Özbəkistan – Azərbaycan səhiyyə dekadası

Özbəkistan – Azərbaycan səhiyyə dekadası

Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan və Özbəkistan səhiyyə nazirliklərinin təşkilatçılığı ilə Daşkənddə və Özbəkistanın digər şəhərlərində Ümummilli Lider Heydər Əliyevin 100-illik yubileyinə həsr edilmiş Özbəkistan – Azərbaycan səhiyyə dekadası keçirilib.

Azərbaycan cərrahları Özbəkistanda əməliyyatlar ediblər

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, dekada çərçivəsində Özbəkistanın ixtisaslaşmış tibb mərkəzləri və aparıcı regional tibb müəssisələrində yüksək texnologiyalı əməliyyatlar, təlimlər, minimal invaziv cərrahiyyə, oftalmologiya, onkologiya, ginekologiya və digər istiqamətlər üzrə birgə konsultasiyalar təşkil edilib.
Görüşlər zamanı səhiyyə sisteminin rəqəmsallaşdırılması, əczaçılıq, xalq təbabəti, tibb təhsili və təbabət elmi sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələləri müzakirə olunub.
Azərbaycan Səhiyyə Nazirliyinin tabeliyindəki və digər səhiyyə müəssisələrinin 14 nəfər yüksəkixtisaslı həkimləri özbəkistanlı həmkarları ilə birlikdə əhaliyə müasir tibbi avadanlıqlar vasitəsilə, yüksək peşəkarlıqla müxtəlif cərrahiyyə əməliyyatları icra ediblər, müayinələr aparıb, müalicələr təyin ediblər.
Cərrahiyyə əməliyyatları paytaxt Daşkəndlə yanaşı, Özbəkistanın Səmərqənd, Xarəzm, Buxara, Nəvai və digər bölgələrində aparılıb.
Tibbi prosedurlar neonatal minimal invaziv cərrahiyyə, uşaq cərrahiyyəsi, transplantologiya, minimal invaziv laparoskopik və histeroskopik cərrahiyyə, travmatologiya və ortopediya, onkologiya və oftalmologiya, ağır rekonstruktiv əməliyyatlar kimi sahələri əhatə edib.
Daşkənd, Səmərqənd, Cizak və Sırdərya vilayətlərində uşaq cərrahiyyəsi, transplantologiya əməliyyatları, Sırdərya və Buxara vilayətlərində oftalmologiya və gözün mikrocərrahiyyəsi prosedurları icra olunub. Səmərqənd, Buxara və Nəvai vilayətlərində travmatologiya və ortopediya, Namangəh və Xarəzm vilayətlərində isə onkologiya, oftalmologiya üzrə əməliyyatlar həyata keçirilib. Eyni zamanda, bud-çanaq total endoprotez, diz oynağının total artroplastikası, böyrək transplantasiyası, skolioz deformasiyası və digər mürəkkəb əməliyyatlar da müsbət nəticələrlə tamamlanıb.
İcra olunan birgə cərrahiyyə əməliyyatları Özbəkistanın müxtəlif aparıcı media resurslarında geniş şəkildə işıqlandırılıb.
Ümumilikdə, Özbəkistan – Azərbaycan səhiyyə dekadası çərçivəsində 100-dən artıq birgə cərrahiyyə əməliyyatları icra olunub.
Bu layihə iki qardaş ölkənin səhiyyə sahəsindəki əlaqələrini yeni müstəviyə keçirir. Birgə cərrahi əməliyyatlar səhiyyə sahəsində uğurlu bir tarixin başlanğıcıdır. Birgə fəaliyyət iki ölkənin praktiki tibbi təcrübə mübadiləsinin keyfiyyətcə yeni istiqamətdə inkişafına şərait yaradır. Həmçinin vahid məkanda birgə əməliyyatların real vaxt rejimində aparılması tibbi peşəkarlığın artırılmasına xidmət edir.

Səhiyyə nazirinin görüşləri

Özbəkistan – Azərbaycan səhiyyə dekadası çərçivəsində Azərbaycan səhiyyə naziri Teymur Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti qardaş ölkəyə səfər edib.
Nümayəndə heyəti Daşkənddə yaradılmış Heydər Əliyev Meydanını və burada ucaldılmış böyük memorial kompleksi ziyarət edib, Ulu Öndərin abidəsi önünə tər gül dəstələri qoyub, xalqımızın Ümummilli Liderinin əziz xatirəsini ehtiramla yad edib.
Sonra nümayəndə heyəti Azərbaycan Respublikasının Özbəkistandakı səfirliyində olub.
Səhiyyə dekadası çərçivəsində Özbəkistanın səhiyyə naziri Amrillo İnoyatovun Azərbaycanın səhiyyə naziri Teymur Musayevlə ikitərəfli görüşü də keçirilib.
Səmimi mühitdə keçən görüşdə qardaş ölkələr arasında ikitərəfli münasibətlər və əməkdaşlığın yüksək səviyyədə olduğu vurğulanıb. Bildirilib ki, hər iki ölkənin rəhbərlərinin qarşılıqlı səfərləri dövlətlərarası dostluğun bariz nümunəsidir.
Qeyd olunub ki, Heydər Əliyev Fondunun dəstəyi ilə reallaşan səhiyyə dekadası çərçivəsində keçirilən tədbirlər ikitərəfli əməkdaşlığın dərinləşməsi, səhiyyə sahəsində təcrübə mübadiləsinin gücləndirilməsi, dövlət-özəl tərəfdaşlığının stimullaşdırılması, bu sahəyə əlavə investisiyaların cəlb edilməsi üçün geniş imkanlar yaradır. Dekada çərçivəsində Azərbaycanın Səhiyyə Nazirliyinin həkim mütəxəssislərinin özbəkistanlı həmkarları ilə birgə keçirdikləri cərrahi əməliyyatlar, müayinə və müalicə prosedurları yüksək qiymətləndirilib. Vurğulanıb ki, bu tədbir qarşılıqlı əməkdaşlığı yeni müstəviyə keçirməklə, hər iki ölkənin həkimlərinin praktiki biliklərinin artırılması və əhalinin sağlamlığının qorunmasında yeni imkanlar açır.
Görüş zamanı qarşılıqlı maraq kəsb edən digər məsələlərə dair fikir mübadiləsi də aparılıb.
Azərbaycanın səhiyyə naziri Teymur Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti səhiyyə dekadası çərçivəsində Akademik V.Vahidov adına Respublika İxtisaslaşdırılmış Elmi-Praktiki Cərrahiyyə Mərkəzində olub. Burada Teymur Musayev səhiyyə dekadası çərçivəsində əməliyyat olunan vətəndaşlar və Azərbaycandan gələn həkimlərlə görüşüb.
Nümayəndə heyəti Respublika İxtisaslaşmış Göz Mikrocərrahiyyə Mərkəzi, Milli Uşaq Tibb Mərkəzi, Elmi-Praktik Travmatologiya və Ortopediya Mərkəzi və M-klinika ilə də tanış olub.

Daşkənddə Özbəkistan – Azərbaycan səhiyyə forumu

Daşkənddə Özbəkistan – Azərbaycan səhiyyə dekadası çərçivəsində Özbəkistan-Azərbaycan səhiyyə forumu da keçirilib.
Hər iki ölkənin səhiyyə nazirliklərinin, Özbəkistanın aidiyyəti dövlət qurumlarının, tibb təhsil ocaqlarının nümayəndələrinin, Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfirinin, alim və həkimlərin iştirak etdikləri forum səhiyyə və tibb elmi sahəsində iki ölkədə əldə olunan nailiyyətlər, tətbiq edilən innovasiyalar, səhiyyənin rəqəmsallaşdırılması, əhalinin sağlamlığının qorunması sahəsində görülən işləri müzakirə etmək və iki ölkənin həkim mütəxəssisləri arasında təcrübə mübadiləsi aparmaq məqsədi daşıyıb.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotosərgi və kitab kolleksiyası ilə tanış olublar.
Tədbirdə öncə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti barədə film nümayiş etdirilib.
Forumun açılışında çıxış edən Özbəkistanın səhiyyə naziri Amrillo İnoyatov səhiyyə sahəsində əməkdaşlıq çərçivəsində iki ölkə arasında sıx tərəfdaşlığın olduğunu vurğulayıb. Nazir ölkələrimiz arasında münasibətlərin uğurlu davamı kimi keçirilən Özbəkistan – Azərbaycan səhiyyə dekadası çərçivəsində Azərbaycan Səhiyyə Nazirliyinin həkim mütəxəssislərinin özbəkistanlı həmkarları ilə birgə yüksək texnoloji avadanlıqlar vasitəsilə 100-dən artıq cərrahiyyə əməliyyatı icra etməsini, müayinə və müalicə aparmasını yüksək qiymətləndirib. O, dekadanın nəticələrinə yekun vuran Forumun iki ölkə arasında əlaqələri keyfiyyətcə yeni müstəviyə qaldıracağını söyləyib.
Forumda çıxış edən Azərbaycanın səhiyyə naziri Teymur Musayev bildirib: “2023-cü il ölkəmizdə adları Azərbaycan tarixinə qızıl hərflərlə yazılan iki böyük şəxsiyyətin – dahi siyasi xadim, müasir Azərbaycanın memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın elm və təbabət tarixində silinməz izlər qoyan görkəmli alim və həkim, əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın 100-illik yubileylərinin keçirilməsi ilə əlamətdardır”.
Bu dekadanı “xalqlarımızın və dövlətlərimizin dostluğunun və qardaşlığının ifadəsi, ölkələrimizin daha da yaxınlaşmasına, qardaşlığımızın möhkəmlənməsinə xidmət edən addım” adlandıran nazir səhiyyə ongünlüyü müddətində gərgin zəhməti, yorulmaz qonaqpərvərliyi ilə qardaşlıq missiyasının təşkilinə verdiyi dəstəyə görə nazir Amrillo İnoyatova və Özbəkistan tibb ictimaiyyətinə təşəkkürünü ifadə edib.
Ulu Öndər Heydər Əliyevin digər sahələrlə yanaşı, ölkəmizdə səhiyyənin də inkişafında misilsiz rolundan danışan nazir qeyd edib ki, Azərbaycan – Özbəkistan münasibətlərində Ümummilli Lider Heydər Əliyevin bizə miras qoyduğu irs ümumi köklərimizə, ortaq tariximizə, mədəni yaxınlığımıza əsaslanan qardaşlıq və dostluqdur.
Azərbaycan və Özbəkistanın səhiyyə nazirlikləri arasında uğurlu əməkdaşlıq əlaqələri barədə danışan Teymur Musayev vurğulayıb: “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi Daşkənd Həkimləri Təkmilləşdirmə İnstitutu, İxtisaslaşmış Göz Mikrocərrahiyyəsi Mərkəzi ilə sıx əməkdaşlıq edir. Azərbaycan Tibb Universiteti ilə Daşkənd Tibb Akademiyası, İbn Sina adına Buxara Dövlət Tibb İnstitutu arasında tibb elmi sahəsində əməkdaşlığı ehtiva edən Anlaşma memorandumları imzalanıb. Əczaçılıq sahəsində əməkdaşlığımız inkişaf edir. Özbəkistan şirkətlərinin istehsal etdiyi 37 adda dərman vasitəsi Azərbaycanda dövlət qeydiyyatından keçib. Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi ilə Özbəkistan Respublikasının Əczaçılıq Sənayesinin İnkişafı Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb”.
