Milli Məclis səhiyyə ilə əlaqəli bəzi qanunlara dəyişikliklər edib

Milli Məclis səhiyyə ilə əlaqəli bəzi qanunlara dəyişikliklər edib

Mart ayında Milli Məclisin yaz sessiyasında bir neçə plenar iclası keçirilib.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, ilk iclasda Ombudsman Səbinə Əliyeva 2024-cü ildə ölkədə insan hüquqlarının qorunması haqqında məruzəni təqdim edib.
İnsan hüquqları üzrə müvəkkil 2024-cü ilin ölkəmiz üçün bir sıra mühüm ictimai-siyasi hadisələr və qlobal əhəmiyyətli tədbirlərlə yadda qaldığını söyləyib. O, məruzədə əhalinin sağlamlığı məsələlərinə də toxunub.
Belə ki, sağlamlığın qorunması hüququnun səmərəli təmin edilməsi istiqamətində əhəmiyyətli islahatların aparılmasına baxmayaraq, hələ də bu sahədə müəyyən çətinliklərin olduğu qeyd edilib. İcbari tibbi sığortanın təminat verdiyi tibbi xidmətlər zərfinin genişləndirilməsinin, ölkəyə idxal edilən dərman vasitələrinin keyfiyyətinə nəzarətin gücləndirilməsinin, onkoloji xəstəliklərin müalicəsində istifadə olunan dərman preparatlarının spektrinin genişləndirilməsinin vacibliyi vurğulanıb. Səhiyyə müəssisələri tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədilə müvafiq göndərişlərin düzgün rəsmiləşdirilməsi və süründürməçilik hallarının aradan qaldırılması üçün tibb işçilərinin peşəkarlığının artırılmasının, sənədləşmə prosesinin sadələşdirilməsinin zəruriliyindən söhbət açılıb.
Məruzədə qeyd olunub ki, həssas əhali qrupuna aid edilən əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi, onların cəmiyyətin tamhüquqlu üzvləri kimi inteqrasiyasının təmin edilməsi üçün tibb, təhsil, sosial xidmət və digər müəssisələrdə, həmçinin nəqliyyat sistemində və yollarda əlilliyi olan şəxslərin həyat fəaliyyəti üçün əlverişli şəraitin yaradılmasında mövcud çətinliklərin aradan qaldırılması zəruridir.
Diqqətə çatdırılıb ki, Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində saxlanılan şəxslərlə rəftar məsələləri, saxlanma şəraiti, habelə müvafiq sənədləşmənin araşdırılması məqsədilə aidiyyəti dövlət qurumlarının müəssisələrinə başçəkmələr zamanı həmin şəxslərin hüquqlarının təmini vəziyyəti öyrənilib, müraciətləri araşdırılıb. İllik məruzədə həbs yerlərində saxlanılan şəxslərin və məhkumların sağlamlıq hüquqlarının daha effektiv təmini üçün tibbi məlumatların elektron qeydiyyatının aparılması, müəssisələrdə tibbi xidmətlərin sosial xidmətlərə daha sıx inteqrasiyası üzrə zəruri tədbirlərin görülməsi təklif edilib.
Müzakirələrdə parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc həbs yerlərində saxlanılan şəxslərin və məhkumların hüquqlarının müdafiəsi, ağır xəstə məhkumların cəzadan azad olunmalarına dair məhdudiyyətlərin aradan qaldırılması, təqdimatların göndərilməsindəki problemlərin həlli zəruriliyindən danışıb. Komitə sədri sənəddə hərbi qulluqçuların hüquqlarının müdafiəsi ilə bağlı çağırışçıların sağlamlıq vəziyyətinin müəyyən edilməsi və bir sıra digər məsələlər barədə fikirlərini açıqlayıb.
Müzakirələrdən sonra Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2024-cü ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsinin nəzərə alınması barədə qərar layihəsi qəbul edilib.
Birinci oxunuşda müzakirəyə çıxarılan qanun layihələrinə baxılması zamanı Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Mülki Prosessual Məcəlləsində, Ailə Məcəlləsində, Cinayət Məcəlləsində, Vergi Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində, “Sosial sığorta haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Uşaq hüquqları haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında”, “Dövlət rüsumu haqqında”, “İcra haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Sosial müavinətlər haqqında”, “Əmək pensiyaları haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyaya qoşulmaq barəsində”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib.
Bildirilib ki, layihə "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Qanunda dəyişiklik edilməsi barədə" 2021-ci il 22 iyun tarixli 346-VIQD nömrəli Qanunun icrası ilə əlaqədar hazırlanıb. Dəyişikliklərə əsasən, bir sıra qanunlarda "18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər" sözləri "əlilliyi olan uşaqlar" sözləri ilə əvəz edilir. Qanun layihəsi Birləşmiş Millətlər Təşkilatının "Əlilliyi olan şəxslərin hüquqları haqqında" 2006-cı il tarixli Konvensiyasının tələbləri çərçivəsində istifadə edilən terminlərin uyğunlaşdırılmasını kompleks şəkildə nəzərə almaqla, qanunvericilik sistemində əlilliyi olan uşaqlara münasibətdə terminoloji vahidliyi təmin edəcək.
Sonra Hüquq siyasəti və dövlət quruculuğu, Ailə, qadın və uşaq məsələləri, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Səhiyyə və İnsan hüquqları komitələrinin sədrləri məsələ barədə bu komitələrdə müsbət rəy verildiyini diqqətə çatdırıblar.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Parlamentin martda keçirilən digər bir iclasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Üzümçülük və şərabçılıq haqqında”, “Dərman vasitələri haqqında” və “Reklam haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib. O, rəqəmsal mühitdə reklam fəaliyyətinin tənzimlənməsinə zərurət yarandığını və sənəddə nəzərdə tutulan dəyişikliklərin reklam fəaliyyətindəki yeniliklərlə bağlı olduğunu söyləyib.
Diqqətə çatdırılıb ki, layihədə “reklam daşıyıcısı olan rəqəmsal platforma reklamları" (reklamın yayımlanması üçün istifadə olunan internet informasiya ehtiyatı, informasiya-telekommunikasiya şəbəkəsi və ya onların mobil tətbiqləri) "Reklam haqqında" Qanunun tənzimləmə dairəsinə daxil edilir. Bununla yanaşı, yeni "rəqəmsal platforma təsirçisi" anlayışı gətirilir və bununla reklam subyekti üçün müəyyən edilmiş hüquqların, vəzifələrin və məsuliyyətin rəqəmsal platforma təsirçisinə də şamil edilməsi təmin edilir. Rəqəmsal platforma təsirçisi tərəfindən həyata keçirilən reklam yayımına dair bir sıra tələblər və qadağalar da müəyyən edilir. Sənəddə həmçinin təklif olunur ki, reklam daşıyıcısının xüsusiyyətlərinə görə müvafiq lisenziyanın və sertifikatın olması barədə məlumat verilməli və reklam istehlakçısının müvafiq məlumatla tanış olması üçün şərait yaradılmalıdır.
Qeyd olunub ki, qanun layihəsi istehlakçıların hüquqlarının qorunmasına, reklam fəaliyyətinə dövlət nəzarətinin gücləndirilməsinə yönəlib.
Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev, Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov qanun layihəsinin bu komitələr tərəfindən dəstəkləndiyini bildiriblər.
Məsələ ətrafında müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.


Xəbəri paylaş



Mart 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova