Ailə quranların tibbi müayinəsinin təşkili ilə bağlı kollegiya iclası keçirildi
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada 250 milyondan artıq talassemiya daşıyıcısı və təxminən 300 min talassemiya xəstəsi var. Bu xəstəlik ən çox Kipr, İtaliya, Türkiyə, Yunanıstan, Misir, İran, Pakistan, Hindistan və Çində yayılıb.
Əhalisinin hər 12 nəfərindən biri talassemiya daşıyıcısı olan Azərbaycan da bu xəstəliyin geniş yayıldığı dövlətlər sırasındadır. Ölkəmizdə hər il 300-dən artıq böyük talassemiyalı uşaq doğulur. Hazırda belə xəstələrin ümumi sayı 3000 nəfərə çatıb.
Bu barədə Səhiyyə Nazirliyinin geniş kollegiya iclasında məlumat verildi. Səhiyyə naziri Oqtay Şirəliyevin rəhbərliyi ilə, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda keçirilən iclas nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə qaydalarına həsr edilmişdi.
Tədbirdə çıxış edən Səhiyyə Nazirliyi Tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən tədbirlər nəticəsində digər sahələrdə olduğu kimi, səhiyyədə də yüksək inkişafa nail olunduğunu, əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşdığını diqqətə çatdırdı. Səhiyyənin prioritet sahələri üzrə qəbul olunmuş 11 dövlət proqramının uğurla davam etdirildiyini deyən natiq o cümlədən son illər talassemiya ilə mübarizə istiqamətində də mühüm tədbirlərin həyata keçirildiyini, nəticədə bu xəstəlikdən əlillik və ölüm hallarının azaldıldığını vurğuladı: “Hazırda Respublika Talassemiya Mərkəzində bu xəstəliyin radikal müalicə üsulu olan sümük iliyinin köçürülməsi əməliyyatları da yerinə yetirilir. Belə ki, ötən il 10 xəstəyə, 2015-ci ilin 5 ayı ərzində isə 7 xəstəyə sümük iliyi transplantasiyası əməliyyatı uğurla aparılıb.
Eyni zamanda, Prezident İlham Əliyev bu il fevralın 10-da imzaladığı Sərəncamla talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illəri əhatə edən yeni Dövlət Proqramını təsdiq edib”.
G.Poladov talassemiyanın müalicəsi üçün görülən işlərlə yanaşı, bu prosesin çətin və bahalı, ailələr və uşaqlar üçün həddən artıq üzücü olmasını nəzərə alaraq, əhali arasında onun qarşısının alınması istiqamətində kompleks tədbirlərin aparılmasının da zəruriliyini vurğuladı. Sağlam ailənin formalaşması, maarifləndirmə, xüsusilə risk qruplarının müəyyən edilməsi məqsədilə, nikaha daxil olmaq istəyən şəxslərin icbarı tibbi müayinədən keçiriləcəyini diqqətə çatdırdı. O, qarşıya qoyulan bu mühüm və dövlət əhəmiyyətli vəzifənin yerinə yetirilməsi üçün Səhiyyə Nazirliyi tərəfindən ciddi hazırlıq işlərinin aparıldığını dedi: “Artıq nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsini həyata keçirəcək səhiyyə müəssisələri və onların vəzifələri müəyyən edilib. Bu tədbirləri regionlarda mərkəzi rayon və ya şəhər xəstəxanaları, şəhər səhiyyə şöbələrinin əvvəldən müəyyən etdiyi tibb müəssisələri, Bakı şəhərində hər inzibati rayon üzrə təyin olunmuş poliklinikalar, B.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu (ETHTİ), Mərkəzi Qan Bankı və onun şəhər (rayon) bölmələri, Respublika Perinatal Mərkəzi həyata keçirəcək”.
Şöbə müdiri proqrama cəlb olunan bütün rayon və şəhər səhiyyə müəssisələrinin yerlərdə skrininq aparılması üçün hematoloji analizator, reaktivlər və müvafiq ləvazimatlarla təmin olunduğunu bildirdi: “Qan nümunələrinin Bakıya çatdırılması üçün xüsusi qan xidməti avtomobilləri ayrılıb və onların marşrutları müəyyən edilib. ETHTİ-da Talassemiyanın profilaktikası şöbəsi yaradılıb və o, talassemiyanın təsdiqedici müayinəsini həyata keçirəcək kadrlarla və müasir standartlara uyğun lazımi laborator avadanlıqla təmin olunub”.
Gülmirzə Poladov məlumat verdi ki, Səhiyyə Nazirliyinin 77 nömrəli əmrinə əsasən, mərkəzi rayon xəstəxanaları və şəhər səhiyyə idarələrinin müəyyən olunmuş tibb müəssisələrində hematoloji kabinetlər yaradılıb: “Burada çalışan həkimlər Ə.Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunda 2 həftəlik, Respublika Talassemiya Mərkəzində 1 həftəlik təlim kurslarında iştirak ediblər. Eyni zamanda, onlar nikaha girmək istəyən şəxslərin icbari tibbi müayinədən keçməsi qaydaları ilə bağlı ETHTİ-da təşkil edilən təlimə cəlb olunublar. Həmin müəssisələrin laboratoriya həkimləri isə yerlərdə skrininq testlərin aparılması üzrə müvafiq kurslar keçiblər”.
Natiq müayinələrin həyata keçirilməsində iştirak edən tibb müəssisələrinin vəzifələrinin də müəyyənləşdirildiyini bildirdi. Qeyd etdi ki, hematoloji kabinetlər təhkim edilmiş ərazidə nikaha daxil olmaq istəyən şəxslərin qan nümunələrinin alınmasını, nişanlanmasını, qeydiyyatdan keçirilməsini və talassemiyanın daşıyıcılığı üzrə skrininq müayinələrinin aparılmasını təşkil etməlidir; skrininq zamanı talassemiya daşıyıcılığına şübhəli şəxslərin qan nümunələrini, eləcə də İİV/QİÇS və sifilis müayinələrinin aparılması üçün qan nümunələrinin müəyyən edilmiş temperatur rejimində saxlanmasını və xüsusi termokonteynerlərdə ETHTİ-na göndərilməsini təmin etməlidir; nikaha daxil olmaq istəyən şəxslərə müayinənin nəticələri ilə bağlı tibbi-genetik məsləhət və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş formada arayış verməlidir; hər ikisi talassemiya daşıyıcısı olan ailələrdə hər hamiləlik zamanı prenatal diaqnostikanın aparılması üçün hamiləni Respublika Perinatal Mərkəzinə göndərməlidir.
G.Poladov bu məsələ ilə bağlı B.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun da vəzifələrini sadaladı: qan nümunələrinin təyin olunmuş marşrutlarla işləyən xüsusi qan xidməti avtomobilləri vasitəsilə ETHTİ-na çatdırılması; regionların hematoloji kabinetlərindən və ETHTİ-nun Mərkəzi Qan Bankının şəhər (rayon) bölmələrindən daxil olmuş qan nümunələrinin təsdiqedici testlərlə müayinəsi və cavabların regionlara çatdırılması; hər ikisi talassemiya daşıyıcısı olan cütlüklərdə Respublika Perinatal Mərkəzi tərəfindən göndərilmiş döl materialının molekulyar-genetik müayinəsinin aparılması; KİV və digər vasitələrdən istifadə edərək, əhalinin talassemiya xəstəliyi ilə bağlı maarifləndirilməsi.
Respublika Perinatal Mərkəzinin də bu məsələ ilə bağlı qarşısına qoyulan vəzifələr barədə danışan şöbə müdiri qeyd etdi ki, əsas vəzifə prenatal diaqnostikanın aparılması üçün risk qrupundan olan hamilə qadınlardan hamiləliyin 1-ci trimestrində döl materialının alınmasıdır. O, bunun üçün Mərkəzin 2 mütəxəssisinin Türkiyədə 2 ay müddətində tam hazırlıq keçdiyini də diqqətə çatdırdı.
2013-2014-cu illərin statistikasına əsasən, ölkəmizdə il ərzində orta hesabla 85-90 min nikahın qeydə alındığını deyən şöbə müdiri bildirdi ki, bu, 170-180 min şəxsin tibbi müayinə olunması deməkdir: “Onların təxminən 24 faizi Bakı şəhərinin, qalan 76 faizi isə regionların payına düşür. Beləliklə, bir gündə paytaxtda orta hesabla 50-60, bölgələrdə 180-ə yaxın nikah qeydə alınır, bu isə gün ərzində Bakıda 100-120, regionlarda 360 nəfərin tibbi müayinədən keçirilməsi deməkdir”.
Gülmirzə Poladov sonda bu sahədə fəaliyyətə cəlb edilən müəssisələrin qarşıda dayanan vəzifələri layıqınca yerinə yetirəcəyinə inandığını bildirdi.
İclasda çıxış edən səhiyyə naziri Oqtay Şirəliyev talassemiya xəstəliyinin yayılmasının qarşısını almaq məqsədilə Prezident İlham Əliyevin 17 oktyabr 2014-cü il tarixində “Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişikliklərin edilməsi haqqında” Qanun və 15 dekabr 2015-ci ildə bu Qanunun tətbiqi barədə müvafiq Fərman imzaladığını bildirdi. Bu sonuncu sənədə əsasən, nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinədən keçmələri ilə bağlı tələblərin 2015-ci il iyunun 1-dən qüvvəyə mindiyini vurğuladı.
Nazir irsi qan xəstəliklərindən əziyyət çəkənlərin müalicəsi ilə bağlı çox önəmli işlər görüldüyünü, onların xüsusi diqqət və qayğı ilə əhatə olunduğunu, bu xəstəliklərdən ölənlərin sayının dəfələrlə azaldığını dedi.
Nikaha girənlərin tibbi müayinədən keçirilməsinin bir sıra xəstəliklərin qarşısının alınması baxımından önəmli olduğunu bildirən səhiyyə naziri bunu nəzərə alaraq, hər bir mütəxəssisin, tibb işçisinin öz işinə məsuliyyətlə yanaşmalı olduğunu vurğuladı.
Daha sonra Oqtay Şirəliyev diqqəti Səhiyyə Nazirliyinə, 2015-ci ilin yanvar ayından fəaliyyətə başlayan Elektron Səhiyyə Xidmətinə, eyni zamanda Nazirliyin qaynar xəttinə daxil olmuş müraciət və təkliflərin araşdırılması məsələsinə yönəltdi, dövlət və özəl tibb müəssisələrinin rəhbərlərinə əhalinin problemlərinə, xahişlərinə diqqətlə yanaşmağı tapşırdı. O, Nazirliyə daxil olan məktubların, istənilən müraciətin ünvanlı şəkildə araşdırılmasına dair göstərişlər verdi. Bütün müraciətlərin şikayət xarakterli olmadığını, çoxsaylı təşəkkür məktublarının da gəldiyini diqqətə çatdıran Oqtay Şirəliyev qeyd etdi ki, vətəndaşların Səhiyyə Nazirliyinə inamı ildən-ilə artır, onlar hər bir müraciətlərinə diqqətlə yanaşılacağını, araşdırılacağını bildikləri üçün bizə müraciət edirlər.
Səhiyyə naziri sonda hər bir tibb işçisinə öz işinə məsuliyyətlə və vicdanla yanaşmağı tövsiyə etdi.
Ü.FƏRZƏLİYEVA