Qeyd edilib ki, 2023-cü ildə müxtəlif sektorlar üzrə əlaqələrin inkişafı dinamik xarakter alıb. Belə ki, bu ilin fevral ayında Daşkənddə birinci Azərbaycan – Özbəkistan Regionlararası Forumu keçirilib, Şuşa – Xivə, Gəncə – Səmərqənd, Lənkəran – Buxara, Şəki – Kokand şəhərləri arasında qardaşlaşma haqqında sənədlər, Bakı və Daşkənd şəhərləri arasında əməkdaşlığa dair yol xəritəsi, Azərbaycan – Özbəkistan İnvestisiya Fondunun yaradılması haqqında Saziş qüvvəyə minib. Heydər Əliyev Fondunun dəstəyi ilə Ümummilli Liderin 100 illik yubileyi çərçivəsində Azərbaycanın Astara rayonunda keçirilən beynəlxalq konqresdə Özbəkistan nümayəndə heyəti iştirak edib.
“Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın uğurla rəhbərlik etdiyi Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətinin prioritetlərindən biri də məhz səhiyyə sahəsidir. Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü və iştirakı ilə Fond tərəfindən səhiyyənin inkişafı və tərəqqisi istiqamətində bir çox uğurlu layihələr həyata keçirilib”,- deyə Teymur Musayev bildirib.
“Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 2023-cü il Azərbaycan üçün Konstitusiya ilə müəyyən olunmuş ərazi bütövlüyü ilə bağlı hüquqların bərqərar olduğu il kimi tarixə yazılıb. Azərbaycan silahlı qüvvələrinin həm 44-günlük Vətən müharibəsi, həm də bu ilin sentyabr ayında keçirilən antiterror tədbirləri zamanı qazandığı möhtəşəm zəfər hər bir vətəndaşı qürurlandırıb. İşğaldan azad edilən əzəli Azərbaycan torpaqlarında qardaş ölkələr bərpa-quruculuq işlərində fəal iştirak edirlər”, - deyə nazir vurğulayıb.
Bu gün Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi altında, əhalinin sağlamlığının qorunmasına yönəldilmiş genişmiqyaslı islahatların həyata keçirildiyini bildirən nazir qeyd edib: “Bu yanaşmanın davamıdır ki, Ulu Öndərin 100-illik yubileyi çərçivəsində Azərbaycanın peşəkar həkimləri Özbəkistanda qardaşlıq missiyasını uğurla icra ediblər. Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil olunan bu tədbir xalqlarımız arasında olan qardaşlıq bağlarını daha da möhkəmləndirib. Xoşməramlı missiyanın davamı olaraq qardaş Özbəkistanın 50 həkim və 50 orta tibb işçisinin ixtisasartırma təlimlərində iştirak və təcrübə mübadiləsi aparmaq məqsədilə Azərbaycana səfərini təklif edirəm”.
Forumda çıxış edən, Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev qardaş ölkələr arasında ikitərəfli münasibətlərin və əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib. Onun sözlərinə görə, hər iki ölkənin rəhbərlərinin qarşılıqlı səfərləri bu dostluğun bariz nümunəsidir.
Tədbirdə Heydər Əliyev Fondunun nümayəndəsi Şamil Əzizov Fondun genişmiqyaslı fəaliyyəti, o cümlədən səhiyyənin inkişafı sahəsində həyata keçirdiyi uğurlu layihələr barədə məlumat verib.
Forumda Azərbaycan həkimlərinin adından çıxış edən Azərbaycan Tibb Universitetinin Uşaq cərrahiyyəsi kafedrasının müdiri professor Ramiz Poluxov elmi və klinik təcrübələrdə yeni yanaşmalar, səhiyyə dekadası çərçivəsində birgə icra edilən cərrahiyyə əməliyyatları, aparılan müayinələr və praktiki tibbi təlimlərin nəticələri barədə məlumat verib.
Həmçinin tədbirin digər iştirakçıları tərəfindən səhiyyə sektorunda transformasiyalar, klinik praktikada yeni diaqnostika və müalicə üsulları, ikitərəfli əməkdaşlığın perspektivləri mövzularında çıxışlar edilib.
Forumun sonunda Özbəkistan Respublikasında səhiyyənin inkişafında mühüm xidmətlər göstərən, Özbəkistan – Azərbaycan səhiyyə dekadası çərçivəsində cərrahiyə əməliyyatları, tibbi müayinə və müalicələr aparan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin həkim mütəxəssislərinin və tədbir təşkilatçılarının mükafatlandırılması mərasimi keçirilib.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova