Süni intellekt və rəqəmsal həllər tibbi xidmətlərə çıxışı genişləndirə bilər

Süni intellekt və rəqəmsal həllər tibbi xidmətlərə çıxışı genişləndirə bilər

Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumunda panel iclaslar çərçivəsində "Qlobal səhiyyə böhran dövründə: Hazırlıq və bərabərlikdə yeni sərhədlər" mövzusuna həsr olunmuş sessiya keçirilib.
UNESCO-nun Rasizmə Qarşı Şəhərlərin Koalisiyası təşkilatının rəhbəri Benedetto Zakkirolinin moderatorluğu ilə baş tutan panel sessiyada Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev çıxış edib.
Nazirliyin mətbuat xidmətinin verdiyi məlumata görə, Teymur Musayev səhiyyə sənayesinin texnoloji irəliləyişlərin, məlumatlara əsaslanan qərarların qəbulu və fərdiləşdirilmiş tibbin birləşməsi ilə formalaşacağını bildirib. O, süni intellekt və rəqəmsal həllərin ən mühüm töhfələrindən birinin ilkin səhiyyə xidmətlərinin gücləndirilməsi yolu ilə tibbi xidmətlərə çıxışın genişləndirilməsi olacağını diqqətə çatdırıb.
Nazir bildirib ki, son illər qlobal səhiyyə pandemiya, xəstəliklərin yayılması, iqlim dəyişikliyi kimi amillərin təsiri ilə böhran yaşayır: “Belə qlobal səhiyyə böhranları dağıdıcı olsa da, bu cür vəziyyətlər müsbət dəyişikliklər üçün imkanlar yaradır. Bu böhranlar vaksinlər, müalicə üsulları və tibbi texnologiyalar sahələrində təcili innovasiyalara təkan verir. Onlar həmçinin səhiyyə infrastrukturunun zəif tərəflərini müəyyənləşdirir, ölkələri islahatlar, daha dayanıqlı siyasət həyata keçirməyə, effektiv qərarların qəbulu üçün investisiyaları artırmağa, səhiyyədə innovativ yanaşmalara sövq edir”.
Səhiyyə naziri vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi altında sosialyönümlü siyasətin həyata keçirilməsi, rəqəmsal dövlət idarəçiliyinə keçid və iqtisadiyyatın şaxələndirilməsi Azərbaycan Respublikasının regionun aparıcı ölkəsi kimi mövqeyini gücləndirib: “Dövlət başçısı öz çıxışında qeyd etdiyi kimi, COP29-un Bakıda keçirilməsinə dair yekdil qərar ötən ilin noyabrında beynəlxalq ictimaiyyətin ölkəmizə böyük hörmət və etimadının göstəricisidir. Ətraf mühitin çirklənməsinin insan sağlamlığına təsirinin azaldılması və sağlam həyat tərzinin təşviqi Azərbaycan hökumətinin əsas prioritetlərindəndir. Əsas fəaliyyətlərə iqlim dəyişikliklərinə davamlı olan və aşağıkarbonlu səhiyyə sistemlərinin qurulması, yaşıl xəstəxanaların inkişafı və tibb işçi qüvvəsinin iqlimdən asılı olmayan fəaliyyətinin formalaşdırılması daxildir. Bunlar davamlı və sağlam gələcəyin vacib komponentləridir. Səhiyyə sistemlərinin gələcəyi daha proqnozlaşdırıcı, fərdiləşdirilmiş olmalıdır”.
Teymur Musayev çıxışında qeyd edib ki, səhiyyə sektorunun inkişafı texnoloji tərəqqi, məlumatların təhlili və fərdiləşdirilmiş tibbə keçidin formalaşması ilə müəyyən ediləcək: “Biz tarixi dönüş nöqtəsindəyik. Dünyanın səhiyyə işçiləri çatışmazlığı ilə üzləşdiyi bir zamanda bizə yeni köməkçi – süni intellekt qoşulur. Onun ən mühüm töhfələrindən biri xüsusilə ilkin səhiyyə sistemlərini gücləndirməklə, səhiyyə xidmətlərinə çıxışı genişləndirmək olacaq. Bu texnologiyaların tam inteqrasiyası məqsədilə süni intellektin praktiki imkanlarından səmərəli istifadə etmək üçün qanunvericilik bazasının hazırlanması zəruridir”.
Nazir vurğulayıb ki, gələcək səhiyyə siyasətində kibertəhlükələr və həssas tibbi məlumatlardan sui-istifadənin qarşısını almaq üçün onların təhlükəsizliyi, pasiyent hüquqları və süni intellektdən istifadənin tənzimlənməsi prioritet təşkil etməlidir: “Rəqəmsal alətlərin çox böyük faydaları olsa da, onlar insan amilini əvəz etməməli, tibb işçilərinə xəstələrlə birbaşa təmasa daha çox vaxt sərf etməyə imkan verən dəstəkləyici vasitələr olmalıdır”.
“Süni intellektdən ilkin səhiyyə bələdçisi kimi istifadə fərdin sağlamlığını izləmək və həyat tərzi tövsiyələri vermək üçün faydalı ola bilər. Bu gün də süni intellekt, böyük məlumat bazası və rəqəmsal həllər səhiyyə xidmətlərinin təkmilləşdirilməsində mühüm rol oynayır. Bu texnologiyaların tam inteqrasiyası üçün onun məsuliyyətli və etik istifadəsini təmin etmək məqsədilə süni intellektin qanunvericilik çərçivələrinə daxil edilməsi vacibdir”, - deyə Teymur Musayev bildirib.

AZƏRTAC xəbər verir ki, Böyük Britaniyanın Lordlar Palatasının üzvü Syuzan Qrinfild çıxışında rəqəmsal transformasiyanın dünyada baş verən dəyişikliklərə uyğun olaraq insan beyninə təsir göstərdiyini söyləyib. Qeyd edib ki, dünyada baş verən hadisələr müsbət məcrada gedirsə, insan beyni buna köklənir, lakin neqativ tendensiyalar beynin qavrama və analiz etmə funksiyalarına mənfi təsir edə bilər.
Qrinfild həmçinin rəqəmsal texnologiyaların inkişafı ilə paralel olaraq, beynin sağlamlığına yönəlmiş elmi araşdırmaların və maarifləndirmə tədbirlərinin vacibliyini də vurğulayıb.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Dünya Bankının sabiq vitse-prezidenti İsmail Serageldin deyib ki, ictimai səhiyyə tarixində ən böyük töhfələrdən biri mühəndislər tərəfindən olub – şəhərlərdə təmiz su və kanalizasiya sistemi qurulub: “Bu, bütün uşaqları xilas etməli olan böyük bir dəyişiklik idi. Beləliklə, sağlamlığı təmin etmək üçün biz ilk növbədə bunu düşünməliyik. Digər mühüm cəhət ondan ibarətdir ki, bir xəstəliyin qarşısının alınması müalicədən daha yaxşıdır. Mən yalnız su və kanalizasiya haqqında qeyd etdim, lakin sistemli iştirak da var və ağlabatan inkişafın addımları bu gün düşünülməlidir”.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri inkişafın istiqamətləri barədə danışarkən onu da vurğulayıb ki, bu gün qidalanma məsələsi də təşviq edilməlidir: “Düzgün qidalanma xüsusilə ucqar rayonlarda yaşayan yoxsul analar üçün vacibdir. Belə olduqda, ilk növbədə, onlar uyğun çəkidə körpələr həyata gətirəcək. İkincisi, həmin körpələr ana südü ilə qidalana biləcəklər. Beləliklə, uşağın doğulmamışdan əvvəlki dövründə, yəni hamiləliyin son dövründə və həyatının ilk altı ayında normal inkişafdan danışa bilərik. Bütün bunlar çox vacibdir. Problemlərin ilk təzahürləri məhz buradadır. Bu gün teletibb və süni intellektlə keçmiş illərdə mümkün olmayan rabitə şəbəkələrinə çatmaq imkanımız var”, - deyə İsmail Serageldin əlavə edib.
Moldovanın sabiq Baş naziri Kiril Qaburiç bildirib ki, kiçik və ya kasıb ölkələr maliyyə vəsaiti əldə etməkdə çətinlik çəkirlər. Məlumatların paylanması bərabər deyil və çoxlu problemlər var. O, səhiyyə siyasəti, düzgün protokollar, səhiyyə xidmətlərinə çıxış və onların saxlanılması baxımından əlavə işlər görülməsinin əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, eyni zamanda, dövlət qurumları da ictimaiyyətə lazımi dəstəyi verməlidir.
İsrailin sabiq Prezidenti, Knessetin keçmiş sədri, Hadassah Tibb Təşkilatının İdarə Heyətinin sədri Daliya İtzik ölkəsinin ən böyük xəstəxanalarından birinin İdarə Heyətinin sədri kimi bu paneldə iştirak etməkdən şərəf duyduğunu söyləyib. Qlobal səhiyyə məsələsinin son dərəcə vacib olduğunu bildirən Daliya İtsiq qeyd edib ki, dünya müxtəlif səhiyyə siyasətlərinin tətbiqi fonunda pandemiyalar, iqlim dəyişikliyi və digər bu cür problemlərlə üzləşməyə davam edir: “Ona görə də bu problemləri qlobal nöqteyi-nəzərdən həll etmək üçün mən üzləşdiyimiz bir neçə vacib şərt haqqında düşünürəm. Birlikdə fəaliyyət göstərmək çox vacibdir. Xristian, müsəlman, yəhudi – hər kəs eyni vaxtda eyni müalicəni ala bilər. Biz xəstəxanamızda birgə mövcudluğumuzla fəxr edirik. Bütün icmalardan həkimlərimiz, müxtəlif ölkələrdən xəstələrimiz var. Biz bununla çox fəxr edirik. Nə qədər çox əməkdaşlıq etsək, işimiz dünyaya gözəl bir mesaj olacaq”, - deyə Daliya İtzik əlavə edib.
Beynəlxalq əməkdaşlığın əhəmiyyətindən danışan natiq körpələrin sərhəd nə olduğunu anlamadığını deyib: “Xalqlar arasında yeni tədqiq olunmuş və təcrübə mübadiləsi ilə öyrənilmiş bilikləri yaymaq, tibbi texnologiya və tədqiqatları davam etdirmək çox vacibdir”. Təbabətin sürətlə təkmilləşdiyini, tibbi yeniliklərin əmələ gəldiyini deyən Daliya İtzik onilliklər ərzində yaşanan fövqəladə hadisələrin bu prosesə mane olduğunu təəssüflə qeyd edib.
Qlobal Əməkdaşlıq Forumunun prezidenti Amir Dossal Azərbaycanın səhiyyə sektorunda gördüyü işlər, süni intellekt sahəsindəki nailiyyətləri barədə məlumat aldığını, ölkəmizdə bu sahədə görülən tədbirlərin təqdirəlayiq olduğunu qeyd edib. Onun sözlərinə görə, Azərbaycan bu sahədə digər ölkələrə kömək edə bilər.
"Hazırda 700 milyon insan qidalanma çatışmazlığından əziyyət çəkir. Biz bunun qarşısının alınması məsələsini yetərincə müzakirə etmirik. Düşünürəm ki, səhiyyənin milli mülkiyyətə çevrilməsi ilə biz bu problemin qarşısının alınması imkanlarını daha da artırırıq", - deyə Amir Dossal diqqətə çatdırıb.
Hadassah Tibb Təşkilatının Baş direktoru Yoram Veiss bildirib ki, dünyada demoqrafik dəyişikliklərlə yanaşı, elm də inkişaf edir. Elm həm də epidemiyanın baş verməsi, yeni bir pandemiya ehtimalı yaradır və hər kəs bunun fərqində olmalıdır. "Bununla yanaşı, antimikrob vasitələrdən istifadə çox problemlidir. Ona görə də bu məsələnin fərqində olmalıyıq", - deyə Y.Veiss vurğulayıb.
Panel sessiyada həmçinin BMT-nin Baş katibinin müavini, UNAIDS-nin İcraçı direktoru xanım Vinni Byanyima və digər rəsmilər çıxış ediblər.
Sonda mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.


Xəbəri paylaş



Mart 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova