GMO məhsullara görə cinayət məsuliyyəti tətbiq ediləcək

GMO məhsullara görə cinayət məsuliyyəti tətbiq ediləcək

Ölkəmizdə genetik modifikasiya olunmuş bitkilərdən, yaxud gen mühəndisliyi metodu ilə yaradılmış bitki materiallarından istifadə edərək yeyinti məhsulu istehsal, idxal edən və satan şəxslər azadlıqdan məhrum olunacaqlar. Bununla bağlı Milli Məclisin yaz sessiyasında Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklər edilib.
İclasda parlamentin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli qeyd edib ki, Azərbaycan Prezidentinin imzası ilə Milli Məclisə daxil olmuş hər iki sənəd əhalinin sağlamlığının qorunması məqsədi daşıyır. Bu sənədlərdə genetik modifikasiya olunmuş ərzaq məhsullarının qanunsuz dövriyyəsi ilə bağlı cərimələr artırılır.
Komitə sədri Cinayət Məcəlləsinə əlavə edilən 200.2-ci maddə - “Genetik modifikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının və ya genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan yeyinti məhsullarının qanunsuz dövriyyəsi” maddəsi barədə məlumat verib.
Ə.Hüseynli bildirib ki, bu maddənin birinci hissəsinə əsasən, elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulmayan genetik modifikasiya olunmuş bitkiləri, müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarını, belə bitkilərdən istehsal olunan yeyinti məhsullarını bilə-bilə idxal edənlər və satanlar 3 min manatdan 5 min manata qədər cərimə və ya 2 ilə qədər azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq: “Maddənin ikinci hissəsinə görə, həmin məhsulları istehsal etməyə görə 4 min manatdan 6 min manata qədər cərimə və ya 3 ilədək azadlıqdan məhrum etmə cəzası təyin olunacaq. Yuxarıda göstərilən əməllər külli miqdarda törədildikdə 7 min manatdan 9 min manata qədər cərimə və ya 2 ildən 5 ilədək azadlıqdan məhrum etmə cəzası, bu maddə ilə bağlı artıq bir dəfə məhkum olunmuş şəxs tərəfindən törədildikdə isə 3 ildən 7 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur”.
Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov İnzibati Xətalar Məcəlləsinə də bu məzmunda əlavə olunduğunu söyləyib. Yeni 228-2-ci maddəyə əsasən, haqqında danışılan yeyinti məhsullarının bilə-bilə idxalına və ya satılmasına az miqdarda (yəni min manatadək dəyərdə) yol verilməsinə görə, inzibati xətanın bilavasitə obyekti olmuş bitkilər, bitki materialları və yeyinti məhsulları müsadirə edilməklə, onların dəyərinin 80 faizindən 100 faizinədək miqdarda cərimə edilir.
Layihələr səsə qoyularaq qəbul olunub.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova