğrunda mübarizə aparaq. Bir neçə il əvvəl hər belə körpənin xilası bir möcüzə kimi qiymətləndirilirdi. İndi isə ilin əvvəlindən ekstremal az çəkili, yəni 1000 qramdan az çəki ilə doğulmuş 202 yenidoğulmuşdan 80-nini xilas etmək mümkün olub, bu isə çox yüksək göstəricidir.
Möhtərəm cənab Prezident!
Siz əhalinin sağlamlığının qayğısına qalaraq tövsiyə etmisiniz ki, hər bir Azərbaycan vətəndaşı ildə bir dəfə müayinələrdən keçsin. Bu il ölkə üzrə 6 milyon 935 min nəfər, o cümlədən 1 milyon 695 min uşaq müxtəlif müayinələrə cəlb olunub. Şübhə yoxdur ki, xəstəliklərin vaxtında aşkarlanması və müalicəyə cəlb edilməsi əhalinin sağlamlıq göstəricilərinə tezliklə müsbət təsirini göstərəcək.
Səhiyyə xidmətlərinin keyfiyyəti həkimlərin bilik və savadından çox asılıdır. Ulu öndər Heydər Əliyev kadr hazırlığına böyük əhəmiyyət verirdi. Məhz onun uzaqgörənliyi və nüfuzu sayəsində keçən əsrin 80-ci illərində yüzlərlə gənc keçmiş SSRİ-nin ən qabaqcıl ali tibb təhsili müəssisələrinə oxumağa, ixtisas qazanmağa göndərilmişdi. Yüksək ixtisaslı tibb kadrları hazırlayan belə ali məktəblərdən biri də İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti idi.
Bu gün isə ölkə başçısının səyləri, Azərbaycanın dünyada artan nüfuzu sayəsində həmin ali məktəb özünün ilk və yeganə filialını məhz Bakıda açır. Açılış mərasimində çıxış edən həmin universitetin məzunu və fəxri professoru Mehriban Əliyevanın da vurğuladığı kimi, Seçenov Universitetinin Bakı filialı ölkəmizdə yüksək ixtisaslı tibb kadrlarının hazırlığında əhəmiyyətli rol oynayacaq.
Vətəndaşların səhiyyə ilə bağlı müraciətləri adətən təcili həll olunmalıdır. Bunu nəzərə alaraq, keçən ilin sonunda Elektron Səhiyyə Mərkəzi istifadəyə verilib. Vaxtilə vətəndaşlar ərizə ilə, məktubla Nazirliyə müraciət edib, xeyli gözləməli olurdular. İndi isə bir növ Səhiyyə Nazirliyinin “Asan xidmət”i funksiyasını yerinə yetirən bu Mərkəz onların problemlərini rahat və qısa müddətdə həll etməyə imkan verir. Doqquz ay ərzində Elektron Səhiyyə Mərkəzinə 22 min insan müraciət edib, onların problemlərinin əksər hissəsi yerindəcə həll olunub.
Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının yekunlarına həsr olunmuş iclasında dövlət başçısının verdiyi tapşırıqlara uyğun olaraq, ölkəmizdə dərman vasitələrinin qiymətlərinin tənzimlənməsinə başlanıb. Dərmanların əsassız qiymət artımının qarşısını almaq üçün İqtisadi İnkişaf və Sənaye Nazirliyi ilə birlikdə tədbirlər proqramı hazırlanıb və tətbiq olunur. Buraya həm aptek şəbəkəsinə nəzarətin gücləndirilməsi, həm satılan dərmanların qiymətinin və keyfiyyətinin uyğunluğuna, həkimlərin təyinatlarına nəzarət, həm də təlimlərin keçilməsi daxildir. Bu günə kimi Tarif Şurası 2183 dərman vasitəsinin qiymətini təsdiqləyib, onların qiyməti aşağı salınıb. Möhtərəm cənab Prezident, Sizin təşəbbüsünüzlə atılan bu addım əhali arasında böyük əks-səda doğurub. Bu, həqiqətən də çox ciddi sosial təşəbbüsdür və hər bir insanın gündəlik problemlərinin həllinə yönəldilmiş addımdır.
Bu ilin ən mühüm hadisəsi hamımızın hələ də təəssüratı altında olduğumuz “Bakı–2015” I Avropa Oyunları oldu. Qitə tarixində ilk belə möhtəşəm idman bayramında digər sahələrlə yanaşı, Azərbaycanın səhiyyə xidmətinin, tibb işçilərinin də üzərinə böyük məsuliyyət düşürdü. Avropa Oyunlarına tibb xidməti göstərmək üçün 900-ə yaxın yerli mütəxəssis cəlb olunmuşdu. Olimpiya şəhərciyində, Bakı və Mingəçevirdəki bütün idman komplekslərində tibb məntəqələri yaradılmışdı. Oyunlar müddətində müxtəlif sağlamlıq problemləri ilə 6381 müraciət olmuş və lazımi tibbi yardım göstərilmişdi. Beynəlxalq mütəxəssislər bu tədbir dövründə tibb xidmətinin təşkilini yüksək qiymətləndirdilər. Tibbi xidmətin səviyyəsi, keyfiyyəti ilə bağlı heç bir irad, nöqsan qeyd olunmadı.
Azərbaycan səhiyyəsi cənab Prezident İlham Əliyevin diqqət və qayğısını həmişə öz üzərində hiss edir. Yeni tikilmiş, ən müasir avadanlıqla təchiz olunmuş tibb ocaqlarında hər il milyonlarla insan məhz bu qayğı sayəsində sağlam həyata qayıdır. Dövlət başçısının səhiyyə siyasətini daim dəstəkləyən tibb işçiləri qarşıya qoyulan vəzifələri bundan sonra da əzmlə yerinə yetirəcəklər“.
İclasda həmçinin təhsil naziri Mikayıl Cabbarov çıxış edərək, 9 ay ərzində ölkəmizdə təhsil sistemində yeniliklərdən danışıb. O cümlədən Azərbaycan Respublikasında tibb təhsilinin inkişaf etdirilməsi məqsədilə dövlət başçısının Sərəncamına əsasən Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının yaradılmasını qeyd edib, bunun üçün görülən işlərdən söz açıb. Bildirib ki, hazırda burada 100 nəfər azərbaycanlı tələbə müalicə işi ixtisası üzrə təhsil alır.
Prezident İlham Əliyev iclasda yekun nitqi söyləyib. Gələn ilin prioritet vəzifələri olaraq, makroiqtisadi sabitliyin qorunmasından, islahatların dərinləşməsindən, sahibkarlığın inkişafından danışan dövlət başçısı maliyyə nizam-intizamının gücləndirilməsi, israfçılığa, izafi xərclərə yol verilməməsi kimi tələblərdən söz açıb, sosialyönümlü layihələrə diqqət çəkib: "Sosial infrastrukturun yaradılması davam etdirilməlidir. Məktəb, xəstəxana, uşaq bağçası – bu, daim diqqət mərkəzindədir. Gələn ilin dövlət investisiya proqramında bu layihələr nəzərdə tutulmalıdır.
Dərman preparatları bazarında çox ciddi dönüş yaradılmışdır. Dövlət bu sahəni artıq öz nəzarətinə götürüb. Əvvəlki illərdə bu, daha çox biznes sahəsi kimi qəbul edilirdi. Yəni ki, bazar var, tələbat var, təklif var. Bazar hər şeyi tənzimləyir. Ancaq bu məsələ ilə bağlı dərindən məşğul olmağa başlayanda gördük ki, burada çox böyük pozuntular var. Bəzi dərmanların qiymətləri bir neçə dəfə şişirdilir. Keyfiyyət baxımından da bizi o qədər də qane etmir. İndi artıq yeni dövlət tənzimləmə mexanizmi tətbiq edilir. Sentyabrın 15-dən artıq insanlar bunu hiss etməyə başlayıblar. İlin sonuna qədər əksər dərman preparatlarının yeni qiymətləri olacaqdır. Dərmanların keyfiyyətinə də çox böyük diqqət göstərilir. Dərmanların qiyməti aşağı düşür və düşəcək. Bu da ilk növbədə çox ciddi sosial addımdır. Digər tərəfdən, bu o sahədir ki, orada işlər düzgün qurulmamışdır. Elə sahələr kifayət qədər çoxdur. Ona görə, hər bir sahə təhlil edilməlidir. Harada qüsurlar, çatışmayan cəhətlər var, aradan qaldırılmalıdır. Dərman preparatları bazarı ilə bağlı, demək olar ki, bir ilə yaxın çox ciddi iş, təhlil aparılırdı və artıq gözəl nəticə də var. İnsanlar da razıdır. Dövlət də indi bu sahəni öz nəzarətinə götürüb. Əminəm ki, idxal olunan dərmanlardan əldə ediləcək vergi, gömrük rüsumu formasında vəsait daha da böyük həcmdə olacaq, yəni büdcəmizə də bunun böyük xeyri olacaq”.
İlin sonunadək qalan iki ay yarım vaxt ərzində görüləsi bütün işlərin icra olunacağına əminliyini bildirən Prezident İlham Əliyev 2015-ci ilin yaxşı göstəricilərlə başa vurulacağına inamını ifadə edib.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova