Bakıda akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş beynəlxalq elmi-praktik konfrans keçirilib
Bakıda, Heydər Əliyev Mərkəzində Əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Oftalmologiyanın aktual problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfransın açılış mərasimi keçirilib.
Tədbirdə Səhiyyə Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), tibb ictimaiyyətinin nümayəndələri, Milli Məclisin deputatları, digər dövlət orqanlarının rəhbər şəxsləri və nümayəndələri, həmçinin Türkiyə, Rusiya, İsrail, Ukrayna, Gürcüstan, Avstriya, Qazaxıstan və Özbəkistandan gəlmiş görkəmli oftalmoloqlar iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ümummilli Lider Heydər Əliyevin, akademik Zərifə Əliyevanın və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransda giriş sözü ilə çıxış edən səhiyyə naziri Teymur Musayev tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə xanım Əliyevanın şərəfli həyat yolu keçdiyini, elm fədaisi kimi oftalmologiyanın, ümumilikdə, tibb elminin inkişafında əvəzsiz rol oynadığını söyləyib. Bildirib ki, Zərifə xanım Əliyeva elmdə heç vaxt asan yol axtarmayıb, həmişə keçilməmiş yollarla gedib, yeni cığırlar salıb, elmi araşdırmaları üçün praktiki əhəmiyyət daşıyan aktual mövzular seçib. Onun namizədlik dissertasiyasının həsr olunduğu traxoma xəstəliyi də, doktorluq dissertasiyasının mövzusu olan peşə fəaliyyəti ilə bağlı göz xəstəlikləri də həmin dövrdə həllini tələb edən ciddi problemlər idi. Zərifə xanımın tədqiqatları bu çətinliklərin həllinə vəsilə oldu. Elmi araşdırmalar zamanı Zərifə xanım tədqiq etdiyi xəstəliyin yayıldığı bölgələri gəzir, yerlərdə müayinələr aparırdı. Peşə fəaliyyəti ilə bağlı görmə problemlərini öyrənmək üçün dünyada sənaye müəssisəsində təşkil olunan ilk elmi-tədqiqat laboratoriyasını yaratmış, müxtəlif maddələrin gözə təsirini kimya sənayesi işçilərinin iş yerində araşdırmışdı.
Nazir qeyd edib ki, Zərifə xanımın təkcə bu xəstəliklər üzrə deyil, qlaukoma, gözün travmaları, virus zədələnmələri, bədxassəli şişləri, göz yaşı yolu xəstəlikləri və digər problemləri əhatə edən ümumilikdə 200-ə qədər monoqrafiya, məqalə və məruzələri həm ölkəmizdə təbabət elminin, həm də bütünlükdə dünya oftalmologiyasının inkişafına dəyərli töhfələr idi. Məhz buna görə o, elm qarşısında böyük xidmətlərinə, çoxillik elmi-tədqiqat işlərinə görə Azərbaycanın Əməkdar elm xadimi fəxri adı ilə təltif olunmuş, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdi.
Teymur Musayev diqqətə çatdırıb ki, Zərifə xanımın xoşbəxt ailə həyatı onun peşə uğurları qazanmasında, özünü elmin inkişafına həsr etməsində əlavə qüvvətverici amil idi. Ulu Öndər Heydər Əliyev Zərifə xanıma onun peşəkar fəaliyyətində həmişə mənəvi dəstək olurdu. Ümummilli Lider Zərifə xanımı həmişə bir şəxsiyyət kimi yüksək dəyərləndirir, ailənin onun elmi fəaliyyətinə mane olmaması üçün lazımi şərait yaradır, elmi ekspedisiyalarını, ezamiyyətlərini anlayışla qarşılayırdı. Məhz bu anlayış, bu dəstək Zərifə xanıma elmi və pedaqoji fəaliyyətində özünü reallaşdırmasında köməkçi olmuşdu. Zərifə xanımın ailə həyatı indiki və gələcək nəsillər üçün hər cəhətdən nümunədir.
Milli Oftalmologiya Mərkəzinin direktoru, professor Elmar Qasımov görkəmli alim, akademik Zərifə xanım Əliyevanın Azərbaycan elmini, oftalmologiyasını inkişaf etdirdiyini və bütün dünyada tanıtdırdığını bildirərək deyib: “1940-1950-ci illərdə Azərbaycanda geniş yayılan traxoma kimi ağır bir xəstəliyin aradan qalxmasında Zərifə xanımın müstəsna rolu olub. Araşdırmalar nəticəsində traxomanın sintomisinlə müalicəsində uğurlu nəticə əldə edən Zərifə xanım bununla bağlı namizədlik dissertasiyasını müdafiə edib. Zərifə xanımın elmi fəaliyyəti, klinik işləri çoxşaxəlidir. Peşə patologiyası ilə məşğul olmağa başlayan Zərifə xanım keçmiş ittifaqda ilk dəfə olaraq Bakı məişət kondisionerləri zavodunda unikal laboratoriya da yaratmağa nail olmuşdu. İki hissədən ibarət olan həmin laboratoriyada pasiyentlərin müayinə və müalicəsi ilə yanaşı, elmi axtarışlar aparılırdı. Həmin elmi fəaliyyətin nəticəsi kimi, Zərifə xanım Azərbaycanda neft və kimya sənayesinin işçilərində peşə patologiyasına dair doktorluq dissertasiyasını müdafiə edib.
Zərifə xanım hər zaman gənc həkimlərə deyərdi ki, həkim xəstə üçün ən doğma insan olmalı və ona xoş münasibət bəxş etməlidir. Onun deontologiya elminə qızıl hərflərlə yazılan həmin tövsiyəsi səhiyyə sahəsində fəaliyyət göstərən bütün tibb və qeyri-tibb işçilərinin fəaliyyətinin əsasını təşkil edir. Zərifə xanımın oftalmologiya sahəsinə dair elmi əsərləri, monoqrafiyaları bu gün də öz aktuallığını itirməyib. Akademikin zəngin irsi gənc alimlər tərəfindən öyrənilir”.
Zərifə xanımın oftalmologiya elminin əsl fədaisi olduğunu deyən E.Qasımov bildirib ki, onun ən böyük arzularından biri Bakıda böyük oftalmoloji mərkəzin fəaliyyət göstərməsi idi. Zərifə xanım buna şahid olmasa da, onun arzusu həyata keçib. Paytaxtımızda fəaliyyət göstərən və görkəmli oftalmoloq-alimin adını daşıyan Milli Oftalmologiya Mərkəzi beynəlxalq standartlara cavab verən müasir diaqnostik avadanlıqla təchiz olunub. Mərkəzdə oftalmologiyanın bütün sahələrini əhatə edən şöbələr və yüksəkixtisaslı mütəxəssislər fəaliyyət göstərir. Bununla yanaşı, mərkəzin Gəncə, Şəki və Masallıda filialları, iki səyyar klinikası da var.
“Bu gün əminliklə deyə bilərik ki, Azərbaycanda oftalmologiya elminin inkişafı birbaşa akademik Zərifə xanım Əliyevanın adı ilə bağlıdır. O, zəhmətkeşliyi, yorulmaz fəaliyyəti, səmimi münasibəti ilə xəstələrin, onu tanıyanların hörmət və məhəbbətini qazanmışdı. Zərifə xanımın həyat yolu, elmi istiqamətləri, həkimlik fəaliyyəti bizim üçün hər zaman örnəkdir. Onun əziz xatirəsi daim qəlbimizdə yaşayacaq”, - deyə E.Qasımov qeyd edib.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bildirib ki, çoxtərəfli elmi, pedaqoji, geniş ictimai fəaliyyətlə məşğul olan akademik Zərifə xanım Əliyeva Azərbaycanda tədqiqatı nisbətən geri plana atılmış göz xəstəliklərinin müalicəsinin araşdırılması və tətbiqini özü üçün tədqiqat sahəsi seçərək, bu sahədə praktik həkimlikdən Akademiyanın həqiqi üzvlüyünə qədər şərəfli yol keçib.
Zərifə xanımla uzun illər çalışmış həmkarları Rusiya Tibb Elmləri Akademiyasının akademikləri Alevtina Brovkina və Larisa Maşetova görkəmli alim haqqında xatirələrini bölüşüb, onun işinə sevgi ilə yanaşmasından, ölkəsində oftalmologiyanın inkişafı üçün gördüyü işlərdən söz açıblar. Zərifə xanımın hər kəsin sevgisini qazandığını, böyük akademik və elm sahəsində lider olduğunu söyləyən akademiklər bildiriblər ki, görkəmli oftalmoloq-alimin elmi işləri bu gün də sanballı mənbə kimi istifadə olunur.
Çıxışında tibb elminin yeni istiqamətlərinin işlənib hazırlanmasında Zərifə xanımın xidmətlərindən danışan Türkdilli Ölkələrin Oftalmoloji Cəmiyyətinin (TCOD) təsisçisi və sədri Sunay Duman akademik Zərifə Əliyevanın 100 illik yubileyi ilə əlaqədar keçirilən konfransda iştirakdan məmnunluğunu bildirərək deyib: “Zərifə xanımla şəxsi tanışlığım və xatirələrim olmasa da, alim haqqında oxuduqlarıma, tələbələrinin, həmkarlarının danışdıqlarına əsasən onun əfsanəvi insan olduğunu deyə bilərəm. Həkim ailəsində dünyaya gələn Zərifə xanım həyat yolunu əvvəldən müəyyən etmişdi. İnsanların gözlərinə nur bəxş etməyi hədəfləyən Zərifə xanım məqsədinə çatmaq üçün çox qərarlı idi. Peşəsinə aşiq olan mükəmməl, qayğıkeş həkim, çox yaxşı həyat yoldaşı, mehriban ana idi. Səmimiyyəti və bacarığı ilə onu tanıyanlar tərəfindən sevilib təqdir edilirdi. Belə bir deyim var: hər uğurlu kişinin arxasında güclü qadın dayanır. Akademik Zərifə Əliyeva da dahi siyasətçi, Ulu Öndər Heydər Əliyevin arxasında dayanan qadın idi. Zərifə xanım qalib lider Prezident İlham Əliyev kimi böyük şəxsiyyəti yetişdirmiş anadır”.
Çıxışlardan sonra akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin fəaliyyəti haqqında videotəqdimat olub.
Tədbirin sonuncu günündə akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində konfransın elmi hissəsi keçirilib. Yerli və beynəlxalq mütəxəssislər görmə orqanının xəstəliklərinə, oftalmologiyanın aktual problemlərinə dair məruzələrlə, təqdimatlarla çıxış ediblər. Mövzular ətrafında müzakirələr aparılıb.